İnsanlara hürriyət, millətlərə istiqlal!

Çərşənbə axşamı Tehranda, cümə günü İstanbulda – İran–ABŞ nüvə danışıqları bərpa olunur?

Sabah, iyulun 25-də Türkiyənin İstanbul şəhərində İran və Avropa ölkələri arasında nüvə danışıqları keçiriləcək. Qeyd edək ki, şərti olaraq E-3 adlanan 3 Avropa ölkəsi – Böyük Britaniya, Fransa və Almaniya – 2015-ci ildə İranla nüvə sazişini imzalayan “altılıq” ölkələri qrupunda təmsil olunur. İran tərəfdən İstanbul danışıqlarında xarici işlər nazirinin müavini Məcid Taxt-Rəvançi və Kazım Qəribabadi iştirak edəcək.

Yeri gəlmişkən, iyulun 22-də İranın paytaxtı Tehranda İran, Rusiya və Çin nümayəndələri arasında İranın nüvə proqramı ilə bağlı danışıqlar keçirilib. İran mediasının məlumatına görə, tərəflər İranın nüvə proqramı ilə bağlı fəaliyyətləri koordinasiya etməklə bağlı razılıq əldə ediblər.

Aydın məsələdir ki, həm 22 iyulda Çin və Rusiya ilə Tehranda keçirilən görüş, həm də 25 iyulda İstanbulda 3 Avropa ölkəsi təmsilçiləri ilə keçiriləcək görüşün əsas məqsədi İranın ABŞ-la nüvə danışıqlarını bərpa prosesinə həsr olunub.

Tehranda İran, Rusiya və Çin arasında üçtərəfli görüş keçirilib

Tehran görüşü ilə bağlı yayılan məlumata əsasən, Pekin və Moskva İranın nüvə sazişinə qayıtması və ABŞ-la danışıqları bərpası məsələsində Tehrana diplomatik dəstək vəd edir.

Avropa ölkələri ilə vəziyyət daha mürəkkəbdir. Məlum olduğu kimi, 2015-ci ildə İran və “altılıq” (ABŞ, Çin, Rusiya, Almaniya, Fransa, Böyük Britaniya) ölkələri arasında imzalanmış nüvə sazişi formal olaraq qüvvəsindədir, yalnız 2018-ci ildə Tramp birinci prezidentliyi dövründə sazişdən birtərəfli olaraq çıxıb və Tehrana qarşı sanksiyalar tətbiq edib. Buna cavab olaraq İran da nüvə sazişindəki öhdəliklərin bir qismini yerinə yetirməkdən imtina edərək əvvəlcə uranı 20 faiz, daha sonra isə 60 faiz zənginləşdirməyə nail olub.

Bu ilin əvvəlində Donald Tramp prezident kimi fəaliyyətə başladıqdan az sonra, mart ayında İranın dini liderinə məktub göndərmiş və bunun ardınca İran və ABŞ arasında Omanda vasitəli nüvə danışıqları bərpa olunub. Tərəflər Omanın paytaxtı Məsqətdə və İtaliyanın paytaxtı Roma şəhərində bir neçə görüş keçirib. Lakin İsrailin İrana hücumu danışıqların dayanmasına səbəb olub.

Tramp: Ermənistan və Azərbaycan arasında möcüzə yaradırıq

İyunun 22-də isə ABŞ hərbi aviasiyası İranın Natanz, Fordo və İsfahandakı nüvə mərkəzlərinə bunker dəlici bomba atıb. Bundan sonra İran nüvə danışıqlarını dayandırıb və BMT (MAQATE) müfəttişləri ilə əməkdaşlığı kəsib.

Hazırkı proses isə İran və ABŞ-ın yenidən danışıqlar masasına qayıtmasına xidmət edir. Bu ayın əvvəlində İranın xarici işlər naziri Abbas Əraqçi deyib ki, rəsmi Tehran nüvə obyektlərinə zərbə endirilməyəcəyi ilə bağlı təminat veriləcəyi halda nüvə danışıqlarına qayıda bilər. Eyni zamanda o, İranın danışıqlara qayıtmağa hazır olduğunu bildirib.

