Onlayn ictimai-siyasi qəzet
“Bir şəxsin ildə neçə dəfə qan verə biləcəyi tibbi normalar və insan orqanizminin bioloji xüsusiyyətləri nəzərə alınaraq qanunvericiliklə və klinik protokollarla tənzimlənir. Bu tənzimləmə həm donorun sağlamlığının qorunması, həm də verilən qan komponentlərinin keyfiyyətli olması məqsədi daşıyır”.
Musavat.com xəbər verir ki, bunu Səhiyyə Nazirliyinin rəsmi İnstaqram hesabında canlı yayımda Səhiyyə Nazirliyi Respublika Qan Bankının həkim-terapevti Günel Əliyeva bildirib.
Onun sözlərinə görə, Ümumdünya Səhiyyə Təşkilatının məlumatına əsasən, qan donasiya intervalı kişilərdə hər 3 aydan bir olmaqla ildə 4 dəfə, qadınlarda isə 4 ay fasilə ilə ildə 3 dəfə olmalıdır:
“Bu fərq fizioloji səbəblərlə, xüsusilə qadınlarda aylıq menstrual qan itkisi və ümumi hemoqlobin ehtiyatlarının fərqliliyi ilə izah olunur. Plazma donasiyasına gəlincə, plazma donorları ildə 12-15 dəfəyə qədər plazma verə bilərlər, aralıq isə ən azı 2 həftə olmalıdır. Bu prosesdə yalnız plazma alınır, digər hüceyrələr geri verilir. Buna görə də bədən daha tez bərpa olunur. Trombosit donasiyasına isə ildə 10-12 dəfə icazə verilir”.
G.Əliyeva qeyd edib ki, müxtəlif ölkələrdə müvafiq qanunvericiliyinə əsasən müəyyən yaş həddi olsa da, əsas etibarilə 18-65 yaş arası praktiki sağlam şəxslərdən qan götürülür:
“Çəkisi 50 kq və boyu 150 sm-dən artıq olan şəxslərin donorluğuna icazə verilir. Mütləq ilkin həkim müayinəsi (qan təzyiqi, hərarət, çəki, antropometrik göstəricilər, anamnestik sorğu) və laborator test (HB səviyyəsi kişilərdə 135-180, qadınlarda 125-165 q/l) aparılır. Kriteriyalara uyğun şəxslər donor ola bilərlər. Donorluğa mütləq və nisbi əks-göstərişlər vardır. Bunu donoru müayinə edən həkim müəyyən edir, donorluqdan kənarlaşdırma və ya donorluğa icazəni də o müəyyən edir”.
03 Iyul 2025
02 Iyul 2025
ŞƏRHLƏRŞƏRH YAZ