Onlayn ictimai-siyasi qəzet
Prezident Donald Trampın Çinlə münaisbətlərə dair açıqlamaları fond və xammal bazarlarında sürətli enişə səbəb olub.
Musavat.com xəbər verir ki, Tramp Çinin nadir torpaq elementlərinin ixracına nəzarəti sərtləşdirmək qərarına cavab olaraq bu ölkədən idxal olunan mallara rüsumları kəskin artıracağını elan edib. O, həmçinin Çin rəhbəri Si Cinpinlə görüşünü də ləğv edəcəyini açıqlayıb: "Hazırda nəzərdən keçirdiyimiz tədbirlərdən biri ABŞ-a daxil olan Çin mallarına tətbiq edilən rüsumların əhəmiyyətli dərəcədə artırılmasıdır. Ciddi şəkildə müzakirə olunan bir çox başqa əks tədbirlər də var”.
O qeyd edib ki, Pekin “çox düşmənləşir”. Amerika lideri vurğulayıb ki, hazırda Si Cinpinlə görüşməkdə heç bir məna görmür: "Mən iki həftədən sonra Cənubi Koreyada APEC-də prezident Si Cinpinlə görüşməli idim, lakin indi bunun üçün heç bir səbəb yoxdur".
Trampın bu açıqlamalarından sonra dünya bazarlarında təlaş və sürətli düşüş başlayıb. Qısa müddətdə Dow Jones Industrial Average təxminən 1 faiz, Standard & Poor's 500 1,4 faiz, Nasdaq Composite isə 2 faiz ucuzlaşıb. Hər üç indeks ticarətin əvvəlində yüksəlmişdi.
Avropada Pan-Avropa Stoxx Europe 600 indeksi 1,3 faiz, Böyük Britaniyanın FTSE 100 indeksi 0,9 faiz, Almaniyanın DAX və Fransanın CAC 40 indeksi 1,5 faiz, İtaliyanın FTSE MIB indeksi 1,7 faiz, İspaniyanın IBEX 35 indeksi 0,7 faiz ucuzlaşıb.
Neft bazarında da kəskin eniş qeydə alınıb. Brent 3,9 faiz, WTI isə 4,4 faiz ucuzlaşıb.
Dolların altı valyutaya (avro, İsveçrə frankı, yen, Kanada dolları, Britaniya funtu və İsveç kronu) qarşı DXY indeksi 0,5 faiz ucuzlaşıb.
ABŞ-ın 10 illik xəzinə istiqrazlarının gəlirliliyi 7,8 baza bəndi azalaraq illik 4,066 faizə düşüb.
Comex birjasında mis fyuçersləri 3,8 faiz ucuzlaşıb, qızıl isə 0,9 faiz bahalaşıb.
Musavat.com
11 Oktyabr 2025
ŞƏRHLƏRŞƏRH YAZ