Onlayn ictimai-siyasi qəzet
Azərbaycanda dövlət dəstəyi ilə təqdim edilən aqrar sığorta mexanizmində iri və xırdabuynuzlu heyvanların sığorta haqqı açıqlanıb.
Musavat.com Aqrar Sığorta Fonduna istinadən xəbər verir ki, tətbiq olunan mexanizm heyvanların yoluxucu xəstəliklər, ilan və həşarat sancması, otdan və yemdən zəhərlənmə, kimyəvi maddələrin təsirindən zəhərlənmə, yanğın, vəhşi heyvanların hücumu, eləcə də təbii fəlakətlər - zəlzələ, torpaq sürüşməsi, qasırğa, fırtına və dolu, sel və ya subasma, leysan, ildırırm, şaxtavurma və normadan artıq yağan qardan yaranan təsirlərdən sığortasını nəzərdə tutur: “Fermer və təsərrüfat sahibləri dövlətin dəstəyi sayəsində cüzi ödənişlərlə heyvanlarını çoxsaylı risklərdən sığorta edə bilərlər. Azərbaycanda kənd təsərrüfatı heyvanlarının sığortası olduqca sərfəlidir. Baza sığorta tarifləri inək və camışlar üzrə 4,89 faiz xırdabuynuzlu heyvanlar üzrə isə 4,6 faiz təşkil edir. Tariflər heyvanın qiyməti əsasında hesablanır və bu məbləğin 50 faizi fermerə dəstək üçün dövlət tərəfindən ödənilir”.
Məlumata görə, məsələn, 300 manatlıq qoyunun sığortalanması üzrə sığorta haqqı 13,8 manat, 1000 manatlıq inəyin sığortalanması üzrə sığorta haqqı isə 48,9 manat təşkil edir. Bu məbləğin 50 faizi dövlət tərəfindən qarşılandığı üçün 300 manatlıq qoyunun baza zərflə sığortası fermerə cəmi 6,9 manata, 1000 manatlıq inəyin sığortası isə 24,5 manata başa gəlir. Heyvanlarının qiymətindən asılı olaraq bu məbləğ artıb-azala bilər.
Fonddan bildirilir ki, fermer və təsərrüfat sahibləri heyvanlarını baza zərfindən əlavə olaraq 3-cü şəxslərin hərəkətlərini nəzərdə tutan risklərdən də sığorta edə bilərlər: “Buraya heyvanın avtomobillə vurulması, daşınma zamanı qəza nəticəsində ölümü, elektrik cərəyanı vurması, heyvana qulluq zamanı kimyəvi maddələrdən zəhərlənməsi, eləcə də oğurluq, soyğunçuluq və sair aiddir.
Heyvanların əlavə riskləri də nəzərə almaqla sığortalanması üzrə sığorta tarifləri iribuynuzlu heyvanlar üzrə 7,8 faiz, qoyun-keçilər üzrə isə 7,37 faiz təşkil edir. Başqa sözlə, əlavə riskləri də nəzərə almaqla, 300 manatğlıq qoyun-keçinin sığortalanması fermerə 11 manata, 1000 manatlıq inəyin sığortalanması isə 39 manata başa gələcək. Hesablamalara görə, bu məbləğ heyvanların saxlanması üçün çəkilən xərcdən qat-qat aşağıdır”.
Qeyd edək ki, hazırda fermerlər öz heyvanlarını AsanPay ödəniş sistemi vasitəsilə, evdən və iş yerindən ayrılmadan, mobil telefonla sığorta edə bilərlər. Sığorta müqavilələri 1 illik, 2 illik və 3 illik müddətə bağlanıla bilər, sığorta müddəti artdıqca sığorta tarifləri azalır.
Südlük mal-qara 7 yaşınadək, ətlik mal-qara 3 yaşınadək, xırdabuynuzlu heyvanları isə 5 yaşınadək sığortalanır.
Əsas məsələ: Aqrar sığorta qaydalarına əsasən, heyvanların sığortalanması üçün onlar Elektron Kənd Təsərrüfatı İnformasiya Sistemində qeydiyyata alınmalıdır.
Musavat.com
04 Iyul 2025
03 Iyul 2025
ŞƏRHLƏRŞƏRH YAZ