Onlayn ictimai-siyasi qəzet
Qazaxıstanda niqab qadağan edilib. Hakimiyyət niqab və üzü örtən digər geyimlərin taxılmasının yasaqlanmasını ictimai təhlükəsizliyin təmin edilməsi ilə izah edib. Qanuna edilən dəyişikliyin məqsədinin də vətəndaşların hüquq və azadlıqlarına, o cümlədən dini etiqad azadlığına toxunulmadan şəxslərin müəyyən edilməsi və ictimai asayişin təmin edilməsi olduğu bildirilib.
Lakin əlverişsiz hava şəraitində, tibbi göstərişlərə görə, əgər bunlar hüquq-mühafizə orqanlarının əməkdaşları, habelə idman və mədəni-kütləvi tədbirlərin iştirakçılarıdırsa, üzün örtülməsi qadağan edilmir. İnsanın üzünü örtməyən hicab kimi dini geyim elementlərinə isə yeni qanunda toxunulmur.
Qeyd edək ki, bu il iyunun sonunda Qazaxıstan prezidenti Kasım-Jomart Tokayev sifətin tanınmasına mane olan geyimlərin, xüsusən də niqabın geyinilməsini qadağan edən qanun imzalayıb.
Azərbaycanda ictimai təhlükəsizlik amili nəzərə alınmaqla analoji qadağa mümkünmü? İkinci yandan, İslam dini, Qurani-Kərim hicabdan fərqli olaraq üzü tam örtən niqabla bağlı nə deyir?
Ceyhun Məmmədov
Deputat, ilahiyyat üzrə fəlsəfə doktoru Ceyhun Məmmədov mövzu ilə bağlı “Yeni Müsavat”a fikrini bölüşüb: “Qeyd etmək lazımdır ki, son dövrlərdə bir sıra Qərb ölkələri də bu cür addımlar atırlar və bu məsələləri əsasən təhlükəsizlik tədbirlərinin gücləndirilməsi ilə əlaqələndirirlər. Belə qərarların qəbulu və müvafiq addımların atılması təhlükəsizlik baxımından önəmli sayılır. Çünki üz tamamilə bağlandıqda həmin şəxslərin tanınması və identifikasiyası çətinləşir. Məhz buna görə də sırf təhlükəsizlik səbəbilə bu cür qərarların qəbul edilməsinə ehtiyac yaranır. Bir çox ölkələrdə bu yanaşma mövcuddur.
Son günlərdə biz Qazaxıstanın da bu istiqamətdə addım atdığının və bu qərarın qəbul edildiyinin şahidiyik. Hesab edirəm ki, təhlükəsizliklə bağlı məsələlərin təmin olunması baxımından belə qərarların qəbulu zəruridir. Təhlükəsizlik hər bir ölkə üçün çox vacib məsələdir və hər bir dövlət çalışır ki, öz təhlükəsizliyini düzgün şəkildə təmin etsin. Bu baxımdan bu kimi qərarlar və müvafiq addımlar olduqca əhəmiyyətlidir".
Dini məsələyə gəldikdə isə deputat deyib ki, İslama görə, üzün və əllərin tam şəkildə bağlanması vacib deyil: “Yəni İslamda üzün bağlanmasına dair hər hansı qəti göstəriş yoxdur. Əksinə, üz açıq, baş örtülü olmalı, bədənin digər hissələri örtülməlidir. Əllərin də biləyə qədər açıq qalması dini baxımdan qəbul edilir. Bu məsələ dini nöqteyi-nəzərdən dəyərləndirildikdə belə qərarların dinlə ziddiyyət təşkil etmədiyi görünür. Son vaxtlar bəzi müsəlman ölkələrində və müəyyən məzhəblərdə bu məsələyə daha həssas yanaşma nümayiş etdirilir. Məsələ aktualdır və müxtəlif səbəblərlə izah olunur. Lakin mən hesab edirəm ki, müsəlmanlar bu kimi məsələlərdə, geyim tərzində və ictimai davranışda daha məsuliyyətli və diqqətli olmalıdırlar. Çünki bu kimi hallar cəmiyyətdə və elə müsəlmanlar arasında da birmənalı qarşılanmır”.
İlham İsmayıl
Təhlükəsizlik məsələləri üzrə ekspert, siyasi şərhçi İlham İsmayıl da mövzu ilə bağlı “Yeni Müsavat”a fikrini açıqlayıb: “Şəxsi fikrimi soruşsanız, deyərdim ki, məncə, Qazaxıstan təcrübəsi Azərbaycanda da tətbiq olunmalıdır. Bu, təkcə təhlükəsizlik nöqteyi-nəzərindən deyil, eyni zamanda Azərbaycanın dünyəvi dövlət quruluşu baxımından da vacibdir. Düzdür, biz hər kəsin inancına hörmətlə yanaşırıq - bu, bizim cəmiyyətimizdə əsas prinsiplərdən biridir. Amma eyni zamanda bizim də dövlət quruluşumuza, konstitusiyamıza hörmət göstərilməlidir.
Qazaxıstanda bu məsələ ilk dəfə gündəmə gətirilmir. Hələ Prezident Tokayevdən əvvəl Nursultan Nazarbayev bu barədə açıq şəkildə münasibət bildirmişdi. O demişdi ki, bizim qadınlar kişilərlə bərabər at belində, qazax çöllərində işlər görüblər və heç vaxt düşünməyiblər ki, niqab olmalıdır. At belində niqab yaramırdı. Yəni milli xüsusiyyətləri də burada önə çəkmişdilər. Bu yanaşma həm tarixi, həm də milli-mədəni köklərə əsaslanır. Ona görə də hesab edirəm ki, biz də bu məsələyə yalnız təhlükəsizlik aspektindən deyil, eyni zamanda dünyəvilik və cəmiyyətin dəyərləri prizmasından yanaşmalıyıq.
Burada təkcə inanc yox, təhlükəsizlik baxımından da bir çox ciddi məsələlər var. Biz bilirik ki, niqab altında müxtəlif ölkələrdə cinayətlər, hətta terror aktları törədilib. Düzdür, bu cür hadisələr Azərbaycanda baş verməyib, amma dünya təcrübəsi göstərir ki, risk həmişə mövcuddur. Hazırda dünya çox gərgin dönəmdən keçir. İnformasiya müharibələrinin baş verdiyi, müxtəlif maraqlı qrupların ölkələr arasında münasibətləri pozmağa çalışdığı bir dövrdəyik. Belə hallarda müəyyən qruplar, birbaşa olmasa da, hansısa ölkələrin adından çıxış edərək Azərbaycana qarşı addımlar ata bilərlər ki, münasibətlər pozulsun. Niqab, yəni yalnız gözlərin göründüyü paltarla istənilən şəxs, hətta terrorçu da gizlənərək cəmiyyətə qarışa bilər. Bunun qarşısını almaq isə çox çətin olar.
Bir daha təkrar edirəm: biz insanların inancına hörmətlə yanaşırıq. Amma həm təhlükəsizlik, həm də dövlətimizin konstitusion quruluşu baxımından niqabın - istər geniş şəkildə, istərsə də fərdi formada - yayılması qəbul edilə bilən deyil. Mən bu cür halları nə təhlükəsizlik, nə də dövlət quruluşumuz baxımından təqdir edə bilmirəm".
Afaq MİRAYİQ,
“Yeni Müsavat”
02 Avqust 2025
ŞƏRHLƏRŞƏRH YAZ