İnsanlara hürriyət, millətlərə istiqlal!

Bakı Suriyanın enerji taleyini dəyişir – Azərbaycan qazı Hələbə gedir

Musavat.com-un xəbər verdiyi kimi, Suriyanın keçid dövrü Prezidenti Əhməd Əl Şaraa Azərbaycana səfərə gəlib.

Bakıda onun Azərbaycan Prezidenti İlham Əliyevlə geniş tərkibli və təkbətək görüşləri baş tutub.

TEKBE.jpg (171 KB)

İlkin açıqlamalardan aydın olur ki, görüşlərin əsas mövzusu iqtisadi əməkdaşlığın genişləndirilməsi, xüsusilə enerji sahəsində konkret addımların atılması məsələləri olub. Əhməd Əl Şaraa Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevlə geniş tərkibdə görüşdə bildirib ki, yaxın zamanlarda Azərbaycan qazının Türkiyə ərazisindən Suriyaya ixracı layihəsi həyata keçiriləcək. Eyni zamanda Azərbaycanın milli neft şirkəti olan SOCAR-la Suriya Ərəb Respublikası Hökuməti arasında Anlaşma Memorandumu imzalanıb.

MEMORİ.jpg (71 KB)

Qeyd edək ki, Azərbaycan Suriyanın yeni hakimiyyəti ilə ilk əlaqə quran dövlətlərdən biridir. Bəşər Əsəd rejimi devriləndən dərhal sonra Bakı qardaş Türkiyə ilə birlikdə Suriyaya humanitar yardımların göndərilməsinə başlayıb. Daha sonra Suriyanın energetika sektorunun bərpası istiqamətində müzakirələrdə Azərbaycanın iştirakı məsələsi gündəmə gətirilib. Yanvar ayında SOCAR-ın Türkiyə filialının baş direktoru Elçin İbadov şirkətin Suriyanın enerji sektorunda iştirak etməyə hazır olduğunu bildirib. O deyib: “Əgər SOCAR Türkiyəyə ölkələrimizin – Azərbaycan və Türkiyənin ortaq strateji maraqlarına uyğun bir rol verilirsə və bu enerjiyə tələbat varsa, o zaman bunu yerinə yetirmək bizim borcumuzdur.”

Bu ilin aprelində Antalyada keçirilən Diplomatiya Forumunda İlham Əliyevlə Əhməd Əl Şaraa arasında görüş baş tutub.

APRE.jpg (191 KB)

London mərkəzli Middle East Eye nəşrinin məlumatına görə, Suriya tərəfi Azərbaycanın dövlət neft şirkəti olan SOCAR-ın ölkənin şimal-şərqində yerləşən və hazırda ABŞ tərəfindən dəstəklənən Suriya Demokratik Qüvvələrinin (SDQ) nəzarətində olan neft və qaz yataqlarının işlənməsində iştirak etməsində maraqlıdır. Mayın əvvəlində Azərbaycan Baş nazirinin müavini Samir Şərifovun rəhbərlik etdiyi rəsmi nümayəndə heyəti Suriyada olaraq, prezident də daxil olmaqla, ölkə rəhbərliyi ilə görüşlər keçirib. Görüşlərdə əməkdaşlıq imkanlarının müzakirə olunduğu bildirilib.

Suriyanın “Enab Baladi” informasiya agentliyinin məlumatına görə, hazırda ölkədə gündəlik 110 min barrel neft hasil olunur. Müqayisə üçün qeyd edək ki, bu rəqəm 2010-cu ildə – vətəndaş müharibəsindən əvvəl – 385 min barrel idi. Bu gün hasil edilən 100 min barrel neft SDQ-nin nəzarətindəki yataqlardan çıxarılır, yalnız 10 min barrel isə Əhməd Əl Şaraa rəhbərliyindəki yeni administrasiya tərəfindən hasil olunur. SDQ-nin öz hərbi qüvvələrini Suriya ordusuna təhvil vermək, həmçinin neft-qaz yataqlarının işlənməsi ilə bağlı hüquqları Dəməşqə ötürməyə razılaşmasından sonra bu sahədə Azərbaycanla əməkdaşlığın başlanması imkanı daha da artmış olub. Bu gün Bakıda SOCAR-la imzalanan anlaşmanın həm də bu istiqamətdə əməkdaşlığın təməlini qoyduğu şübhəsizdir.

