Onlayn ictimai-siyasi qəzet
İsveçrənin Credit Suisse bankı ABŞ müştərilərinə vergi orqanlarından 4 milyard dollardan çox pulu gizlətmək üçün kömək etdiyini etiraf edib.
Musavat.com xəbər verir ki, məlumatı ABŞ Ədliyyə Nazirliyi yayıb. Nazirlik bildirir ki, kredit təşkilatı 2014-cü ildə bağlanmış müqaviləni analoji əsaslarla pozduğuna görə 511 milyon dollar ödəməyə razılaşıb.
2023-cü ildə Credit Suisse-i alan UBS bildirib ki, bankın törəmə müəssisəsi iki cərimə ödəyəcək - saxta vergi bəyannamələrinin təqdim edilməsinə görə 372 milyon dollar və cinayət təqibinin dayandırılması üçün sövdələşmə çərçivəsində 139 milyon dollar. Sonuncu Credit Suisse-in Sinqapur filialındakı amerikalı müştərilərin hesablarına aiddir. Bank, 2009-cu ildə oxşar işdə ABŞ səlahiyyətliləri ilə 780 milyon dollar hesablaşmasını xatırladaraq, qeyd edib ki, "UBS sözügedən hərəkətlərdə iştirak etməyib və vergidən yayınmağa dözmür".
ABŞ Ədliyyə Nazirliyinin məlumatına görə, Credit Suisse müştərilərinə ən azı 475 ofşor hesabı vasitəsilə aktiv və gəlirlərini gizlətməyə kömək edib: “Bankın işçiləri sənədləri saxtalaşdırıb, uydurma ianələr edib və vergiyə uyğunluğu yoxlamadan 1 milyard ABŞ dolları məbləğində hesablara xidmət göstəriblər”.
İş üzrı istintaq bir neçə il davam edib və üzə çıxarıb ki, Credit Suisse 2014-cü ildəki qərarla ABŞ-da vergi cinayəti işi üçün rekord məbləğ olan 2,6 milyard dollar ödədikdən sonra qeyri-qanuni təcrübələri davam etdirib. 2014-2023-cü illər arasında Sinqapur hesabları vasitəsilə gizlədilən aktivlərin ümumi məbləği 2 milyard dolları ötüb. ABŞ səlahiyyətliləri qeyd edir ki, təhqiqat Credit Suisse-in keçmiş əməkdaşlarının ifadələrindən sonra başlayıb.
Musavat.com
06 May 2025
ŞƏRHLƏRŞƏRH YAZ