Onlayn ictimai-siyasi qəzet
Rusiya prezidenti Putinin Trampın ultimatum və hədələrinə publika qarşısında özünə xas sakt tərzdə reaksiya verdi. Putinin bir neçə gün susub Lukaşenko ilə məhz Spaso-Preobrajenski monastırını ziyarəti zamanı açıqlama verməsini də bir mesaj kimi qəbul etmək olar. Putin dünyaya zidd baxışları və siyasəti ilə bahəm, dindardır, Tanrının hər bir qulu kimi bu çətin vəziyyətdə ona da kömək olacağına inanır.
Rusiya lideri açıqlaması o deməkdir ki, birincisi, Rusiya prezidenti ultimatuma baxmayaraq, Trampın atəşkəs və dərhal danışıqlara başlanılması təklifini qəbul etmir. İkincisi, Putin Trampın hay-küyçü “asaram-kəsərəm, sanksiya tətbiq edərəm” bəyanatlarına işarə edərək, məsələləri sakit tərzdə müzakirə etməyi təklif edib. Putin açıq demək istədi ki, Trampın ultimatumları onun və Rusiyanın mövqeyinə təsir göstərmir. Putinin ölkəsindəki “azarkeşləri” rahatlaşdılar. Çünki deyirdilər ki, Putinin geri çəkilməsi simasını itirmək demək olar.
Putinin dərhal sülh razılaşmasının səbəblərindən biri də Qarabağda 28 il üç vasitəçi dövlətdən biri olmalarıdır. İllərlə uzun danışıqlar keçirildi, təklif olunan ən müxtəlif həll variantları isə işə yarımadı, sonda yenə müharibə oldu. Əlbəttə, Putini çəkindirən təkcə Qarabağ məsələsi də deyil, ortada uğursuz “Normand dördlüyü” vasitəçiliyi və əməl edilməyən Minsk razılaşması da var. Hara fırlasan, bu razılaşma yenə ortaya gələcək, müzakirəsi olacaq. Ona görə yaddaşı təzələməkdə fayda var.
Hadisələrin başlanğıc nöqtəsi 2014-cü ilin “Avromaydan”ı oldu. Ukrayna prezidenti Viktor Yanukoviçin devrilməsi tədricən ölkənin şərqində hərbi əməliyyatların başlanmasına gətirib çıxardı.
2014-cü ildə ATƏT-in fəaliyyətdə olan sədri, daha sonra Ukrayna prezidenti Pyotr Poroşenko sülh planını təqdim etdi, lakin hərbi əməliyyatlar dayanmadı və ağır silahlardan istifadə etməklə genişmiqyaslı hərbi əməliyyata çevrildi.
Donetsk və Luqansk vilayətlərinin sakinləri hökumət binalarını ələ keçirdilər, sonra isə bu ərazilərdə Donetsk və Luqansk Xalq Respublikaları (DXR və LXR) elan edildi. Rusiya burada da Krımdakı kimi qondarma referendum referendum keçirdi və qondarma qurumlar “müstəqilliklərini”elan etdilər. Bu, Ukraynanın şərqində hərbi əməliyyatların genişlənməsinə səbəb oldu. Ukraynanın separatçı qurumları mərkəzə tabe etdirmək üçün iki cəhdi uğursuz oldu.
2014-cü ilin sentyabrında bu dəfə Putin münaqişənin həlli üçün yeni plan təklif edib. Plana görə, hücumun dayandırılması, canlı qüvvənin və hərbi texnikanın əhalinin məskunlaşdığı ərazilərdən təhlükəsiz məsafəyə çıxarılması, əsirlərin mübadiləsi, humanitar dəhlizlərin açılması, infrastrukturun bərpasına başlanması nəzərdə tutulurdu. Hərbi əməliyyatların dayandırılması şərtlərinə əməl olunması beynəlxalq nəzarət altında olmalı idi. Putinin təklif etdiyi plan əsasında 2014-cü il sentyabrın 5-də Belarusda aşağı ranqda, məsələn, sabiq Ukrayna prezidenti Kuçma, Kiyevdəki Rusiya səfiri səviyyəsində “Minsk-1 müqaviləsi” imzalandı. Razılaşmanın bəndləri sırasında atə.kəslə bərabər, Ukraynada hakimiyyətin mərkəzsizləşdirilməsini və növbədənkənar yerli seçkiləri nəzərdə tuturdu. Kiyev hakimiyyəti israr edirdi ki, Ukrayna qoşunları əvvəlcə qondarma qurumların sərhədlərinə nəzarət ələ alsınlar, sonra yerli seçkilər keçirsinlər. Beləliklə, Donbassda seçkilərin keçirilməsi və ya hərbi əməliyyatların dayandırılması mümkün olmadı.
2015-ci ildə dörd ölkənin- Rusiya, Ukrayna, Fransa və Almaniya liderlərinin görüşü keçirildi. 13 bənddən ibarət yeni Minsk razılaşması razılaşdırıldı.
Razılaşmalar sırasında bütün xarici silahlı qüvvələri, texnikanı və muzdlu əsgərləri Ukrayna ərazisindən çıxarılması, qanunsuz qrupları tərksilah etmək də vardı. Mərkəzsizləşdirmə və LPR və DPR-nin "xüsusi statusunu" təmin etmək üçün konstitusiya islahatının aparılmalı, yerli seçkilərlə bağlı məsələləri özünü elan etmiş respublikaların nümayəndələri ilə razılaşdırmalı idi. İstənilən halda, hər iki qondarma qurum Ukrayna ərazisi hesab olunurdu.
Minsk razılaşmalarının bütün bəndlərindən yeddi il ərzində yalnız əsirlərin mübadiləsi həyata keçirildi. Ukrayna hakimiyyəti separaçı qurumların blokadasını təşkil etdi, onları bank sistemindən, ərzaq təchizatından, sosial müavinətlərdən ayırdı, qondarma respublikaların nümayəndələri ilə birbaşa danışıqlar aparmaqdan imtina etdi.
Kremlin Donetsk və Luqanskın əhalisinə Rusiya pasportlarının verilməsi qərarı ilə Minsk razılaşmasının üstündən birdəfəlik xətt çəkdi. 2022-ci ilin 21 fevralında Rusiya qondarma qurumları “müstəqil dövlət” kimi tanıdı. Fevralın 24-də səhər saatlarında Putin Ukrayna ərazisində xüsusi əməliyyatın başlandığını, məqsədi Donbass sakinlərinin müdafiəsi olduğunu bildirdi.
Putin bunu müharibə başlayandan hər çıxışında deyib ki, Ukrayna və Qərb tərəfdaşları razılaşmaya əməl etməyiblər. Ona görə indi necə deyərlər, “keçəl də suya getmir”. Açıqlamalarının birində danışıqlarda əsas fiqurlardan olan Angela Merkelin dedikləri də Putin üçün “əldə bayraq” oldu. Merkel demişdi ki, onlar bilirdilər ki, Ukrayna razılaşmaya əməl etməyəcək, amma Kiyevin Rusiyanın qarşısında durmaq üçün zamana ehtiyacı vardı. Yəni Putin ona görə dəfələrlə təkrar edir ki, Ukrayna saziş imzalamalıdır, Rusiyanın bütün ərazi şərtlərinə razılaşmalıdır, bundan sonra təməlli sülh olacaq.
İndi “top” Trampdadır, görək o, avqustun 8-də, çümə günü Putinə nə edəcək?
Nazim SABİROĞLU,
Musavat.com
03 Avqust 2025
02 Avqust 2025
ŞƏRHLƏRŞƏRH YAZ