İnsanlara hürriyət, millətlərə istiqlal!

Yer üzündə yeni fəsillər niyə yaranıb?

Alimlər xəbərdarlıq edir: "Ənənəvi fəsillər tədricən yox ola bilər, nəticədə..." isə...

Planetimizdə iqlim dəyişikliyi və ətraf mühitin çirklənməsi səbəbindən yeni fəsillər yaranıb. Bu barədə “Live Science” yazır.

Qeyd olunub ki, bu fəsillər insan fəaliyyətinin təsiri altında yaranıb. Məsələn, Cənub-Şərqi Asiyanın bəzi ölkələrində səmanın bir neçə həftə ərzində tüstü ilə örtüldüyü “tüstülü fəsillər” yaranıb. Bu, xüsusilə ilin quraqlıq dövründə kənd təsərrüfatı sahələrini genişləndirmək üçün meşələrin kütləvi şəkildə yandırılması ilə əlaqədardır. Alimlər həmçinin Asiyanın cənubunda noyabrdan mart ayına qədər, su axınlarının sahilə çoxlu plastik gətirdiyi “zibil mövsümü”nü də müəyyən ediblər. Eyni zamanda alimlər hesab edirlər ki, adət etdiyimiz fəsillər getdikcə yox olur və bunun bəşəriyyət, canlı ekosistemlər üçün mənfi nəticələri olacaq.

Yeni fəsil tipləri hansılardır?

“Progress in Environmental Geography” jurnalında dərc olunan tədqiqata əsasən, elm adamları son dövrlərdə aşağıdakı dörd yeni fəsil anlayışını irəli sürürlər:

Yeni yaranmış fəsillər - daha əvvəl həmin bölgədə mövcud olmayan, tamamilə yeni iqlim naxışlarının formalaşdığı fəsillər;

Yox olmuş fəsillər - əvvəllər müşahidə olunan, lakin faktiki olaraq yoxa çıxmış və ya tanınmaz dərəcədə dəyişmiş ənənəvi fəsillər;

Aridmik fəsillər - fəsillərin gözlənilən vaxtı və müddətindəki pozuntular;

Sinkoplu fəsillər - fəsillərin intensivliyi və xarakterindəki nizamsız dalğalanmalar.

Yeni fəsil anlayışına öyrəşmək vaxtıdır

Bu anlayışlar sizə artıq tanış gələ bilər. Tədqiqatda digər elmi işlərə istinad olunaraq bildirilir ki, yay fəsilləri daha isti və daha uzun müddətli olmağa başlayıb. Qışlar isə qısalıb və daha mülayim keçməyə meyllidir. Bahar fəsli əvvəlki dövrlərə nisbətən daha erkən başlayır. Atlantik və Sakit okeanlarda “qasırğa fəsli” daha uzun çəkir, Kaliforniyada isə “meşə yanğınları fəsli” demək olar ki, bütün ili əhatə edir.

Bu dəyişikliklər iqlim dəyişikliyinin artıq yalnız temperatur deyil, bütövlükdə fəsillərin quruluşu və ritmini də kökündən dəyişdirdiyini göstərir.

Detallara keçək. Yer kürəsində artıq yeni fəsillər formalaşıb. Yeni fəsillərin yaranmasına ən çox insan fəaliyyəti təsir edib. Britaniyalı alimlər - London İqtisadiyyat Məktəbi və York Universitetindən olan tədqiqatçılar müəyyən ediblər ki, Yer planetində iki yeni fəsil yaranıb. Onlar dünyanın müxtəlif bölgələrində fəsillərdə baş verən köklü dəyişiklikləri araşdırandan sonra bu qənaətə gəliblər.

Alimlərin sözlərinə görə, insanlar demək olar ki, Yerin təbii ritmlərini köklü şəkildə dəyişiblər. Bu isə yeni fəsillərin - dumanlı və zibil fəsillərinin yaranmasına səbəb olub. Birinci fəsil, yəni çox dumanlı hava şəraiti hər il Cənub-Şərqi Asiyanın bir çox ərazilərində müşahidə edilir. Bunun da əsas səbəbi Hindistandakı məhsul qalıqlarının yandırılması, eləcə də İndoneziyada, həmçinin Malayziyada torf sahələrinin təbiətin qoynunda, yəni açıq sahələrdə yandırılmasıdır.

Zibil fəsli isə dekabrdan martadək Balidə müşahidə olunur. Alimlərin izahına görə, bu dövrdə güclənən musson küləkləri və okean axınları sahillərə tonlarla plastik tullantı gətirir. Statistikaya görə, təkcə 2025-ci ilin üç ayı ərzində sahillərdən 3 min tondan çox tullantı toplanıb. Bənzər hallar Filippin, Tailand, ABŞ-da da qeydə alınıb.

Alimlər bildiriblər ki, ənənəvi fəsillər tədricən yox olmağa başlayır. Bu proses artıq aydın şəkildə sezilir. Məlum olub ki, hətta Alp dağlarında belə qış çox qısalıb və əvvəlki qədər bol qar yağmır. Bundan əlavə, fəsillər getdikcə daha çox ekstremal hava hadisələri ilə də müşayiət olunur.

Tədqiqatçılar “aritmik” fəsillər anlayışını da təqdim ediblər ki, bu zaman müəyyən fəsillərə xas olan hadisələrin vaxtı dəyişir. Bu, quşların miqrasiyasına, çiçəklənməyə, yarpaq tökülməsinin başlanmasına və bir sıra belə hallara mənfi yöndə çox böyük təsir göstərir. Belə dəyişikliklər ekosistemləri pozur və milyonlarla insanın sağlamlığına təhlükə yaratmaqla bərabər, həm də bir çox sahələrə, əsasən də iqtisadiyyata zərər vurur.

