İnsanlara hürriyət, millətlərə istiqlal!

Bakıda pişiyə qarşı insanlıqdan çıxan vəhşilik! - bir canlını qəddar işgəncələrlə öldürüblər

Naməlum şəxs və ya şəxslər 10 litrlik plastik su qabını kəsərək pişiyin ön pəncələrini dəmir məftillə həmin butulkanın içərisinə bağlayıblar. Daha sonra pişik həmin məftildən asılıb. Uzun müddət şiddətə, təzyiqə, qab daxilində döyülmə və sürünməyə məruz qalan heyvan nəhayətində tələf olub. İctimaiyyəti şoka salacaq qədər qəddar, insanlıqdan kənar əməl Xətai rayonu, Köhnə Günəşli qəsəbəsi, Səməd bəy Mehmandarov küçəsində qeydə alınıb. İşgəncə ilə öldürülmüş pişik zibil qutularının yaxınlığına atılıb.

Mövzu ilə bağlı hüquq müdafiəçisi Sahib Məmmədov Musavat.com-a açıqlamasında bildirib ki, bu cür halların baş verməsi təsadüfi deyil və Azərbaycanda heyvanlara qarşı münasibətdə ciddi sistem problemi var.

“Qonşu ölkələrdə küçə heyvanları ilə bağlı problemlər mərhələli şəkildə həll olunur. Bizdə isə vəziyyət əksinədir. Yerli kommunal xidmətlər itləri, pişikləri qısırlaşdırmaq, peyvəndləmək əvəzinə sadəcə güllələyirlər. Bu yanaşmanı görən əhali də heyvanlara qarşı eyni qəddarlıqla davranmağa başlayır”.

O vurğulayıb ki, Azərbaycan COP29 zamanı da heyvan hüquqları məsələsində tənqid olunub. Lakin bu tənqidlərə baxmayaraq, cəmiyyətin bir hissəsi hələ də heyvanlara qarşı qəddar davranmağa davam edir:

“Heyvanların aqressivliyinin əsas səbəbi insanların onlara olan kobud və zorakı münasibətidir. Yerli hakimiyyət orqanları tərəfindən mərkəzləşdirilmiş sığınacaqlar yaradılmalıdır. Xarici ölkələrdə belə sığınacaqlar əhalinin ianələri ilə fəaliyyət göstərir. Bizdə isə heyvanlara sığınacaq quranlar narahatlıq yaratmaqda ittiham edilir, üstəlik bəzən həmin şəxslərə qarşı təzyiqlər də olur”.

Sahib Məmmədov həmçinin qeyd edib ki, heyvanlara qarşı zorakılığın qarşısını almaq üçün qanunvericilik sərtləşdirilməli, icra mexanizmləri gücləndirilməli, maarifləndirmə işi aparılmalıdır:

“Heyvanların peyvəndlənməsi, qısırlaşdırılması üçün dövlət büdcəsindən vəsait ayrılmalıdır. Ən əsası isə əhali maarifləndirilməlidir. Çünki bu gün heyvana qarşı göstərilən şiddət, sabah insana qarşı yönələ bilər”.

Mənzər Novruzlu
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

09 Avqust 2025

BÜTÜN XƏBƏRLƏR