Onlayn ictimai-siyasi qəzet
Bakıda “Uber” sürücüsü ilə sərnişin arasında əlbəyaxa dava olub. Sürücünün burnu sınıb. Buna səbəb sərnişinin siqaret alması üçün sürücüdən maşını saxlamasını istəməsi olub. Sürücü isə avtobus zolağı olduğu üçün maşını saxlaya bilməyəcəyini deyib. Buna görə onlar arasında mübahisə yaranıb.
Musavat.com xəbər verir ki, hadisə zamanı tərəflər maşında bir-birinə yumruq zərbələri vurub.
İstintaqla müəyyən edilib ki, hadisə zamanı sərnişin sürücüyə daha ağır xəsarət yetirib, burnunu sındırıb. Buna görə də sərnişin məsuliyyətə cəlb edilib.
Sərnişin Ramana qəsəbəsinə gedəcəkmiş. Bunun üçün dostu Qulu ona taksi sifariş verib. “Atatürk” prospektində taksiyə əyləşən Sahil 100-200 metr yol getdikdən sonra sürücü Qafardan (ad şərtidir) köşkdə saxlamasını istəyib. Sürücü isə avtobus zolağı olduğu üçün saxlaya bilməyəcəyini deyib. Sahil növbəti köşkdə saxlamasını istəyib. Sürücü yenə də saxlamayacağını deyib. Buna görə də aralarında mübahisə yaranıb. Bundan sonra Sahil sürücüdən kartla edilən ödənişi tələb edib və maşını saxlamasını istəyib. Sürücü bunun mümkün olmadığını bildirib.
Tərəflər arasında mübahisə maşının içində əlbəyaxa davaya çevrilib. Sahil deyib ki, sürücü onunla kobud danışdığı üçün mübahisə yaranıb. O, sürücünü vurduğunu etiraf edib, amma əlavə edib ki, sürücü də onu vurub.
Sürücü isə deyib ki, günah sərnişindədir. Sürücü bildirib ki, sərnişinin istədiyi yerdə maşını saxlamadığı üçün təhqir olunub, sifət nahiyəsindən çoxsaylı zərbələr alıb. Nəticədə burnu sınıb.
Araşdırma zamanı məlum olub ki, tərəflər arasında barışıq olub.
Sərnişin xuliqanlıq niyyəti ilə qəsdən sağlamlığa az ağır zərər vurmaqda ittiham olunaraq 2 il 3 ay azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilib.
İ.Muradov
Musavat.com
01 Iyul 2025
ŞƏRHLƏRŞƏRH YAZ