Onlayn ictimai-siyasi qəzet
Genetik tədqiqatçı, DNT layihə admini, irsi xəstəliklər üzrə araşdırmaçı Orxan Xansuvar son günlər genetik analizlərə qarşı cəmiyyətdə yaranan şübhələr, bəzilərinin bu məlumatlara inanmamaları barədə müzakirələrə aydınlıq gətirib.
O, Pravda.az-a açıqlamasında deyib ki, genetik analizlər dünyada və böyük elmi inkişafın getdiyi ölkələrdə uzun illərdir, aparılır.
“Müxtəlif genetik araşdırma aparan kommersiya və tədqiqat məqsədli şirkətlər mövcuddur. Avropada daha çox "23andme", "Ancestry DNA" kimi şirkətlər tanınır. Lakin bu şirkətlər daha dərin və effektiv genetik analiz apara bilmirlər. Dünya üzrə ən çox tanınan və keyfiyyətli, eyni zamanda dərin genom analizi və tam marker tədqiqatı apara bilən şirkət Amerikanın "Family Tree DNA" şirkətidir. Burada həm Y DNT, Autosomal DNT, Mitoxondrial DNT, həm də genetik xəstəliklər üzrə tədqiqat aparılır, bu imkanları müştərilərə yüksək səviyyədə yaradır. Xüsusilə, qeyd edim ki, bir aralar geniş yayılmış müxtəlif saxta şəbəkələr, yaxud əyləncə proqramları var idi. Bu isə tam elmi-tədqiqat nəticəsidir. Laborator və ən müasir avadanlıqlara əsaslanan elmi nəticədir. Biz isə Azərbaycanda bu elmi-genetik mənşə tədqiqatını başladan qrupuq. Əvvəlcə, Əkbər Əliyev tərəfindən 2009-cu ildə Azərbaycanlıların genetik mənşəyini araşdırmaq və beynəlxalq sferada bu sahədə ölkəmizin tanınması üçün Azərbaycan DNT layihəsi yaradılıb. Bu prosesdə sonradan mən də daxil olmaqla, başda Rəzzaq Xansuvar, Ağaəli Varsaman, İlqar Əsədov, Sərxan Bəşirov, Ülvi Məmmədov aktiv iştirak etmiş və layihə rəhbərləri olaraq maarifləndirməyə nail olmuşuq. Hətta 2017-ci ildən Azərbaycan DNT layihəsinin yüksək inkişafı nəticəsində Rəzzaq Xansuvarın rəhbərliyi ilə etnik talışları tədqiq edən Talış DNT layihəsi yaradılıb. Bununla yanaşı ümumi layihə çərçivəsində Azərbaycan-Turkic alt layihələri də tərtib olunub. İlk dəfə olaraq Azərbaycanda yaşayan xalqların genetik-irsi xəstəliklərini beynəlxalq elmi səviyyədə tədqiq etməyə başladım. DNT-nin tədqiqi həm cəmiyyət, həm də fərdlər olaraq əcdadlarımızın mənşəyini müəyyən dərəcədə dəqiqliklə müəyyən etməkdə faydalı ola bilər. Hər birimiz DNT-ni hər iki valideynimizdən miras aldıq, onlar da öz növbəsində onu hər iki valideynindən (dörd nənə və babamızdan) və s. Beləliklə, əcdadların sayı hər nəsillə iki dəfə artdığından, bizim DNT-miz hər biri fərqli əcdadlarımızın birindən gələn çoxlu kiçik DNT fraqmentlərinin mozaikasından ibarətdir. Bir nəslin 30 il olduğunu nəzərə alsaq, 1970-ci illərdə anadan olan şəxsin, təxminən, 1700-cü ildə doğulmuş 256 əcdadı, 1670-ci ildə doğulan 512 əcdadı və 1610-cu ildə doğulmuş bir neçə min əcdadı var. Nəsildən-nəslə ötürülmə zamanı xoşbəxtlikdən dəyişməz qalan iki genetik varlıq mövcuddur. Birincisi, ana tərəfindən bütün