Onlayn ictimai-siyasi qəzet
Hindistan ABŞ-la ticarət müqaviləsi bağlamaq üçün Rusiyadan neft almasını dayandıracaq.
Musavat.com xəbər verir ki, bunu jurnalistlərə prezident Donald Tramp Vaşinqton və Yeni Dehli arasında ticarət danışıqlarını şərh edərkən deyib: "Anladığım qədər, Hindistan artıq Rusiyadan neft almayacaq. Eşitdiyim budur. Bilmirəm, bu doğrudur, ya yox. Bu, yaxşı addımdır. Proseslərin necə inkişaf edəcəyini görəcəyik".
CNN ABŞ administrasiyasındakı mənbələrə istinadən xəbər verir ki, Ağ Ev rəsmiləri hindistanlı həmkarlarına aydın şəkildə bildiriblər ki, Tramp Asiyanın ikinci ən böyük iqtisadiyyatını Rusiyadan enerji alışına böyük tariflərlə hədələməkdə ciddidir. Onların fikrincə, Trampın Hindistan mallarına 100 faizə qədər rüsum tətbiq edəcəyi ilə bağlı təhdidləri tam realdır, Yeni Dehli “Rusiyanın neft ixracatının təxminən yarısını almaqla Kremlin döyüş maşınını təmin edir”.
Reuters treyderlərə istinadən bildirir ki, Hindistan almağı dayandırarsa, Rusiya şirkətləri nefti tankerlərdə saxlamalı, çatdırılma üçün əlavə ödəniş etməli və yeni alıcılara əhəmiyyətli endirimlər təqdim etməli olacaqlar.
LSEG-in məlumatına görə, Hindistan Rusiya neftinin bütün növ və markalarını, o cümlədən Qərb limanlarından Urals, Sakit Okeandan ESPO və Sokol, bəzi növləri isə Arktikadan alır. Hindistan almağı dayandırarsa, ən çox Urals təsirlənəcək.
Musavat.com
03 Avqust 2025
ŞƏRHLƏRŞƏRH YAZ