SOCA.jpg (49 KB)

Qeyd edək ki, hazırda Suriya üçün əsas problem elektrik enerjisi təminatı sahəsindədir: ölkə ərazisində elektrik enerjisi sutkada ən yaxşı halda 2-3 saat ərzində olur. Buna görə də hökumətin əsas diqqəti enerji təminatını bərpa etməyə yönəlib. Bu sahədə də Suriyanın köməyinə ilk gələn Türkiyədir. Mayın 29-da Suriyada ən böyük enerji müqaviləsi – Kalyon Holding ilə Türkiyədən Cengiz Holdinq, Qətərin UCC və ABŞ-dan Power International arasında 7 milyard dollar dəyərində strateji əməkdaşlıq müqaviləsi imzalanıb. Suriya lideri Əhməd Şaraa və energetika naziri Məhəmməd Bəşirin də qatıldığı imzalanma mərasimində Suriyanın Treif, Zeizun, Deyr əz-Zor və Mıharde bölgələrində ümumi quraşdırılmış gücü 4000 meqavat olan təbii qaz kombinə edilmiş elektrik stansiyalarının tikintisinə dair razılıq əldə edilib. Bundan əlavə, Vidyan ər-Rəbii bölgəsində 1000 meqavat quraşdırılmış gücü olan günəş elektrik stansiyası tikiləcək.

Türkiyə artıq fevral ayından Suriya ərazisində 50 faizindən çoxu sıradan çıxmış elektrik təchizatı sisteminin bərpasına dəstək verməyə başlayıb. İki ölkə arasında Türkiyədən Suriyaya ildə 2 milyard kubmetr qazın çatdırılmasını nəzərdə tutan anlaşma imzalanıb. May ayında Türkiyənin enerji naziri Alparslan Bayraktar qaz ixracının Suriyada əlavə 1300 meqavat elektrik enerjisi istehsalını dəstəkləyəcəyini və ölkənin xroniki enerji çatışmazlıqlarını qarşılamağa kömək edəcəyini bildirib. Türkiyə Suriyanın qısamüddətli ehtiyaclarına yardım üçün birbaşa 1000 meqavat elektrik enerjisi də təmin edəcək.

ELEK.jpg (70 KB)

Razılaşmaya əsasən, iki ölkəni birləşdirən Kilis-Hələb qaz kəmərinin fəaliyyətinin bərpası üçün zəruri olan işlər həyata keçirilib. Kəmərlə qaz nəqlinə iyunun sonlarından başlandığı bildirilir. Kəmərlə nəql olunan qaz Hələbdəki elektrik stansiyalarının təminatına yönəldiləcək. Daha sonra əlavə işlərlə qazın Homs əyalətindəki stansiyalara da çatdırılması nəzərdə tutulur. Bundan əlavə, Suriya və Türkiyə iki ölkəni birləşdirən 400 kilovoltluq elektrik xəttinin çəkilməsi işlərinin və 2025-ci ilin sonuna qədər tamamlanmasını nəzərdə tuturlar. Bu xətt Suriyanın Türkiyədən 500 meqavata qədər elektrik idxalına imkan yaradacaq.

Suriya həmçinin İordaniyadan elektrik enerjisi idxalını bərpa edir. İki ölkə arasında elektrik verilişi xətlərində aparılacaq təmirdən sonra İordaniyadan elektrik enerjisi idxalının 400 meqavata qədər artırılması planlaşdırılır. Bu günlərdə əldə edilən razılaşmaya əsasən Bəşər Əsəd dövründə icrası dayandırılmış Ərəb Qaz Kəməri layihəsinin bərpası və kəmərlə Misirin Əl-Arişdəki yatağından İordaniya vasitəsilə Homs əyalətindəki Rayyan qazpaylayıcı stansiyasına qaz nəqlinin artırılması qərara alınıb.

