Onlayn ictimai-siyasi qəzet
Qərb Netanyahunu müdafiə etməkdə getdikcə daha çox çətinlik çəkir.
Fransanın ardınca Böyük Britaniya hökuməti də Fələstin dövlətini tanıya biləcəyini elan edib. Baş nazir Kir Starmer bəyan edib ki, İsrail bəzi tələbləri yerinə yetirməsə, Britaniya sentyabrda Fələstini dövlət olaraq tanıyacaq.
Britaniyanın İsraildən 3 əsas tələbi var:
1. İsrail iki dövlətli həll variantını reallaşdıracaq uzunmüddətli sülh prosesinə sadiqlik,
2. Qəzzadakı dəhşətli vəziyyətə son qoymaq üçün gərəkli addımları atmaq,
3. İordan çayının qərb sahilini ilhaq etməyəcəyini rəsmən açıqlamaq.
Xatırladaq ki, İsrail parlamenti keçən həftə İordan çayının qərb sahili ərazilərini – yəni Fələstin muxtariyyəti torpaqlarını – ilhaqa icazə verən qanun layihəsini qəbul edib. Britaniya hökumət başçısının bu bəyanatı BMT-də 3 günlük Fələstin konfransının davam etdiyi bir vaxtda, həmçinin Fransanın keçən həftə sentyabrda Fələstin dövlətini rəsmən tanıyacağı ilə bağlı bəyanatının ardınca gəlməsi diqqət çəkib.
Ancaq əsas məsələ odur ki, Böyük Britaniya İsrailin əsas dəstəkçilərindən biri olub və hələ 100 il əvvəl mandatlıq ərazi olaraq idarə etdiyi Fələstində İsrail dövlətinin yaradılmasında həlledici rol oynayıb. Digər tərəfdən, Böyük Britaniyanın Fələstin dövlətini tanıması Qərbdə ciddi təsir yaradaraq Avstraliya, Kanada, Yeni Zelandiya kimi hələ də Fələstini tanımayan dövlətlər üçün yol aça bilər.
Yeri gəlmişkən, Böyük Britaniya və Fransa ilə birlikdə hazırda BMT-də Fələstin dövlətini tanıyan ölkələrin sayı 150-yə çatıb. Qeyd edək ki, 1988-ci ildə mühacirətdə Fələstin Dövləti elan olunanda əksər müsəlman ölkələri, SSRİ başda olmaqla sosialist düşərgəsi Fələstinin müstəqilliyini tanıyıb. Ötən 35 il ərzində 140-a yaxın ölkə Fələstini tanıyıb. Son bir ildə İspaniya, Norveç, İrlandiya, Sloveniya və Ermənistan kimi bir çox ölkə Fələstin dövlətini tanımaqla bağlı qərar qəbul edib.
ABŞ başda olmaqla 40-a yaxın, əsasən Qərb dövləti və ABŞ-ın Uzaq Şərq müttəfiqləri olan Yaponiya, Cənubi Koreya, Tayvan, Myanma isə hələ də Fələstin dövlətini tanımır. Bunu daha çox münaqişənin davam etməsi və iki tərəf arasında siyasi razılaşma olmaması ilə izah edirlər. Vaşinqton özü də BMT-də keçirilən Fələstin konfransına qatılmayıb. Lakin bununla belə, prezident Tramp etiraf edib ki, Qəzzada vəziyyət pisdir, orada “uşaqlar acından ölür”.
Lakin Netanyahu hökuməti hələ də Qəzza müharibəsini dayandırmaq fikrindən uzaqdır. Əksinə, İsrail hakimiyyəti Fələstinin tanınması və BMT konfransı kimi addımların münaqişəni daha da uzadacağını və “sülhə maneə olacağını” düşünür.
Ancaq məsələ ondadır ki, həm Fransa, həm də Böyük Britaniyanın Fələstini tanımaqla bağlı hədəsi yaranmış mürəkkəb vəziyyətdən çıxış üçün İsrailə şans verməkdir. Çünki hazırda bir tərəfdən Qərb ölkələrinin, o cümlədən ABŞ-ın ictimai rəyində İsrail əleyhdarlığı sürətlə artır. Vətəndaş cəmiyyəti, hüquq müdafiə təşkilatları, tələbələr, siyasət adamları Qəzzada və İordan çayının qərb sahilində baş verənlərə görə İsrail hökumətini sərt tənqid edir, hökumətlərindən ciddi addım atmağı tələb edirlər. Artıq İsrail siyasətçiləri də etiraf edir ki, Netanyahunun Qəzza siyasəti İsraili təcridə aparır.
Bu mənada İsrailin ən böyük dəstəkçilərindən olan Fransa və Böyük Britaniyanın Fələstini tanıma hədə-qorxusu bir mənada vəziyyətdən çıxmaq üçün Netanyahu hökumətinə təzyiq cəhdidir. Çünki bu gün BMT-də qəbul olunmuş “Nyu York deklarasiyası” bu xəbərdarlığın nə qədər gerçək olduğunu göstərir.
Qəzzada və İordan çayının qərb sahilində davam edən işğal və zorakı məskunlaşma, fələstinlilərin zorakılıqla evlərindən qovulması dünya ictimai rəyini ciddi şəkildə ayağa qaldırıb. Hətta Almaniya kimi birmənalı İsrail müdafiəçisi dövlət hazırda İordan çayının qərb sahilində yəhudi məskunların dinc əhaliyə hücumlarını kəskin şəkildə tənqid edib. ABŞ-da isə son anket sorğusunda ölkə vətəndaşlarının 60 faizdən çoxu İsrailin Fələstin siyasətinə qarşı çıxıb. Yalnız 1/3-i İsraili dəstəkləyib, halbuki iki il əvvəl oktyabrda İsraili dəstəkləyənlərin sayı 55 faizdən çox olub.
İndi hər kəsə aydındır ki, Qəzzada zorakılığın artması ən çox İsrailin özünə zərər vurur. Habelə, müttəfiqləri indi Netanyahunu dəstəkləməkdə daha çox çətinlik çəkirlər. Bu mənada BMT-dəki Fələstin konfransı və Fransa, Böyük Britaniya kimi dövlətlərin Fələstin qərarları ən çox İsrailə və Netanyahu hökumətinə xəbərdarlıqdır. Çünki bu gediş İsrailin yalnızlaşması və təcridinə gətirə bilər.
Kənan Rövşənoğlu
Xüsusi olaraq Musavat.com üçün
31 Iyul 2025
ŞƏRHLƏRŞƏRH YAZ