Onlayn ictimai-siyasi qəzet
Vladimir Putin ad günündə doğulduğu Sankt-Peterburqa səfər edib. O, Müdafiə Nazirliyinin, Baş Qərargahın rəhbərliyi və Şimal Hərbi Dairəsinin qoşun qruplaşmalarının komandirləri ilə birlikdə Romanovlar məqbərəsini - Pyotr və Pavel kafedralını ziyarət edib. Putin qeyd edib ki, bura əsas etibarilə müasir Rusiyanı yaradan insanların məzarlığıdır. O, hərbçilərin keşişin hekayəsini dinləməkdə maraqlı olacağına ümid etdiyini bildirib.
Baş kafedrala baş çəkdikdən sonra hərbçilərlə görüşdə Putin bəyan edib ki, Ukrayna savaşında strateji təşəbbüs tamamilə Rusiyaya məxsusdur, ölkənin dərinliyinə zərbə endirmək cəhdləri vəziyyəti dəyişməyəcək. “Bizim ümumi vəzifəmiz dəyişməz olaraq qalır - biz xüsusi hərbi əməliyyat zamanı qoşunların qarşısında duran bütün məqsədlərə qeyd-şərtsiz nail olmağı təmin etməliyik”, - Putin deyib.
Məlumdur ki, Putin öz hakimiyyətini Pyotrun dövrü ilə müqayisə etməyi sevir. Məsələn, Ukrayna müharibəsi başladıqdan sonra Putin çıxışlarında Pyotrı tez-tez yada salır, “onun Rusiyanın torpaqlarına genişləndirmək” xidmətlərindən heyranlıqla danışır. Putin də Pyotrın əldə etdiyi “nailiyyətləri” davam etdirmək niyyətin gizlətmir.
Bəllidir ki, Pyotrın əsas hədəflərindən biri yeni ərazilər zəbt etmək idi. Onun hakimiyyətə gələndən sonra ilk işi Türkiyəyə hücum etmək olmuşdu. Bu niyyətlə çıxdığı yolda bir neçə Avropa dövlətini öz tabeliyinə almışdı. Ölkəsini dünyanın hakim qüvvələrindən birinə çevirmişdi. Rus ordusunun Azərbaycan torpaqlarına ilk gəlişi də məhz I Pyotrun adı ilə bağlıdır. Belə ki, 1721-ci ildə Şirvanda baş verən üsyan zamanı rus tacirləri qarət edildi. Bu isə Rusiya hökumətinə Xəzərboyu Azərbaycan torpaqlarını işğal etmək məqsədini həyata keçirmək üçün bəhanə oldu. I Pyotr 1722-ci ilin yayında Həştərxandan iki istiqamətdə - quru və dəniz yolu ilə yürüşə başladı.
Azərbaycan xalqına qanlı faciələr gətirəcək erməni probleminin təməli də elə Pyotrun hakimiyyəti dövrdə qoyulub. Rusiya Xəzərsahili torpaqları işğal etdikdən sonra I Pyotr bu yerlərdə möhkəmlənmək üçün müxtəlif vasitələrə əl atırdı. Bu vasitələrdən biri də xristian əhalinin, xüsusən ermənilərin yeni ərazilərdə yerləşdirilməsi idi. I Pyotrun Xəzərsahili vilayətlərə yürüşü ilə Cənubi Qafqaz Rusiya siyasətində prioritet təşkil etməyə, ermənilər isə rusların məqsədə çatması üçün vasitəyə çevrilməyə başlayır. I Pyotrun siyasətinin davamı olaraq Rusiya Cənubi Qafqazda özünə dayaq yaratmaq üçün işğal etdiyi Azərbaycan torpaqlarına, xüsusən Qarabağın dağlıq rayonlarına, keçmiş İrəvan və Naxçıvan xanlıqlarının ərazisinə qonşu ölkələrdən kütləvi surətdə erməni əhalisini köçürdü.
Türkiyə ilə həmsərhəd olan Qərbi Azərbaycan torpaqlarında - keçmiş İrəvan və Naxçıvan xanlıqları ərazisində süni surətdə və xüsusi məqsədlə “Erməni vilayəti” yaradıldı. Bununla Azərbaycan torpaqlarında gələcək erməni dövlətinin əsası qoyuldu. Azərbaycanda lənətlənən Rusiya imperiyası çarına Putinin aşırı rəğbətini ad günündə də göstərməklə dünyaya, elə onun siyasətindən yüz illərlə əziyyət çəkən Azərbaycana, Qafqaz xalqlarına da mesaj hesab olunur.
