İnsanlara hürriyət, millətlərə istiqlal!

Çin Trampı ticarət müharibəsi ilə suçladı: "Meşə qanunlarına dönürük" - ÇOX SƏRT

Çin xarici işlər naziri Van Yi ABŞ-ın ticarət siyasətini sərt tənqid edərək, Vaşinqtonu Pekinə qarşı təzyiqlərin nəticələri barədə xəbərdar edib.

Musavat.com xəbər verir ki, o, Pekində keçirilən Ümumçin Xalq Nümayəndələri Yığıncağında çıxışı zamanı Vaşinqtonun tətbiq etdiyi ticarət məhdudiyyətlərinin beynəlxalq münasibətlərə zərər vurduğunu bəyan edib.

“Əgər hər bir ölkə öz maraqlarını və gücünü hər şeydən üstün tutarsa, dünya xaosa sürüklənəcək və “meşə qanunları”na geri dönəcək”, – deyə Van Yi bildirib.

Nazir xüsusilə ABŞ-ın Çin məhsullarına qarşı tətbiq etdiyi ticarət rüsumlarını və iqtisadi məhdudiyyətləri tənqid edərək, bunun ikitərəfli münasibətləri məhv edəcəyini vurğulayıb.

“Heç bir ölkə özünü aldatmamalıdır ki, eyni anda həm Çini sıxışdırıb, həm də onunla yaxşı münasibətlər qura bilər”, – deyə Çin diplomatı sərt mesaj verib.

Çin və ABŞ arasında ticarət qarşıdurması ilk dəfə 2018-ci ildə Tramp administrasiyasının Pekinə qarşı yüksək rüsumlar tətbiq etməsi ilə başlamışdı. Həmin dövrdə iki ölkə arasında sərt iqtisadi müharibə yaşandı və ABŞ Çin texnologiya şirkətlərinə qarşı ciddi sanksiyalar tətbiq etdi.

İndi isə, Trampın ticarət müharibəsi siyasəti yenidən vüsət götürüb və daha da sərtləşir. Son aylar ABŞ Çinin yarımkeçirici sənayesini məhdudlaşdırmaq üçün əlavə sanksiyalar və ixrac qadağaları tətbiq edib. Pekin bu addımlara cavab olaraq ABŞ-ın avtomobil və texnologiya sektoruna qarşı öz məhdudiyyətlərini nəzərdən keçirdiyini açıqlayıb.

Van Yinin açıqlamaları göstərir ki, Çin artıq bu münaqişənin uzunmüddətli olacağını anlayır və Vaşinqtonun iqtisadi təzyiqlərinə sərt cavab verməyə hazırlaşır. Pekin ABŞ-ın rəsmi mövqeyində dəyişiklik olmazsa, qarşılıqlı məhdudiyyətlərin genişlənəcəyini və qlobal iqtisadiyyat üçün ciddi fəsadlar doğura biləcəyini bəyan edib.

ABŞ və Çin arasındakı bu ticarət müharibəsi qlobal ticarət bazarına və beynəlxalq təchizat zəncirlərinə ciddi təsir göstərir. Əgər tərəflər kompromis tapmasa, iqtisadi qarşıdurmanın yeni, daha sərt mərhələyə keçməsi qaçılmaz ola bilər.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

24 May 2025

23 May 2025

BÜTÜN XƏBƏRLƏR