İnsanlara hürriyət, millətlərə istiqlal!

Putin müharibəni bu halda dayandıracaq - Gözlənti

Rusiya üçün döyüş meydanında vəziyyətin ağırlaşması fonunda strateji seçimlər dəyişə bilər - iki fərqli baxış

“Əgər ABŞ Prezidenti Donald Tramp sərt sanksiyalar və Ukraynaya silah tədarükünü artıran kombinasiyanı seçsə, Rusiya lideri Vladimir Putinin Ukraynaya qarşı müharibəni dayandırmaqdan başqa yolu qalmayacaq”. Bu barədə “Telegraf”ın müdafiə və xarici əlaqələr departamentinin redaktoru Kon Koflin deyib. O qeyd edib ki, müharibə zamanı bəlli olub ki, Putin ümidsizcəsinə istədiyi qələbəni heç vaxt əldə etməyəcək. Kon Koflin vurğulayıb ki, rus qoşunlarının döyüş meydanında həlledici irəliləyişə nail ola bilməməsi onların son yay hücumu zamanı xüsusilə aydın olub və bu onlara böyük itkilərdən başqa heç nə verməyib. Gündə təxminən 1000 nəfər itiriblər.

Kon Koflin haqlıdırmı? Putin müharibəni dayandırmağa məcbur olacaqmı?

Qabil Hüseynli

Professor Qabil Hüseynli “Yeni Müsavat”a deyib ki, müharibənin gedişində və siyasi-hərbi müstəvidə baş verən son dəyişikliklər fonunda britaniyalı ekspert Kon Koflinin “Putinin müharibəni dayandırmaqdan başqa yolu qalmayacaq” fikri real ssenarilərdən birini əks etdirir: “ABŞ Ukraynaya silah tədarükünü sürətləndirməklə Rusiyaya qarşı sanksiya təzyiqlərini daha sərt formada davam etdirsə, Kremlin manevr imkanları xeyli daralacaq. Bu baxımdan, Kon Koflinin fikrində məntiq var. Amma burada əsas məsələ təkcə ABŞ-ın sərtliyi deyil. Söhbət Qərbin Ukraynaya münasibətdə vahid strategiya sərgiləyib-sərgiləməyəcəyindən gedir. Trampın Çin və İran məsələsində sərtləşməsi Rusiyanı da daha güclü blokada ilə qarşı-qarşıya qoya bilər. Bu zaman Putin ya geri çəkilməli olacaq, ya da daha riskli addımlara əl ata bilər”.

Politoloqun fikrincə, Rusiya üçün döyüş meydanında vəziyyətin ağırlaşması fonunda strateji seçimlər də dəyişə bilər: “Rus qoşunlarının 2024-cü ilin yay hücumları ciddi itkilərlə nəticələndi. Onlar artıq məhdud irəliləyişlər uğrunda çox böyük resurslar itirirlər. Gündə 1000 nəfərlik canlı qüvvə itkisini davamlı şəkildə saxlamaq mümkün deyil. Bu, Kreml üçün həm iqtisadi, həm də sosial baxımdan qəbuledilməz hala çevrilə bilər”.

Politoloq qeyd edib ki, Trampın Ukrayna məsələsində “danışıqlar yolu ilə nizamlanma” çağırışları indiki halda Kremlin maraqlarına cavab verir: “Digər tərəfdən isə, Trampın NATO üzvlərini daha çox məsuliyyət daşımağa məcbur etməsi, Avropanın hərbi güclənməsi və Çin-İran-Rusiya üçlüyünə qarşı koordinasiyalı təzyiqlər Moskvanın manevr imkanlarını daraldır. Bu gün Rusiya üçün yalnız sülh danışıqlarına razı olmaq və ərazi iddialarından geri çəkilmək alternativ ola bilər. Kon Koflinin səsləndirdiyi fikir emosional səslənsə də, strateji baxımdan realdır. Hazırda müharibənin dayanması Kreml daxilindəki siyasi iradədən və Rusiya cəmiyyətinin dözümlülüyündən asılıdır. Əgər Putin kompromisə getməyə razı olmazsa, müharibə daha sərt və daha dağıdıcı şəkil ala bilər”.