Akif Nağı
Azad Vətən Partiyasının sədri, tarix elmləri namizədi və dosent Akif Nağı “Yeni Müsavat”a bildirdi ki, tarix müəyyən məsələlərdə təkrarlanır. Onun fikrincə, Putin, ümumiyyətlə, kilsəyə yaxın siyasi liderdir. A.Nağı xatırlatdı ki, 90-cı illərin çətin vaxtlarında Vladimir Putin təqib olunurdu və həmin zaman gedib kilsədə gizlənmişdi. “Ona görə də kilsəyə xüsusi əhəmiyyət verir və Pepterburqu həmişə diqqətdə saxlayır, bu gün də şəhər Rusiyanın ikinci mərkəzi olaraq qalmaqdadır. Elə Pyotr da o zamanlar Moskvanı arxa plana çevirirdi, diqqəti Peterburqa yönəldirdi. Odur ki, kafedral kilsəyə keçdi və ora ziyarət başlandı. Hündürlüyü də Moskvadakı kilsə qülləsindən uca oldu. Dünyada da ən hündür kilsə kafedralından hesab edilirdi. Sadəcə, Putin özünü imperatorlarla müqayisə etməyi xoşlayır. Özünü daha çox Stalinə bənzədir. Həmçinin Pyotrla da müqayisə edir. O mənada ki, Pyotr imperiyanı yaradırdı, Putinin dövrü isə onun çöküşü dövrüdür. Təxminən yaranışı ilə süqutunda oxşarlıqlar var”.
A.Nağı qeyd etdi ki, Putin rus imperiyasının sonuna yaxınlaşdığını anlayır: “Amma onun ömrünü uzatmağa çalışır, əlamətdar kilsələrə, tikililərə diqqət çəkir, insanların yaddaşını qaytarmağa can atır. Buna son ümid addımları kimi baxmaq olar. Xalqa demək istəyir ki, biz ölməmişik, hələ də imperiya xalqıyıq. Ancaq özü də dərk edir ki, keçmişə müraciətlə imperiyanı saxlamaq mümkün deyil. Müasir dövrün reallıqları ilə ayaqlaşmaq, Rusiyanı inkişaf etmiş dövlətə çevirmək lazımdır”.
Ramiyə Məmmədova
Siyasi ekspert Ramiyə Məmmədova isə vurğuladı ki, Rusiya postsovet məkanında əvvəlki qədər ağalıq edə bilməyəcək: “Ukrayna müharibəsi onun "dişlərinin çəkilməsi" oldu. Əgər üç günə Kiyevi tutub, Ukraynanı ittifaq dövlətinə daxil edə bilsəydilər, onda imperiyanı bərpa edəcəkdilər. Bu halda, Qafqaz da, Orta Asiya da Rusiyanın təsirində qalacaqdı. Ukraynanın müqaviməti bu planları pozdu. Amma təbii ki, imperiya zehniyyəti dəyişməyib. Putin və ruslar Pyotrun vəsiyyətini ən böyük and sayırlar. Onun yolu ilə getmək niyyətindən əl çəkməyiblər. Ona görə də imperiya təfəkkürü dəyişmirsə, deməli, təhlükə həmişə var".
Onun fikrincə, bu gün Rusiya o gücdə deyil və imperiyanı SSRİ sərhədləri çərçivəsində qura bilmir, amma sabahı hesablayırlar: “Yəni bir gün Rusiya yenidən özünə gələcək, qüdrətini toparlayacaq və postsovet məkanında hegemonluq edəcək. Bu zehniyyət qaldıqca Putin və ondan sonrakı rus siyasətçilər Pyotr yolundan dönməyəcəklər. Halbuki dünya dəyişir, Rusiya da dəyişməlidir. Ən azından müttəfiqi Çinə baxıb nəticə çıxarmalıdır. Bu gün Çin kimi nəhəng dövlət heç bir imperiya iddiası ilə siyasət yürütmür. Onun siyasəti iqtisadi doktrinadır və dünyanı bu şəkildə "işğal" etməyi bacarıb. Rusiya da sərvəti tükənməz bir ölkədir və iqtisadi əməkdaşlığı genişləndirməklə normal əlaqələr qura, dost qazana bilər".
Emil SALAMOĞLU,
“Yeni Müsavat”
11 Oktyabr 2025
10 Oktyabr 2025
ŞƏRHLƏRŞƏRH YAZ