Onlayn ictimai-siyasi qəzet
Azərbaycanla Ermənistan arasında Abu-Dabidə keçirilən və optimist notlarla yadda qalan son sülh danışıqlarından sonra beynəlxalq siyasi və analitik dairələrdə gözlənilməz, amma getdikcə daha çox aktuallaşan bir mövzu müzakirə edilir. Yayılan məlumatlara görə, hər iki ölkə – Azərbaycan və Ermənistan – İsraillə birlikdə “Avraam sazişləri” adlanan beynəlxalq təşəbbüsə qoşula bilərlər.
Bu sensasiyalı ssenari Yunanıstanın Afina Beynəlxalq Münasibətlər İnstitutunun (IDIS) Yaxın Şərq üzrə tədqiqat qrupunun rəhbəri, erməni əsilli analitik Corc Meneşyanın EuropeanInterest portalında dərc olunmuş məqaləsində irəli sürülüb. O bildirir ki, ABŞ-da Donald Trampın ikinci dəfə prezident seçilməsindən sonra “Avraam sazişləri”nin yalnız ərəb dövlətləri ilə məhdudlaşmayan, daha geniş coğrafiyanı əhatə edəcək modelinə maraq artmaqdadır.
Corc Meneşyan qeyd edir ki, indiyə qədər əsas diqqət İsrailin ərəb dünyasının böyük oyunçuları – o cümlədən Səudiyyə Ərəbistanı və hətta Suriya ilə münasibətlərini normallaşdırmasına yönəlmişdi. Lakin son aylarda ABŞ-dakı güclü yəhudi lobbisi və pro-azərbaycan dairələr Azərbaycanın “Avraam sazişlərinə” qoşulması üçün birgə lobbiçilik fəaliyyətinə başlayıb.
Mart ayından bəri bu istiqamətdə konkret addımlar atılır. Hətta bəzi təkliflərdə Qazaxıstan kimi digər müsəlman çoxluğa malik ölkələrin də sazişə cəlb edilməsi nəzərdən keçirilir.
Meneşyan bildirir ki, Azərbaycan üçün belə bir təşəbbüs sürpriz deyil. Bakı ilə Təl-Əviv arasındakı strateji münasibətlər uzun illərdir enerji, təhlükəsizlik və kəşfiyyat əməkdaşlığı sahələrini əhatə edir. Lakin “Avraam sazişləri” Azərbaycan üçün bu əlaqələri daha da dərinləşdirərək İsrail və ABŞ ilə üçtərəfli strateji tərəfdaşlığa zəmin yarada bilər.
Bu, Azərbaycanın həm beynəlxalq nüfuzunu, həm də regionda – Rusiya və İran kimi dövlətlərin təsir dairəsindən daha balanslı mövqeyə keçməsini təmin edər.
Amma ən maraqlısı – belə bir prosesdə Ermənistanın iştirakıdır. Ermənistan uzun illər İsraillə ehtiyatlı və bir qədər soyuq münasibətlər saxlayıb, üstəlik İrana yaxın müttəfiq kimi tanınıb. Corc Meneşyanın təhlilinə görə, Bakı ilə İrəvan arasında yekun sülh müqaviləsinin imzalanması bu qapını aça bilər.
Xatırladaq ki, mart ayında Ermənistanla Azərbaycan arasında yekun sülh sənədi mətni prinsipcə razılaşdırılsa da, Bakı bir sıra əlavə şərtlər irəli sürüb. Bu şərtlər arasında Ermənistan Konstitusiyasından Azərbaycana qarşı ərazi iddialarını nəzərdə tutan müddəaların çıxarılması və Zəngəzur dəhlizinin açılması da var.
Ermənistan isə dəhlizin təhlükəsizliyində Rusiya vasitəçiliyinə etiraz edir və bu məsələdə Moskvanın rolunu zəiflətməyə çalışır. Bunun əvəzində ABŞ-ın təklif etdiyi modellər müzakirə olunur.
