İnsanlara hürriyət, millətlərə istiqlal!

Halal kəfən pulu

Kim nə deyir desin, uca xalqımız düzgünlüyə, halal-harama diqqətlə yanaşır. Misal üçün, bu yaxınlarda Məştağada bir nəvə nənəsinin saxlancına basqın edib qızıl qolbağı əkişdirmişdi. Əlbəttə, ülvi məqsədlə: dostlarıyla yeyib-içmək üçün.

Sözgəlişi, nəvə nənəsinin pensiyası hesabına yaşayırmış. Bunun özü ölkəmizdə əhalinin sosial rifah halının nə qədər yaxşılaşdığını göstərir. Artıq pensiya ilə nəinki nənə, nəvə də saxlamaq mümkün olmuşdur. Ona görə deputatlar haqlı olaraq pensiya yaşını daha dala çəkmək, 70 yaşdan yuxarıya qaldırmaq üzərində düşünürlər.

Cinayət işi qaldırıldı, istintaq zamanı nəvə hamımızı kövrəldən o gözəl mövzunu açıqladı. Sitat: “Nənəm qızılı, pulu düyü torbasında gizlədərkən görmüşdüm. Konkret nə qədər pul və qızıl olmasını bilmirdim. Düyü torbasının içindəki bankanı götürdüm. Burun dəsmalına bükülmüş mirvari boyunbağı, qolbaq və nağd pul var idi. Nənəm pulu uzun illərdir ”kəfən pulu" kimi yığmışdı. Bilirdim ki, halal puldur. Ona görə pula dəymədim. Ancaq qolbağı götürdüm". Sitatın sonu.

Gör nə qədər halal gəncdir! Çalışıb bunu, indi çatdırmarıq, gələn sezonda ziyarətə göndərməliyik.

Yeri gəlmişkən, pensiyaçı qarıların düyü torbasında pul saxlaması bank sektorumuzun inkişafını göstərir. Lakin mövzudan uzaqlaşmayaq, bizi ölkədə insaflı, vicdanlı, şərəfli, namuslu, qeyrətli, ədalətli, insaflı (ikinci kruqa girirdik, dayandım) insanların çoxalması sevindirir. Hər kəs öz işinə ləyaqətlə yanaşır.

Başqa örnək yazıram. Yenə bu yaxında bir klinikanın baş həkimi arvadını bıçaqlamış, sonra güllə ilə vurmuşdu. Hippokrat andı içdiyi dərhal hiss olunur. Əks halda niyə əvvəl bıçaq vurub? Əgər cərrah olmasa bıçaq işlədərdimi? Elə əvvəldən güllələyərdi. Ancaq peşənin xarakterinə uyğun olaraq arvadı öncə bıçaqla kəsmişdir. Pis çıxmasın, mən kimisə vurmalı olsam gərək birinci qələmi qarnına soxum. Qələm adamı başqa, əlləm-qəlləm adamı başqa. Çörəyi ver çörəkçiyə, içində paslı mismarı da üstəlik. Qonşu qonşu olsa, keçəl qız ərə gedər.

Yaxşı yadıma düşdü, bu sahədə müəyyən əlləm-qəlləm adamlar da var. Başqasının sahəsinə girir, saxtakarlıq edirlər. Bunlardan biri tanış makler, ev alverçisi idi, küçədə gedərkən kimsə ona söz atmışdı, qədim ənənəyə, geyim formasına görə hər maklerin əlində mütləq ortasına qələm taxılmış bloknot olmalıdır. Bir növ, orta əsr cəngavərlərinin geyimlərini xatırladır. Nəsə, dostumuz gedərkən kimsə ona sataşır, bu da açır bloknotu, qələmi çıxarıb soxur adamın boyun-boğazına. Səhv eləmirəmsə, 8 il iş vermişdilər. Şair demişkən: “Bilsin ana torpaq, eşitsin vətən, Müsəlləh əsgərəm mən də bu gündən. Bu gün bir süngüdür əlimdə qələm, Mənim bayrağıma göz dikir aləm!”. Nə qədər aktual şeirdir...

Bayaq sosial rifah halımızın yüksəlişini qeyd etdim, təəssüf ki, Sosial Rifah Partiyamızın qurucusu Xanhüseyn müəllim bu günləri görmədən bizləri əbədi tərk etmişdir. Amma məndə olan məlumata görə partiya özü yaşayır, yaradır, gələcəyə mətin addımlar atır. 

Ağır cinayət məhkəməsində iki dələduzun işinə baxılır. Onlardan şikayətçi olan yoldaşlardan biri isə icra başçısı işləmiş Lütvəli müəllimin (necə gözəl başçı ismidir!) övladıdır. Lotular başçının oğlunun 2 milyon manatını qapıblar. Guya onun vergi borclarını həll edəcəklərmiş. Məhkəmədə dələduzların vəkili isə belə kontr-arqument gətirib: “Sənin papan icra baççısı ola-ola, niyə problemi başqasının əli ilə həll edirdin?”.

Halallıq, düzgünlük, namus, qeyrətə görə! Adam atasının vəzifəsindən sui-istifadə etməmişdir, bunu alqışlamaq yerinə, qurdalayır, nəsə çirkin niyyət gəzirik.

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

03 Avqust 2025

BÜTÜN XƏBƏRLƏR