Onlayn ictimai-siyasi qəzet
Yəmənin "Ənsar Allah" üsyançı hərəkatına məxsus husilər Təl-Əvivdə yerləşən Ben-Qurion hava limanına ballistik raketlə hücum ediblər.
Musavat.com xəbər verir ki, bu barədə üsyançıların yaratdığı silahlı qüvvələrin nümayəndəsi Yəhya Sariya “Al Masirah” telekanalının efirində bildirib.
“Raket qüvvələri ballistik "Zülfüqar" raketindən istifadə edərək hərbi əməliyyat keçirib. Əməliyyat çərçivəsində Yaffa bölgəsində (söhbət Təl-Əvivdən gedir) yerləşən Ben-Qurion hava limanı hədəf alınıb”, – deyə o bildirib.
Sariyanın sözlərinə görə, əməliyyat öz məqsədinə uğurla çatıb və nəticədə hava limanının fəaliyyəti təxminən bir saat müddətinə dayandırılıb.
Bundan əlavə, yəmənli üsyançılar Təl-Əviv və Hayfa şəhərlərində iki hədəfə pilotsuz uçuş aparatları ilə zərbə endiriblər.
Mayın 6-da ABŞ prezidenti Donald Tramp bəyan edib ki, husilər Qırmızı dənizdə gəmilərə hücumları dayandırmağa razılaşıblar. Bu səbəbdən ABŞ ordusu artıq Yəməndəki üsyançı obyektlərinə zərbə endirməyəcək. ABŞ liderinin bəyanatından qısa müddət sonra Oman xarici işlər naziri Bədr əl-Busaidi bildirib ki, ABŞ və husilər sultanlığın vasitəçiliyi ilə Yəməndə atəşkəs barədə razılığa gəliblər. Onun sözlərinə görə, razılaşmaya əsasən, husilər Bab əl-Məndəb boğazından keçən, o cümlədən amerikalılara məxsus gəmilərə hücumlardan imtina edəcəklər. Eyni zamanda, “Ənsar Allah”ın Ali Siyasi Şurasının rəhbəri Mehdi əl-Məşat bəyan edib ki, üsyançılar Qəzzəyə dəstəyi davam etdirəcək və fələstinlilərlə həmrəylik məqsədilə İsrail ərazisinə hücumları dayandırmayacaqlar.
Musavat.com
22 May 2025
ŞƏRHLƏRŞƏRH YAZ