Amma alimlər bildirirlər ki, havaların sərinləşmədən anidən tez soyuması iqlim dəyişkənliyi ilə əlaqədar deyil. Fəsil dəyişkənliyi və zamanla payız və yaz kimi aralıq fəsillərin sıradan çıxması ilə bağlı söhbətlər uzun müddətdir ki, gedir. Ancaq bu barədə danışmaq hələ çox tezdi. Bu proses hələ 20-30 il sonra reallaşa bilər. Payızda bir neçə gün hava iqlim normasından aşağı olursa, bu, anormallıq sayılmır. Bütün fəsillər üçün gözlənilən haldır. Fəsil dəyişkənliyini, ara fəsillərin zamanla sıradan çıxması 3-5 gün havanın pis keçməsi ilə ölçülə bilməz.

Araşdırmalar göstərir ki, hava çirklənmələrinə, çirkli yağışın, qarın yağmasına müharibələrin təsiri var. Ancaq iqlim dəyişmələrinə təsiri yoxdur. İqlimin dəyişməsinə xarici və antropogen amillər təsir edir. Məsələn, vulkanik püskürmələr iqlimə təsir edərək, onu bir neçə il soyutmağa qabildir. 1991-ci ildə Pinatubo vulkanının püskürməsi iqlimə əsaslı təsir göstərmişdi. Nəhəng maqma vadiləri yaradan giqant püskürmələr yüz milyon ildə cəmi bir neçə dəfə baş verir, amma onlar iqlimə milyon illər təsir göstərir, iqlimi dəyişir. Bioloji növlərin məhv olmasına səbəb olur.

Dünya okeanının dəyişkənliyi də iqlim dəyişmələrinə təsir edən amillər sırasındadır. Heyvanların məhv edilməsi, yaşıllıqların, ağacların kəsilməsi, bəzi növlərin tamamilə sıradan çıxması zamanla fəsil dəyişkənliyinə gətirib çıxarır. Ancaq bu sadaladıqlarım illərlə davam etdiyi halda iqlim dəyişmələri baş verə bilər. Havanın bir həftə isti, bir həftə soyuq keçməsi iqlim dəyişkənliyi demək deyil.

Yaz və payız yoxa çıxır - əslində nə baş verir?

Fəsillər astronomik və iqlim fəsilləri olaraq, iki formada müəyyən edilir. Astronomik fəsillər Yerin Günəş ətrafında hərəkətinə əsaslanır və təqribən hər bir fəsil 90 gün civarında olur. Astronomik fəsillər Yerin Günəş ətrafında fırlanması nəticəsində meydana gəlir. Bunun dəqiq tarixləri var, 23 sentyabr, 23 dekabr, 22 mart və 22 iyun tarixlərində fəsillər dəyişir. Bu tarixlər fəsillərin başlanması və başa çatması tarixləridir. İqlim fəsilləri isə müəyyən temperatur həddinin keçilməsi ilə izah edilir. İqlim fəsillərində hər il 3-5 gün fərqlilik ola bilər. Məsələn, iqlim fəsillərində temperatur dayanıqlı olaraq, 10 C-dən yuxarı müşahidə edilirsə, bu yaz fəslidir. Bu mart ayının əvvəlində də, martın 10-da da müşahidə edilə bilər.

İqlim dəyişiklikləri qlobal problemdir. Elə bir nəzəri fikir var ki, gələcəkdə ara fəsillər - yaz və payız olmayacaq. Yəni ehtimal edilir ki, dünya miqyasında havalar o qədər soyuq və o qədər isti keçsin ki, iki fəsil yaransın. Bu uzun illər sonra üçün ehtimal edilir. Bu, Yerdə iqlimin formalaşmasında rol oynayan təbii amillərin dəyişməsi baş verərsə, mümkün ola bilər. Yəni Yerin xəyali oxunun orbit müstəvisində meylinin dəyişməsi, gələn Günəş radiasiyasının düşmə bucağının dəyişməsi ilə əlaqədar ola bilər. Belə hallar ola bilər. İlin müqayisəli formada isti keçməsini, günün qısalmasını, havanın daha soyuq keçməsini dilə gətirmək isə sadəcə, sözdür, müşahidə deyil.

Ümumi götürəndə Azərbaycanda 1961-1990-cı illərə nisbətən 1991-ci ildən 2015-2017-ci ilə qədər tempratur 0,6-1,5 C yüksəlib. Bu faktdır. Bu ilqim dəyişmələrinin birinci əlamətidir. İqlim dəyişməsinin ilk əlaməti yağıntı və temperaturdur. Azərbaycanda, Abşeron yarımadasından başqa bütün ərazilərdə yağıntıların miqdarı azalıb. Bu qlobal miqyasda iqlim dəyişmələrinin nəticəsidir. Yəni qlobal iqlim dəyişmələri lokal olaraq Azərbaycanda da müşahidə edilir. Belə davam edərsə, təbiətdə də, kənd təsərrüfatında da, landşaftda da, həyatın bütün sahələrində iqlim dəyişiklikləri baş verəcək. Biz də buna uyğunlaşmalıyıq.

 

 

Yazını hazırladı:  Sevinc TELMANQIZI

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

02 Avqust 2025

01 Avqust 2025

BÜTÜN XƏBƏRLƏR