Onlayn ictimai-siyasi qəzet
Bakı Məhkəmə Kompleksində Ermənistan silahlı qüvvələri və qanunsuz silahlı birləşmələr tərəfindən törədilən cinayətlərdə ittiham olunan 15 nəfərin məhkəmə istintaqı davam edir. Haqlı olaraq “Nürnberq prosesi” adlandırılan məhkəmə prosesində müttəhimlər kürsüsünü Araik Harutyunyan, Arkadi Qukasyan, Bako Sahakyan, Davit İşxanyan, David Babayan, Levon Mnatsakanyan və digərləri bölüşürlər.
Musavat.com xəbər verir ki, geniş ictimaiyyətin diqqət mərkəzində olan cinayət işinə Bakı Hərbi Məhkəməsinin sədri Zeynal Ağayevin sədrliyi, hakimlər Anar Rzayev və Camal Ramazanovun iştirakı ilə baxılır.
Həmçinin ehtiyat hakim qismində Günel Səmədova iştirak edir. Məhkəmədə dövlət ittihamçısı qismində 6 nəfər prokurorluq əməkdaşı çıxış edir.
Mayın 23-də keçirilən prosesdə Azərbaycan ərazilərinin işğalı zamanı Ermənistanın təşəbbüsü ilə yaradılan “Şuşa əlahiddə taboru”nun tərkibində xarici ölkələrdən gələn şəxslərin iştirakını ifşa edən videomaterial tədqiq olunub.
Musavat.com məlumat verir ki, videoda dünyanın müxtəlif yerlərindən – ABŞ-dən, Kanadadan, Suriyadan, Ermənistandan gələn 210-dan artıq daşnak və könüllü tərəfindən 1991-ci il noyabrın 5-də “Şuşa əlahiddə taboru” yaradılıb.
Videomaterialda deyilir ki, “Qarabağın azad edilməsi” döyüşlərində iştirak edən təxminən 100 diaspor ermənisindən 65 nəfəri bu taborun döyüşçüsü olub. Videogörüntülərdə özünün olduğunu təsdiq edən təqsirləndirilən şəxs David Manukyan Şuşa taborunun tərkibində Ağdərədə və Kəlbəcərdə aparılan döyüş əməliyyatlarında iştirak etdiyini bildirib. David Manukyan dövlət ittihamçısının suallarına cavabında iddia edib ki, Şuşa taborunun tərkibində muzdlular olmayıb, amma xarici ölkələrdən gələn şəxslər iştirak edib. Prosesdə təqsirləndirilən Davit İşxanyanın 2016-cı ildə keçmiş qondarma qurumun televiziyasına verdiyi müsahibənin yer aldığı videomaterial nümayiş olunub.
Videomaterialda jurnalistin suallarını cavablandıran Davit İşxanyan “Daşnaksütyun” tərəfdarlarının Azərbaycan ərazilərindəki fəaliyyəti barədə danışıb:
“Daşnaksütyun” 1990–1991-ci illərdə Qarabağa gəldi. Əsas fəaliyyət təbii ki, cəbhə bölgəsində gedirdi. Ona görə də bu istiqamətdə iş aparılırdı.
“Daşnaksütyun” təkcə silahla yox, maddi və insan resursları cəhətdən də Qarabağda fəaliyyət göstərirdi. Əsas digər məsələ isə təşkilatçılıq məsələsi idi. “Daşnaksütyun” bizim üçün bir qalxan rolunu oynayırdı. Təsadüfi deyil ki, “Daşnaksütyun” partiyası 1990–1991-ci illərdə və 1994-cü ilə qədər ordu quruculuğunda və digər sahələrdə öz parlaq fəaliyyətini göstərdi. O dövrdə daşnak nümayəndələri, döyüşçüləri və dəstələri formalaşırdı. Mən də həmin dövrdə onlardan biri olmuşam”.
Azərbaycan ərazilərində yaradılan keçmiş qondarma qurumun Ermənistana birləşdirilməsi barədə teleaparıcının sualına cavab verən İşxanyan deyib:
“Mənim də şəxsi fikrim budur ki, ən düzgün yol – sonda Qarabağın Ermənistana birləşdirilməsidir. Bu, bizim əsas və son nəticəmiz olmalıdır. Hazırda keçid dövründəyik. Mənim üçün Qarabağ və tarixi Ermənistan eyni anlayışlardır, mən onları bir yerdə görürəm”.
Keçmiş qondarma qurumun televiziyasına verdiyi müsahibə barədə məhkəmədə dövlət ittihamçının suallarına cavab verən Davit İşxanyan videomaterialda “Daşnaksütyun”un keçmiş qondarma quruma hərbi dəstək verdiyi barədə söylədiyi fikirləri təkzib edib.
Xatırladaq ki, ötən prosesdə Davit İşxanyanın Azərbaycanın vaxtilə işğalda olmuş ərazilərindəki fəaliyyətini, döyüş əməliyyatlarında iştirak etməsini sübut edən video nümayiş olunmuşdu.
Daha ətraflı: https://musavat.com/news/davit-isxanyani-ifsa-eden-videoda-neler-var_1170586.html
E.MƏMMƏDƏLİYEV,
Musavat.com
24 May 2025
23 May 2025
ŞƏRHLƏRŞƏRH YAZ