Onlayn ictimai-siyasi qəzet
Bakı Ağır Cinayətlər Məhkəməsində Ukraynada nazir müşaviri olmuş Konstantin Kuçer və Azərbaycanda daha çox Oleq Bakinski kimi tanınan Oleq Andreyeviç Krapivinin cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.
Musavat.com xəbər verir ki, cinayət işi hakim Elnur Nuriyevin sədrliyi ilə araşdırılan məhkəmə iclasında hökm oxunub.
Hökmə əsasən Oleq Bakinski xuliqanlıqda təqsirli bilinərək 6 ay sınaq müddəti seçilməklə 2 il 6 ay müddətinə şərti cəzalandırılıb. Kuçer Konstantinə isə ittiham olunduğu xüsusilə külli miqdarda dələduzluq maddəsi ilə bəraət verilib. Ona xuliqanlığa görə 2 il 6 ay həbs cəzası təyin edilib.
Xatırladaq ki, iş üzrə zərərçəkən statusunda isə ABŞ sanksiyaları altına düşən Rusiya Müdafiə Nazirliyi ilə əlaqəli “Aviazapchast” ASC-nin sahibi Valeriy Nikolayeviç Zaxarenkovdur.
Rusiya Federal Təhlükəsizlik Xidmətinin əməkdaşı olan Valeriy Zaxarenko Bakıya lisenziyası ləğv edilmiş “Günay Bank”dakı hesabda olan bir neçə milyon avro pulla bağlı gəlib. Lakin bank bağlandığından həmin pulları bankdan çıxarmaq problemi ilə üzləşib. Bu problemi yoluna qoymaq üçün Oleq Bakinski, Antoniviç Kuçer ilə Valeriy Zaxarenkonun görüşü təşkil olunub.
Onların görüşü Xətai rayonunda yerləşən “Babək Plaza”da baş tutub. İttihama görə, görüş zamanı tərəflər ortaq məxrəcə gələ bilməyiblər və aralarında mübahisə düşüb. Oleq Bakinski şüşə butulka ilə Zaxarenkoya xəsarət yetirib. Bundan sonra FTX zabiti Valeriy Zaxarenkoya tibbi yardım göstərmək üçün onu Yeni Klinikaya aparıblar.
Oleq Bakinski ittihamı qətiyyətlə rədd edib.
Valeriy Zaxarenkonun rəhbərlik etdiyi “Aviazapchast” Açıq Səhmdar Cəmiyyəti (ASC) 2020-ci ildən ABŞ Dövlət Departamentinin sanksiyaları altına düşüb. Sanksiya tətbiqi şirkətin İran, Şimali Koreya və Suriyaya münasibətdə Kütləvi Qırğın Silahlarının (KQS) yayılmaması ilə bağlı Amerika qanunvericiliyini pozması ilə əsaslandırılıb.
Müttəhim Konstantin Kuçerə qarşı “Aviazapchast” Açıq Səhmdar Cəmiyyəti adından 1 milyon manat, “Promyshlennye Postavkı Kazakhstan” Məhdud Məsuliyyətli Cəmiyyəti isə 5 milyon 184 min manatlıq iddia qaldırıb. Valeriy Zaxarenko Konstantin Kuçerlə yanaşı, Oleq Bakinskiyə qarşı da mülki iddia verib. Zərərçəkən onların hər birindən 50 min manat tələb edir. Məhkəmə mülki iddiaları icraata qəbul edib.
Hakim mülki iddialarla bağlı məhkəmənin sonunda qərar veriləcəyini açıqlayıb. Konstantin Kuçer xuliqanlıq və dələduzluqda, Oleq Bakinski isə az ağır xəsarət yetirmə, xuliqanlıqda ittiham olunur. Konstantin Kuçer vaxtilə Ukrayna Müdafiə Nazirliyinin aviasiya məsələləri üzrə müşaviri olub.
Xatırladaq ki, dövlət ittihamçısı Tural Yaqubov çıxış edərək təqdirləndirilən Konstantin Antonoviç Kuçerin 14 il, Oleq Krapivinin isə 3 il müddətinə azadlıqdan mərhum edilməsini, barəsindəki ev dustaqlığı qətimkan tədbirinin həbs qətimkan tədbiri ilə əvəz olunmasını istəmişdi.
Musavat.com
27 Iyul 2025
ŞƏRHLƏRŞƏRH YAZ