Azərbaycan qazının Suriyaya ixracı perspektivi ilə bağlı ilk açıqlamanı Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan iyulun 4-də – Xankəndidə ECO zirvəsində iştirak etdikdən sonra verib. O bildirib ki, Prezident İlham Əliyev Azərbaycanın Suriyanın elektrik stansiyalarının qaz təminatına dəstək verəcəyini deyib. Türkiyə prezidenti İlham Əliyevin vədinə etibar etdiyini, məhz onun yardım edəcəyini deməsindən sonra Suriyanın qaz təminatına dair onda rahatlıq yarandığını vurğulayıb. Ərdoğanın bu açıqlaması, əlbəttə, illərdir sınaqdan keçirilmiş təcrübədən qaynaqlanır: Azərbaycan heç vaxt icra edə bilməyəcəyi öhdəliyə imza atmır. İndiyədək xüsusilə enerji sahəsində rəsmi Bakının üzərinə götürdüyü hər hansı öhdəliyə əməl etməməsi faktı qeydə alınmayıb. Çünki belə öhdəliklər soyuq baş və dəqiq hesablamalar aparılmadan götürülmür.

ERDOS 1.jpg (326 KB)

Qeyd edək ki, hazırda Türkiyədən Suriyaya qaz ötürmək imkanı ildə 2 milyard kubmetrə yaxındır. Böyük ehtimalla, bunun bir hissəsini Türkiyə öz imkanları hesabına təmin edəcək, digər hissəsi isə Azərbaycandan çatdırılacaq. Dövlət Statistika Komitəsinin məlumatına əsasən 2025-ci ilin yanvar-iyun aylarında Azərbaycanda əmtəəlik qaz hasilatı 1,1 faiz artımla 19,3 milyard kub metr təşkil edib. Bu həcmin mühüm hissəsi əvvəlcədən imzalanmış müqavilələr əsasında Gürcüstan, Türkiyə və Avropaya nəql olunur. Bu baxımdan, enerji məsələləri üzrə ekspert İlham Şabanın fikrincə, Suriyaya ixracın təmin olunması məqsədilə daxildə istehlakın azaldılması üçün bir neçə variant mümkündür. Bunlardan birincisi, enerji istehsalına yönəldiləcək qaz həcmlərində qənaətdir. Belə ki, iyunun 25-də “8 noyabr” istilik elektrik stansiyası istifadəyə verilib. Stansiya ildə 1 milyard kubmetr qazın istehlakını azaltmağa imkan yaradır. Bu isə ilin sonunadək 500 milyon kubmetr ətrafında qaza qənaət edilməsi deməkdir.

Bundan əlavə, tezliklə bir neçə alternativ enerji istehsalı müəssisəsi ölkənin enerji təchizatı sisteminə inteqrasiya ediləcək. Artıq avqustda Səudiyyə Ərəbistanının Acwa Power şirkəti 240 meqavat gücündə olan “Abşeron-Xızı” külək elektrik stansiyasını mərhələli şəkildə istismara verməyə başlayacaq, cari ilin IV rübü ərzində stansiya tam şəkildə tikilib başa çatacaq. Daxili istehlakda qənaət həm də SOCAR-ın qazpaylayıcı şəbəkələrdə apardığı təmir işlərini intensivləşdirməsi sayəsində mümkün olacaq. Bu işlər bilavasitə qazpaylayıcı sistemdə itkilərin azaldılmasına hesablanıb.

ABSE.jpg (60 KB)

Eyni zamanda bu ilin sonunadək Azəri-Çıraq-Günəşli yatağının dərin qatlarından qaz hasilatının başlanması da nəzərdə tutulur. Bu isə qış aylarında Suriyaya qaz nəqlinin fasiləsizliyinin təmin olunmasına imkan yaradır.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

16 Iyul 2025

15 Iyul 2025

BÜTÜN XƏBƏRLƏR