Meneşyanın məlumatına görə, ABŞ Tramp administrasiyası vasitəsilə Zəngəzur dəhlizinin inkişafına Amerikanın biznes strukturlarını cəlb etməyi təklif edir. Bu, İrəvan üçün təhlükəsizlik təminatı kimi təqdim olunur və Ukraynanın nadir torpaq elementləri ilə bağlı ABŞ-la razılaşmasına bənzədilir.
Hətta xüsusi ABŞ-erməni təşkilatının yaradılaraq dəhliz boyunca infrastruktura nəzarət etməsi planı da müzakirə olunur. Bu, həm Ermənistanın iqtisadi imkanlarını genişləndirə, həm də Azərbaycan üçün regionda daha sabit tranzit təmin edə bilər.
Analitik xatırladır ki, Tramp administrasiyasının bu cür “kompleks” diplomatik yanaşmasına presedent var: 2020-ci ilin sentyabrında Ağ Ev Serbiya ilə Kosovo arasında razılaşmaya vasitəçilik edib. Həmin sənəddə İsrailin xeyrinə müddəalar var idi – Serbiya səfirliyini Qüdsə köçürməyi, Kosovo isə İsraili tanımağı öhdəsinə götürmüşdü. Formal olaraq həmin sənəd “Avraam sazişləri” siyahısında deyildi, amma eyni fəlsəfəyə xidmət edirdi.
ABŞ Dövlət Departamenti “Avraam sazişləri”ni belə təsvir edir: “üç avraam dininin və bütövlükdə bəşəriyyətin arasında mədəniyyətlərarası və dinlərarası dialoqu təşviq edərək sülh mədəniyyətinə xidmət etmək.” Bu, təkcə müsəlman və yəhudi dövlətləri deyil, xristian ölkələr – o cümlədən Ermənistan – üçün də açıq qapıdır.
Məqalədə vurğulanır ki, Ermənistan bu proses vasitəsilə Rusiya və İrandan geosiyasi baxımdan uzaqlaşaraq, ABŞ və Avropa ilə yaxınlaşmağa, Türkiyə ilə münasibətləri normallaşdırmağa, Yaxın Şərq və Aralıq dənizi regionlarına çıxış əldə etməyə çalışır. Bununla da həm iqtisadi, həm də strateji baxımdan daha müstəqil mövqeyə gəlmək istəyir.
Azərbaycan üçün isə bu, İsraillə ittifaqın yeni mərhələsi və ABŞ-dan daha güclü siyasi dəstək almaq imkanı deməkdir. Bununla Bakı həm öz enerji-tranzit layihələrini gücləndirə, həm də Rusiya və İranın təsirlərinə qarşı etibarlı beynəlxalq qalxan yarada bilər.
Corc Meneşyanın qənaətinə görə, ABŞ-ın Tramp administrasiyası ikinci dönəmin əvvəlində Cənubi Qafqazda Azərbaycan-Ermənistan münaqişəsini həll etməklə böyük diplomatik nailiyyət qazana bilər. Bu, həm Vaşinqtonun Avrasiya tranzit və enerji layihələrinə nəzarətini möhkəmləndirər, həm də Çinin “Orta Dəhliz”inə alternativlər yaradar. İsrail üçün də bu, Rusiya və İranın təsir dairəsində olmuş regionda diplomatik mövqelərini genişləndirmək şansı olardı.
Beləliklə, Azərbaycanla Ermənistan arasında sülh yalnız iki qonşu dövlətin münasibətlərinin düzəlməsi deyil, həm də Yaxın Şərqdən Mərkəzi Asiyaya uzanan yeni geopolitik memarlığın təməlini qoya bilər.
Yazı Haqqın.az saytının müvafiq yazısına istinadla hazlrlanlb.
Musavat.com
13 Iyul 2025
ŞƏRHLƏRŞƏRH YAZ