Onlayn ictimai-siyasi qəzet
6 fevral 2023-cü il zəlzələlərinin mərkəzi sayılan Kahramanmaraşda inşa edilən “Azərbaycan məhəlləsi”ndə işlərin böyük hissəsi tamamlanıb.
Musavat.com-un Türkiyə mətbuatına istinadla xəbərinə görə, Kahramanmaraş valisi Mükerrem Ünlüer bildirib ki, məhəllədəki 2778 mənzil və obyektin 600-ü üzrə artıq püşkatma keçirilib.
“Təxminən 2780 mənzildən ibarət böyük bir layihədir. Bunun 780-i Azərbaycan hökuməti, 1998-i isə TOKİ (Mənzil İnşaatı İdarəsi) tərəfindən inşa olunur. Bu, Türkiyə və Azərbaycan hökumətlərinin birgə həyata keçirdiyi bir layihədir. Azərbaycan tərəfi burada ibtidai məktəb və mədəniyyət mərkəzi də inşa edir.
İnşallah, vətəndaşlarımız bayramı yeni evlərində qeyd edəcəklər. Hədəfimiz “Azərbaycan məhəlləsi”ni 6 fevral 2026-cı ilə qədər tamamilə başa çatdırmaq və sahiblərinə təhvil verməkdir”, - deyə vali qeyd edib.
Azərbaycan “Əsrin fəlakəti” adlandırılan 6 fevral 2023-cü il zəlzələlərindən dərhal sonra qardaş Türkiyəyə yardım edən ilk ölkə olub. Azərbaycan axtarış-xilasetmə əməliyyatları ilə yanaşı, humanitar yardımlarla da zərərçəkmişlərin yaralarının sağaldılması üçün böyük səylər göstərib.
Bununla yanaşı, Heydər Əliyev prospekti ilə Azərbaycan bulvarının kəsişdiyi ərazidə həyata keçirilən mənzil layihəsinə 100 milyon dollar maliyyə dəstəyi göstərib. Bu böyük töhfəyə təşəkkür əlaməti olaraq zəlzələdən zərərçəkənlər üçün evlərin tikildiyi əraziyə “Azərbaycan məhəlləsi” adı verilib.
Ərazidə zəlzələ zamanı yüksək itkilər qeydə alındığı üçün ilk növbədə torpağın möhkəmləndirilməsi qərara alınıb. Bu məqsədlə təxminən 1 milyard 100 milyon lirəlik sərmayə ilə torpaq gücləndirmə işləri aparılıb.
29 aprel 2023-cü ildə Türkiyə lideri Rəcəb Tayyib Ərdoğan və Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən videokonfrans vasitəsilə təməli qoyulan 24 sinifdən ibarət Heydər Əliyev adına ibtidai məktəbin də inşası davam etdirilir.
Hazırda məhəllədəki binaların böyük əksəriyyəti tamamlanıb, digər binaların tikintisi isə sürətlə davam edir. Kahramanmaraş Böyükşəhər Bələdiyyəsi ərazidə yol asfaltlama işlərini həyata keçirir.
Aytən Novruz
Musavat.com
08 Iyun 2025
ŞƏRHLƏRŞƏRH YAZ