uşaqlarına ötürülən mitoxondrial DNT (mtDNT), ikincisi, atadan oğula keçən Y xromosomudur. Y xromosomu, demək olar ki, dəyişməz olaraq atadan oğula keçir. Beləliklə, kişilər, 1000 ildən çox əvvəl yaşamış ata tərəfdən əcdadları ilə eyni Y xromosomunu miras alırlar. Eyni cinsdən olan bütün kişilərdə oxşar Y xromosomları var. Zamanla əldə edilən incə dəyişikliklər (təxminən hər 2 və ya 3 nəsildə bir mutasiya) iki oxşar Y xromosomunu daşıyan iki fərd arasında ən son ortaq əcdadın tarixini təyin etməyə imkan verir. İnsanların çoxu şəcərə tədqiqatı üçün DNT-dən istifadə haqqında danışarkən hər iki valideyndən miras qalan DNT olan autosomal DNT-dən danışırlar. Genealogiya üçün autosomal DNT-dən istifadə etmək çətin ola bilər, çünki uyğun seqmentlər ya atanızdan, ya da ananızdan gələ bilər və hansı tərəfdən olduğunu anlamaq çətindir. Ancaq Y DNT ilə siz onun haradan gəldiyini dəqiq bilirsiniz, çünki o, yalnız atadan oğula keçir. "Ancestry", "MyHeritage" və "23andMe" şəcərə üçün istifadə edilə bilən nəhəng DNT verilənlər bazası yaratsalar da, onlar genealoji cəhətdən faydalı Y DNT testi təklif etmirlər. Lakin "Family Tree DNA" şirkətindəki sadəcə Family Finder testi ilə hər üçünü əldə etmək şansı əldə edirsiniz”, - o bildirib.
O.Xansuvar deyib ki, Qafqazda və Azərbaycanda ilk genetik və elmi tədqiqat layihəsi olan Azerbaijan DNA Project olaraq heç bir sponsor, dəstək olmadan uzun illərdir, bu tədqiqatı dayanmadan və yorulmadan davam etdirirlər:
“Tədqiqatlarımızın effektivliyi nəticəsində istər Azərbaycan türkləri, istərsə də ölkəmizdə yaşayan hər xalq üçün komandamızın səyi nəticəsində genetik baza formalaşdırırıq. Artıq genetik kalkulyatorlar da "Azerbaijan DNA" deyilən bir qavram yaratdıq. Böyük Britaniyanın "23andme", Avropanın isə müxtəlif nüfuzlu "Ancestry DNA", "Nebula" və s. kimi DNT tədqiqat şirkətlərindəki azərbaycanlı nümunələrini də toplaya bilmişik. Həmçinin qeyd edim ki, Azərbaycan elmində ilk dəfə olaraq sayəmdə bir xalqın populyasion genetik spesifik xəstəliklərini də ayrıca tədqiq edirik. Bunlara genetik xəstəliklər üzrə meyillilik səviyyəsi, daşıyıcılıq, bir xalqın nümayəndələrində ortaq ötürülən irsi problem və s. daxildir. Digər bir tədqiqatın başlanğıc məhsulu da müəllifi Rəzzaq Xansuvar və Ağaəli Varsamanın olduğu "Lənkəran qəzasının 1849-cu il üzrə kameral təsviri" kitabı idi. Burada ilk dəfə olaraq tarixə elmi və sənədli baxış metodu tətbiq olunmuşdur. Gələcəkdə genetik məlumatların da olduğu və daha keçmişi əhatə edən elmi-ensiklopedik kitab üzərində də işləyirik. Komandamızın əsas məqsədi Azərbaycan elmini zirvəyə daşımaq və müasir elmi inkişaf prosesindən vətənimizin geri qalmaması və hətta beynəlxalq səviyyədə digər toplumlardan daha çox fərqlənməsinə nail olmaqdır”.
29 Oktyabr 2025
28 Oktyabr 2025
ŞƏRHLƏRŞƏRH YAZ