Onlayn ictimai-siyasi qəzet
Cenevrədə keçirilən Parlament Sədrlərinin 6-cı Dünya Konfransında və Parlamentlərarası İttifaqın Qadın Parlament Sədrlərinin 15-ci Sammiti başa satıb. Milli Məclisin sədri Sahibə Qafarova da tədbirdə iştirak edib.
Musavat.com xəbər verir ki, işgüzar səfəri çərçivəsində spiker İrlandiya Parlamenti Nümayəndələr Palatasının sədri Verona Mörfi və Moldova Parlamentinin sədri İqor Qrosu ilə görüşlər keçirib.
Verona Mörfi ilə görüşdə parlamentlərin beynəlxalq fəaliyyətinin, parlament diplomatiyasının əhəmiyyəti qeyd olunub.
Bildirilib ki, Parlamentlərarası İttifaqın tədbirləri parlamentlərin həm xalqlar arasında əlaqələrin gücləndirilməsi, həm də qlobal səviyyədə bütün ölkələri, xalqları narahat edən çağırışların, problemlərin həllində birgə işləməsi baxımından mühüm əhəmiyyət kəsb edir.
Söhbət zamanı Azərbaycan və İrlandiya parlamentləri arasında əlaqələrin daha da gücləndirilməsinin vacibliyi vurğulanıb.
Görüşdə parlamentlərarası dostluq qruplarının qarşılıqlı əməkdaşlığın inkişaf etdirilməsi baxımından əhəmiyyəti qeyd olunub və gələcəkdə bu əlaqələrin daha da gücləndirilməsinə dair qarşılıqlı niyyət ifadə olunub.
Moldova Parlamentinin sədri ilə görüşdə isə ölkələrimiz arasında münasibətlərin yüksək səviyyəsindən məmnunluq ifadə olunub. Azərbaycan və Moldovanın beynəlxalq təşkilatlarda bir-birinə qarşılıqlı dəstəyi qeyd edilib.
Söhbət zamanı parlamentlər arasında əlaqələrin ölkələrimiz arasında münasibətlərin mühüm bir istiqamətini təşkil etdiyi qeyd olunaraq, bu gün parlamentlərimiz arasında həm ikitərəfli, həm də çoxtərəfli əsasda formalaşmış əlaqələrin yüksək səviyyəsi təqdir edilib. Parlamentlərimizdə fəaliyyət göstərən dostluq qruplarının, müxtəlif nümayəndə heyətlərinin qarşılıqlı səfərlərinin xüsusi əhəmiyyəti qeyd olunub.
Milli Məclis sədrinin Qazaxıstan Respublikası Parlamenti Məclisinin sədri Yerlan Koşanov, Kot-d'İvuar Respublikası Milli Assambleyasının sədri Adama Biktogo ilə görüşləri də olub.
Görüşlərdə parlamentlərimiz arasında münasibətlərə dair fikir mübadiləsi aparılıb.
Tədbirdə Rusiya Federasiya Şurasının sədri Valentina Matviyenko da iştirak edib.
Matviyenko çıxış edərkən isə bir sıra nümayəndə heyəti nümayişkarənə şəkildə zalı tərk edib. İştirakçılar Rusiya rəsmisinin çıxışını dinləmək əvəzinə, zalı tərk etməyi üstün tutublar. Onlar bununla Rusiyanın fəaliyyətinə qarşı mövqelərini nümayiş etdiriblər.
Azərbaycan nümayəndə heyətinin zalı tərk edib-etmədiyi haqda bilgi yoxdur.
Maraq edən mövzulardan biri Milli Məclis sədri ilə Rusiya yuxarı palatasının sədri arasında ikitərəfli görüşün olub-olması ilə bağlı idi. Bəllidir ki, məlum təyyarə olayından sonra iki ölkə arasında gərginlik yaranıb, son günlər isə yenidən artıb. Göründüyü kimi, S.Qafarova Matviyenko ilə görüşməyib.
Yada salaq ki, son olaraq bu ilin mart ayında Milli Məclisin sədri ölkəmizdə rəsmi səfərdə olan Valentina Matviyenko ilə görüşüb. Həmin görüşdə Valentina Matviyenko Milli Məclisin sədri Sahibə Qafarovaya Rusiya Federasiyasının "Dostluq" ordenini təqdim edib.
Musavat.com
01 Avqust 2025
ŞƏRHLƏRŞƏRH YAZ