Ancaq Əraqçinin bu mövqeyini İranda heç də hamı bölüşmür. Məsələn, mühafizəkar qanad nüvə danışıqlarının bərpasına soyuq yanaşır. Ümumiyyətlə, ABŞ-la danışıqlar masasına qayıtmağın əleyhinə çıxış edir. Bununla bağlı ən bariz nişanə mühafizəkar və islahatçıların ABŞ zərbələri ilə bağlı açıqlamasıdır. Mühafizəkar qanada məxsus media və o cümlədən, Sepah generalları ABŞ zərbələrinin İranın nüvə sənayesinə ciddi zərbə vurmadığını iddia edirlər.

Bunun əvəzinə islahatçı qanad, konkret olaraq prezident Məsud Pezeşkiyan və xarici işlər naziri Abbas Əraqçi ABŞ zərbələrinin ciddi təsirindən danışır. İyulun 7-də prezident Pezeşkiyan bildirdi ki, ABŞ zərbələri İranın nüvə infrastrukturuna ciddi zərbə vurub, hökumət rəsmiləri dəyən ziyanı hesablaya bilmir.

İran müharibəyə hazırdır - Abbas Əraqçi - Unikal.az

Maraqlıdır ki, oxşar açıqlamanı bu günlərdə ABŞ-ın “Fox News” telekanalına müsahibəsində Əraqçi verdi. İran XİN başçısı bildirdi ki, Amerika zərbələri İranın nüvə stansiyalarına “çox ciddi” zərər vurub, nüvə stansiyaları məhv edilib.

Bundan sonra ABŞ prezidenti Əraqçinin sözlərini təsdiqləyib və lazım gəlsə yenidən İranın nüvə obyektlərini vura biləcəklərini deyib. Halbuki Əraqçidən əvvəl ABŞ hökumətindəki mənbələr İranda 3 nüvə obyektindən yalnız birinə ziyan dəydiyini bildirmişdi.

Yəni başqa sözlə, ABŞ və İranda nüvə danışıqlarının olmasını istəyən və istəməyən qüvvələr var. Hazırkı İran hökuməti nüvə danışıqlarının bərpasını istəyir. Konkret olaraq Əraqçinin açıqlaması məhz buna xidmət edir. Görünür ki, hazırkı İran hökuməti həm də ölkə daxilindəki rəqibləri ilə nüvə danışıqları mövzusunda mübarizə aparır.

CROSSMEDIA - Avropa İranı nüvə danışıqlarını qəsdən gecikdirməkdə ittiham  edir

Donald Tramp da İranla nüvə danışıqlarını bərpa etməkdə maraqlıdır. Vəzifəyə gəldiyi gündən sülh vədlərinin heç birini yerinə yetirə bilməyən prezident Tramp bu günə qədər İran və Yəmənə hava zərbələri də daxil olmaqla bir neçə hərbi əməliyyatda birbaşa iştirak edib. Üstəlik, Fələstin də daxil olmaqla faktiki olaraq heç bir münaqişə bölgəsində sülh və barışıq əldə olunmayıb. Belə bir şəraitdə Tramp administrasiyası üçün sülh danışıqları indi sağlam imic üçün vacibdir.

Bu mənada həm Tehran, həm də sabahkı İstanbul görüşünün məntiqi sonluğu ABŞ–İran nüvə danışıqlarının yenidən bərpası ehtimalını gücləndirir. Lakin həm Trampın İranın nüvə fəaliyyəti ilə bağlı şərtləri, məsələn, uranın İran xaricində zənginləşdirilməsi kimi tələbləri, həm də İranın mövqeyi göstərir ki, yaxın zamanda razılaşma əldə etmək ehtimalı çox azdır.

Kənan Rövşənoğlu
Xüsusi olaraq Musavat.com üçün

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

30 Iyul 2025

29 Iyul 2025

BÜTÜN XƏBƏRLƏR