Onlayn ictimai-siyasi qəzet
Ukrayna prezidenti Volodimir Zelenski Səudiyyə Ərəbistanı Krallığının vəliəhdi Məhəmməd bin Salman Əl Səud ilə telefon danışığı zamanı deyib ki, indi sülh üçün real şansın olduğu zamandır.
"Mən ona tərəfdaşlarla təmaslar, müharibəni bitirmək üçün diplomatik səylərimiz barədə məlumat verdim. Əslində, liderlərlə daimi əlaqə saxlayırıq. İndi sülh üçün real şansın olduğu zamandır. Amma sülh ədalətli və sabit olmalı, təhlükəsizliyə təminat verilməlidir. Bu, təkcə Ukrayna üçün deyil, Avropanın hər bir ölkəsi üçün vacibdir", - Zelenski qeyd edib.
Onun sözlərinə görə, tərəflər Ukrayna və Avropasız qəbul edilən istənilən qərarda eyni dərəcədə təhlükə görürlər.
Məlum olduğu kimi, Şərqi Avropada vəziyyət kifayət qədər gərgindir. ABŞ bütün cəhdlərə rəğmən, Rusiya və Ukraynanın mövqelərini yaxınlaşdıra bilmir. Bu da müharibənin uzanmasına gətirib çıxarır.
Politoloq Kənan Novruzov Musavat.com-a bildirib ki, Tramp, həqiqətən, müharibənin başa çatmasını istəyir:
"Bunun bir neçə səbəbi var. Birincisi, o, Nobel Sülh Mükafatına real namizəddir və bu iddiadadır.
İkincisi, müharibə başa çatandan sonra ABŞ Rusiya ilə əlaqələri qismən olsa da, normallaşdırmaq və iqtisadi münasibətləri inkişaf etdirmək istəyir.
Üçüncüsü, o, Ukraynaya investisiya qoymaq niyyətindədir.
Dördüncüsü, Tramp Yaxın Şərqdəki müharibə bitəndən sonra diqqətini Yaxın Şərqə və Çinlə münasibətlərə yönəltmək barədə düşünür.
Ağ Ev bütün səylərinə rəğmən, hələ ki, müharibəni dayandıra bilmir. Bunun iki əsas səbəbi var. Birincisi, Rusiya və Ukraynanın qarşılıqlı olaraq kompromisə getmək istəməməsi, ikincisi isə Avropanın mövqeyi. Belə ki, Avropa ABŞ-dən fərqli olaraq savaşın bitməsini istəmir. Çünki bir çox Avropa paytaxtı savaş bitəndən sonra Rusiyanın onlar üçün yenidən təhdidə çevrilə biləcəyindən narahatdırlar. Elə buna görə də Ukraynanı silahlandırmaqla müharibənin davam etməsini təmin edirlər.
Tramp müharibənin bitməsi, Moskva və Kiyevin maraqlarının uzlaşdırılmasının zəruriliyini və bunun vaxt alacağını anlayır. Artıq o özü də yaxşı anlayır ki, müharibəni yaxın vaxtda başa çatdırmaq asan məsələ deyil".
Siyasi ekspert onu da qeyd edib ki, Tramp hakimiyyətinin ilk dövründə Rusiya ilə bağlı kifayət qədər loyal mövqe ortaya qoymuşdu:
"Bu, ciddi təəccübə səbəb olmuş və müxtəlif iddialara yol açmışdı. Düşünürəm ki, Ağ Ev rəhbərinin məqsədi Rusiyanın "qılığına girərək" onu kompromisə razı salmaq idi. Amma bu olmadı. Əksinə, ABŞ ilə Avropa arasında münasibətlər pozuldu. Beləliklə, Vaşinqton strategiyasını dəyişdi, diktə dilinə keçdi, Moskvaya təzyiq göstərməyə başladı. Bu, özünü sanksiyaların tətbiqində və danışıqlara başlamaq üçün "son tarix"in qoyulmasında göstərdi.
Trampın rusiyalı həmkarı Vladimir Putinə verdiyi on gün tamam olub. Bu o deməkdir ki, Vaşinqton özünün xəbərdarlıq etdiyi kimi, ciddi addımlar atmalıdır. Amma hələ ki, buna risk etmir. Çünki bu, mümkün razılaşmaların üstündən xətt çəkə, daha mürəkkəb vəziyyət yarada bilər. İndiki halda Rusiya ilə münasibətlərin daha da gərginləşməsi ABŞ-yə sərf etmir.
Bu günlərdə Trampın xüsusi elçisi Stiven Uitkoff Putinlə görüşdü. Görüşün nəticələri barədə müsbər rəylər verildi. Sonra isə Ağ Ev və Kreml rəhbərlərinin görüşəcəkləri barədə məlumat verildi. Ola bilsin, Uitkoffla Putin arasında görüşdə bu barədə razılıq əldə olunub.
Düşünürəm ki, iki lider bir araya gəlmək barədə razılıq əldə edibsə, müsbət nəticə gözləyə bilərik. Əks halda sadəcə telefonla da danışa bilərdilər.
Ola bilsin, Tramp Putinə müəyyən təkliflər edəcək və ondan konkret cavab tələb edəcək. Əgər Putin bu dəfə də razı olmasa, vəziyyət mürəkkəbləşəcək. Artan gərginlik nüvə müharibəsinə qədər gedə bilər. Ancaq Ağ Ev rəhbəri bunu istəmir. O, savaşı bitirməkdə israrlıdır. Xüsusilə Azərbaycan və Ermənistan arasında əldə olunan razılıq Trampda özgüvəni artırıb. Odur ki, o, dialoqa üstünlük verməyə davam edəcək. ABŞ çalışacaq elə etsin ki, nə Rusiya, nə də Avropa ilə kəllə-kəlləyə gəlsin".
Cavanşir ABBASLI
Musavat.com
13 Avqust 2025
12 Avqust 2025
ŞƏRHLƏRŞƏRH YAZ