İnsanlara hürriyət, millətlərə istiqlal!

Azərbaycanda tualet rüsvayçılığı məşhur memarı dilə gətirdi - FOTOLAR

Azərbaycanda illərdir həllini tapmayan, amma gündəlik həyatın ən sadə ehtiyaclarından biri olan problem həllini tapmır ki, tapmır. Böyük şəhərlərdə də, rayon mərkəzlərində də, hətta ölkənin əsas magistral yollarında bu problem özünü göstərir. Bu, sadəcə rahatlıq məsələsi deyil, gigiyena, ictimai sağlamlıq və mədəniyyət məsələsidir.

ELCİN.jpeg (372 KB)

Musavat.com xəbər verir ki, Azərbaycan Memarlar İttifaqı İdarə Heyətinin sədr müavini, tanınmış memar Elçin Əliyev özünün sosial şəbəkə hesabında ölkədə yaşanan ictimai tualet problemindən bəhs edib:

"Azərbaycanda bu sahədə vəziyyət rüsvayçı dərəcədə acınacaqlıdır. İndi bir anlıq təsəvvür edin: Bakıdan Qubaya gedirsiniz. Yol gözəldir, sürətlidir. Amma ən sadə ehtiyac üçün tualet lazım olanda vəziyyət dəyişir. Ya yol kənarındakı antisanitar vəziyyətdə olan balaca çardağa girəcəksiniz, ya da yol kənarında ağac, kol dibi axtaracaqsınız. Yol mədəniyyəti barədə saatlarla danışmaq olar, amma ən sadə insani ehtiyacı ödəmək üçün heç bir şərait yoxdur. Olanlara isə yaxın düşmək belə hal-əhval dəyişikliyi yaradır, üfunətdən baş çatlayır.

Azərbaycanın əsas magistral yollarından Bakı-Quba-Rusiya, Bakı-Qazax-Gürcüstan, Bakı-Astara-İran pullu və ödənişsiz hissələrə bölünür. Ancaq pullu yollarda belə, normal ictimai tualet tapmaq müşkülə çevrilib. Yollarda çox az sayda dayanacaq var, onların əksəriyyətində isə sanitar qovşaqlar ya işləmir, ya da antisanitar vəziyyətdədir. Əgər yolboyu tualet ehtiyacı yaranarsa, sürücülərin, elə sərnişinlərin seçimləri çox məhduddur: ya yanacaqdoldurma məntəqələrinin primitiv sanitar qovşaqlarından istifadə etməli, ya da yol kənarında özbaşına həll yolu tapmalıdırlar. Bu isə həm yol mədəniyyətinə, həm də sanitariya normalarına ziddir.

Problem təkcə magistral yollarda deyil. Ölkənin ən böyük idman arenası olan Bakı Olimpiya Stadionunda belə tualet problemi yaşanır".

E.Əliyev qeyd edib ki, stadion daxilində tualetlərin sayı ziyarətçi sayına görə çox azdır:

"Dərd burasıdır ki, az sayda olan tualetlərin də qapısını ziyarətçilərin üzünə bağlayıblar. Rəsmi tədbirlər, oyunlar olmayan vaxtlarda stadion ətrafında yüzlərlə insan idmanla məşğul olur, qaçır, velosiped sürür. Amma stadionun özündə olan müasir sanitar qovşaqlar bağlanır və istifadəyə verilmir. İnsanlar məcburən ətrafdakı köhnə biotualetlərə üz tuturlar".

Elçin Əliyevin sözlərinə əsasən, biotualetlər isə sözün əsl mənasında "qara gündədir":

"Parklarda tualet yoxdur. İnsan gedib hara müraciət etsin? Restorana? Kafelərə? Əgər müştəri deyilsinizsə, çox vaxt qapı üzünüzə bağlanır.

Bu vəziyyət xüsusilə isti yay aylarında, həm narahatlıq, həm də sağlamlıq baxımından ciddi təhlükə yaradır. Parklarda və ictimai yerlərdə də vəziyyət fəlakətlidir. Bakı şəhərində yüzlərlə park və ictimai məkan olsa da, onlarda tualet tapmaq mümkün deyil. Bir çox hallarda parkları ziyarət edənlər, uşaqlı ailələr məcburən restoran və kafelərə yönəlirlər. Amma restoranlar da hər zaman ziyarətçilərə xidmət göstərməyə hazır olmur. Xüsusilə də müştəri deyilsinizsə, çox güman ki, sizi tualetə buraxmayacaqlar.

Buraxanda isə satdıqları təamlardan almaq şərti irəli sürəcəklər".

E.Əliyev pullu yolda məhz belə bir biabırçı vəziyyətlə üzləşib. Pullu yolun üstündə yerləşən restoranda ona deyiblər ki, tualetdən istifadə etmək istəyirsə, ən azı bir çizburger və ya hamburger almalıdır:

"Bu vəziyyət ailələr, yaşlı insanlar və fiziki məhdudiyyətli şəxslər üçün daha ağırdır. Məsələni daha da düşündürücü edən odur ki, problemin həlli üçün böyük vəsait də tələb olunmur. Sadə modul tipli ictimai tualetlər, müasir biotualetlər, hətta Bakı kimi şəhərdə kanalizasiya sisteminə qoşulmuş stasionar sanitar qovşaqlar qurmaq mümkündür. İnkişaf etmiş ölkələrdə belə məsələlər uzun illər əvvəl həll olunub.

Almaniyada, Fransada, hətta qonşu Türkiyədə pullu yollarda hər 20-30 kilometrdə müasir sanitar qovşaqlar var. Parklarda, böyük küçələrdə ictimai tualetlər həm pullu, həm də pulsuz formada təşkil olunur. Yəni pulu olmayan üçün alternativ kol dibi deyil, pulsuz tualetdir. Bizdə isə nə məsul qurum məsuliyyəti üzərinə götürür, nə də real həll təqdim olunur.

Bakı şəhərinin ötən il dəf-dumbulla ictimaiyyətə təqdim olunan Baş Planında belə ictimai tualet sözünə rast gəlinmir. Yəni Bakının inkişafında ictimai tualetlər nəzərdə tutulmayıb!

Bu sahədə bir neçə qurum məsuliyyət daşıyır - Bakı Şəhər İcra Hakimiyyəti, “Azəravtoyol”, Gənclər və İdman Nazirliyi (stadion məsələsində), eləcə də yerli bələdiyyələr. Amma praktikada heç kim məsuliyyət daşımır. Odur ki, ictimai tualetləri kol-ağac dibi, binaların blokları, dalanlar, Bakıdan kənar isə dağlar, meşələr əvəzləyir. Əslində isə ictimai tualet problemi yalnız rahatlıq deyil. İnsanlara, vətəndaşlara hörmət məsələsidir. Dövlətin bu sahədəki passivliyi həm ölkə vətəndaşlarını, həm də turistləri narazı salır.

Əgər bu problemə həqiqətən ciddi yanaşılarsa, müasir ictimai sanitar qovşaqların yaradılması üçün nə çox büdcə, nə də çox vaxt tələb olunur. Sadəcə məsələni görmək və həll etmək lazımdır".

Elşən MƏMMƏDƏLİYEV,
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

31 Iyul 2025

BÜTÜN XƏBƏRLƏR