İnsanlara hürriyət, millətlərə istiqlal!

Berlin səfirini müdafiə edirmi? - Peter Fişerin bahalı mənzil qalmaqalının detalları üzə çıxdı

Almaniyanın Gürcüstandakı səfiri Peter Fişer ətrafında yaranmış diplomatik qalmaqal Berlinin siyasi gündəminin əsas müzakirə mövzularından birinə çevrilib.

Musavat.com xəbər verir ki, hadisənin mərkəzində Almaniyanın Xarici İşlər Nazirliyi (XİN) ilə ölkənin ən populyar müxalifət partiyası olan “Almaniya üçün Alternativ” (AfD) arasında artan gərginlik dayanır.

AfD partiyası oktyabrın 13-də Almaniya XİN-ə rəsmi sorğu göndərərək, Peter Fişerin Gürcüstandakı fəaliyyəti barədə bir sıra cavabların verilməsini tələb edib. Partiyanın iddiasına görə, Almaniya səfirinin son aylarda Gürcüstanın daxili siyasi proseslərinə “aktiv şəkildə müdaxiləsi” müşahidə olunur və bu, diplomatik etika ilə ziddiyyət təşkil edir.

AfD-nin diqqət çəkdiyi əsas məqamlardan biri səfirin yaşayış məsələsidir. Partiya iddia edir ki, Peter Fişer Tiflisdə bahalı mənzili Gürcüstanın tanınmış iş adamı və “Lelo” partiyasının lideri Mamuka Xazaradzedən icarəyə götürüb. Bu iddia Almaniya ictimaiyyətində “etik maraq toqquşması” kimi qiymətləndirilib. Müxalifətçilər hesab edirlər ki, səfirin belə bir mənzildə yaşaması, xüsusilə də onu aktiv siyasi fəaliyyətlə məşğul olan şəxsiyyətə məxsus olması, Berlinin “obyektiv diplomatik mövqeyinə kölgə salır”.

Müxalifət daha bir diqqətçəkən faktı gündəmə gətirib: son 10 həftə ərzində Peter Fişerin Gürcüstanda bir neçə müxalifət partiyası və siyasətçi ilə görüş keçirdiyi bildirilir. Bu görüşlərin Gürcüstanda keçiriləcək bələdiyyə seçkiləri ərəfəsinə təsadüf etməsi iddiaları gücləndirib. AfD bildirir ki, səfirin bu fəaliyyətləri Vyana Konvensiyasının 41-ci maddəsinə - “diplomatın daxili siyasi proseslərə qarışmamaq öhdəliyinə” - ziddir.

Məsələ artıq Almaniyanın Xarici İşlər Nazirliyinin də diqqət mərkəzinə keçib. Nazirlik Gürcüstan hökumətinin səfirin fəaliyyəti ilə bağlı sərt bəyanatlarından narazı qalaraq, Peter Fişeri “məsləhətləşmələr üçün” təcili şəkildə Berlina çağırıb. Rəsmi Berlinin bu addımı iki cür şərh olunur: bir tərəf bunu “səfirin müdafiəsi” kimi görür, digər tərəf isə “Berlinin qalmaqaldan uzaqlaşmaq cəhdi” kimi dəyərləndirir.

Diplomatik mənbələr bildirirlər ki, Peter Fişerin fəaliyyətinə dair qiymətləndirmə aparıldıqdan sonra onun Gürcüstandakı missiyasının davam edib-etməyəcəyi barədə qərar veriləcək.

Hazırda həm Almaniya, həm də Gürcüstan ictimaiyyəti bu məsələni diqqətlə izləyir. Gürcüstan mediası hadisəni “Qərbin seçkiyə müdaxiləsi” kimi təqdim edərkən, Avropa KİV-ləri bunu “diplomatın şəxsi sərhədləri aşması” kimi dəyərləndirir.

Müşahidəçilər hesab edirlər ki, bu qalmaqal Almaniya-Gürcüstan münasibətlərində müəyyən gərginlik yarada bilər və Berlinin Cənubi Qafqaz siyasətinə yenidən baxmasına səbəb ola bilər.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

20 Oktyabr 2025

BÜTÜN XƏBƏRLƏR