İnsanlara hürriyət, millətlərə istiqlal!

Deputat “Şəfa” stadionundakı cadudan danışdı: “Bu, cəhalətin Azərbaycan modelidir”

Millət vəkili Fazil Mustafa ölkədə cadugərlik, falçılıq və bu kimi xurafat meyllərinin artmasını cəmiyyət üçün təhlükəli və cəhalət nümunəsi kimi dəyərləndirib.

Musavat.com-a bu barədə danışan deputat məsələ ilə bağlı ciddi məqamlara toxunub.

Onun sözlərinə görə, bu cür halların geniş yayılması Azərbaycanın qarşısında duran maarifçilik problemlərindən xəbər verir: “Belə hallar xurafatın bariz nümunəsidir və təəssüf ki, Azərbaycanda da kifayət qədər yayılıb. Xurafatçı insanlar caduya, pitiyə, müxtəlif axmaq prosedurlara inanırlar. Təəccüblüsü odur ki, cəmiyyətdə bu axmaqlığa loyal yanaşan xeyli insan var. Hətta aralarında tanınmış şəxslər də tapılır ki, onlar bu yolla həyat tərzini qurmağa çalışırlar”.

Fazil Mustafa bu davranışların İslam dini ilə də ziddiyyət təşkil etdiyini qeyd edib: “İslam dinində bu tamamilə qəbuledilməzdir. Allahın iradəsindən kənarda heç bir vasitə ilə insana təsir göstərmək mümkün deyil. Ola bilsin ki, kimlərsə bunu faydalı hesab edir, amma bu ciddi məsələ deyil, müzakirəyə dəyməz. Bu, əslində cəhalətin və xurafatın Azərbaycan modelidir və təəssüf ki, bu modeli hələ də cəmiyyətdən yığışdıra bilmirik”.

Millət vəkili falçılıq və cadugərliklə bağlı daha geniş miqyaslı maarifləndirməyə ehtiyac olduğunu vurğulayıb: “Cəmiyyətin böyük hissəsi falçılığa və caduya bulaşıb, bu da artıq bir növ xəstəlik xarakteri daşıyır. Diqqət edin, tarixi və ya təbiət hadisələrini belə möcüzə kimi təqdim etməyə çalışırlar. Onlarla təbiət hadisəsi var ki, dini ziyarət yerinə çevrilib. Bu cür xəstə düşüncəli insanlara isə maarifçiliklə başa salmaq, təəssüf ki, çox çətindir”.

Deputat hesab edir ki, dövlət bu məsələyə daha ciddi yanaşmalıdır: “Dövlət, yəqin ki, hansısa formada bu istiqamətdə addımlar atmalıdır. Qanunvericilikdə bu barədə kifayət qədər müddəa mövcuddur. Amma görünür ki, boşluqlar da var və insanlar asanlıqla aldadılırlar”.

Qeyd edək ki, bu günlərdə “ASK Arena” adlanan köhnə “Şəfa” stadionunun qazonu təmir edilərkən orada bəzi şəxslərə cadu-piti edildiyinin izləri aşkarlanıb. Bu barədə yayılan xəbərlərdə bildirilirdi ki, həmin cadu keçmiş “Keşlə”, indiki “Şamaxı” klubunun sabiq baş məşqçiləri Yunis Hüseynov və Sənan Qurbanova qarşı edilib.

Məhz onların şəkilləri və adları yazılmış cadu süni qazonun altından tapılıb. Cadu materialında “Keşlə”nin əməkdaşı Eldəniz Yusifovun da adı olub. Ehtimal olunur ki, bunu həmin vaxt “Keşlə”nin uğursuzluğunu istəyən, kluba baş məşqçi gəlmək arzusunda olan azərbaycanlı məşqçilərdən biri edib.

Afaq Mirayiq,
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

30 Iyul 2025

BÜTÜN XƏBƏRLƏR