Medianın üz qaraldan “sarı”lığı | Polkovnik Rövşən Məhərrəmovun yazısı

Rövşən Məhərrəmov

Hərbi ekspert Rövşən Məhərrəmov isə deyib ki, Ukrayna cəbhəsində baş verən son proseslər Rusiya Federasiyasının müharibə strategiyasının həm siyasi, həm də hərbi baxımdan tükənmə mərhələsinə qədəm qoyduğunu göstərir. Hərbi ekspert “Yeni Müsavat”a bildirib ki, Kon Koflinin qənaəti, əslində, mövcud hərbi və geosiyasi reallıqlara əsaslanır: “Hərbi cəbhədə rus ordusunun son aylarda apardığı hücum əməliyyatları nəinki strateji nəticə verməyib, əksinə, gündəlik 800-1000 nəfərə çatan canlı qüvvə itkisi ilə nəticələnib. Bu isə Kreml üçün həm daxili legitimlik baxımından, həm də hərbi resursların davamlılığı baxımından ciddi təhlükə siqnalıdır. Hazırda Rusiya ordusunun istifadə etdiyi döyüş sursatlarının əsas hissəsi Sovet dövründən qalan ehtiyatlardan ibarətdir. Qərbin tətbiq etdiyi sanksiyalar Rusiya hərbi sənayesinin müasir texnologiyalarla təminatına ciddi maneələr yaradıb. Elə bu səbəbdən də Rusiya, İran və Şimali Koreya kimi rejimlərdən dron və artilleriya mərmiləri almaq məcburiyyətində qalır. Əgər ABŞ administrasiyası Ukraynaya silah tədarükünü artırarsa, bu, döyüş meydanında Rusiyanı daha çətin duruma sala bilər. Bu isə Rusiyanın artıq strateji təşəbbüsü əldən verdiyini rəsmiləşdirəcək”.

Hərbi ekspert bildirib ki, Kremlin daxili qərarvermə mexanizmlərində bir müddətdir ki, “minimum itkilərlə çıxış” planı müzakirə olunur: “Kreml öz ”geosiyasi qazanc" ritorikasını saxlayaraq, müəyyən ərazilər üzərində nəzarətin rəsmiləşdirilməsi qarşılığında danışıqlara başlamağa razılıq verə bilər. Putin strateji cəhətdən çox dar çərçivəyə düşüb. Rusiya ordusu artıq manevr imkanlarını itirib. Hazırkı vəziyyət göstərir ki, Qərbin Ukraynaya verdiyi dəstək artırsa, bu, Rusiya üçün daha böyük itkilərlə nəticələnəcək. Bu səbəbdən də Moskva danışıqlar masasına qayıtmaq üçün məcburi barış formulunu aktivləşdirə bilər. Yəni məsələ yalnız cəbhədəki itkilər və ya beynəlxalq təzyiqlərlə bağlı deyil, bu həm də Rusiyanın hərbi və iqtisadi resurslarının davamlılığı məsələsidir. ABŞ və NATO-nun artan dəstəyi fonunda Rusiya tərəfinin strateji təcrid vəziyyətinə düşməsi Putinin məğlub olmadan dayanmaq üçün yeganə çıxış yolu kimi barışa yönəlməsinə səbəb ola bilər".

Bu arada, “The Wall Street Journal”-ın yazdığına görə, Tramp Putini müharibəni dayandırmağa çağırsa da, razılaşmanın təfərrüatı ilə az maraqlanıb. Putin isə öz şərtləri istisna olmaqla, döyüşlərin dayandırılması ilə bağlı bütün çağırışları indiyə kimi rədd edib. Nəşrin fikrincə, əgər Tramp və Putin arasında görüş baş tutsa, bu, Trampın prezidentlik müddətində ən ciddi sınağı ola bilər. Xüsusilə də, analitiklər Putinin razılaşma niyyətlərinin ciddi olmaması ilə bağlı narahatlıqlar səsləndirir. Vaşinqtonda yerləşən Avropa Siyasətinin Təhlili Mərkəzinin prezidenti və baş direktoru Alina Polyakova deyib: “Putin açıq şəkildə bildirdi ki, Ukraynadakı müharibə onun üçün ABŞ ilə münasibətlərdən daha vacibdir”.

Bundan əlavə, WSJ qeyd edir ki, Tramp üçün daha bir çətin vəzifə müxtəlif ABŞ prezidentləri ilə qarşılıqlı əlaqədə 25 illik təcrübəyə malik olan və onlara təsir etmək qabiliyyətini göstərən Putinlə danışıqlar aparmaq olacaq.

Yüksək rütbəli avropalı diplomat və ukraynalı rəsmi nəşrə bildirib ki, Putin Rusiyanın Ukraynanın digər bölgələrindən çıxarılması müqabilində işğal etdiyi Ukrayna ərazilərinin bir hissəsini rəsmi şəkildə tanınmasını təklif edə bilər. Yəni son günlər “ərazi mübadiləsi” barədə deyilənlərin mahiyyəti odur ki, Rusiya işğal etdiyi ərazilərin bir hissəsinin rəsmən Rusiya torpaqları kimi tanınması müqabilində digər bəzi ərazilərdən çıxa bilər. İstənilən yolla razılaşmaya can atan Tramp isə Ukraynanı və onun müttəfiqlərini bu təklifi qəbul etməyə çağıra bilər.

Elşən MƏMMƏDƏLİYEV,
“Yeni Müsavat”

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

12 Avqust 2025

BÜTÜN XƏBƏRLƏR