İnsanlara hürriyət, millətlərə istiqlal!

Kəlbəcərdə azərbaycanlı jurnalistlərin şəhid olduğu mina partlayışının şahidi danışdı – TARİXİ MƏHKƏMƏ

Bakı Hərbi Məhkəməsində Zeynal Ağayevin sədrliyi, hakimlər Anar Rzayev və Camal Ramazanovun iştirakı ilə Araik Harutyunyan, Arkadi Qukasyan, Bako Sahakyan, Davit İşxanyan, David Babayan, Levon Mnatsakanyan və digərlərinin cinayət işi üzrə araşdırmalar davam edir.

Musavat.com xəbər verir ki, bu proses Azərbaycanın müstəqillik tarixində ən böyük ədalət tələbidir. İstintaqda 531 mindən çox Azərbaycan vətəndaşı zərərçəkmiş kimi tanınıb. İbtidai istintaq çərçivəsində 1389 ayrı-ayrı cinayət işi bir icraata birləşdirilib, 2548 epizod üzrə ittihamlar sübuta yetirilib. Bu faktlar Ermənistan ordusunun Qarabağda sistematik şəkildə insanlıq əleyhinə cinayətlər törətdiyini ortaya qoyub. Bakı Məhkəmə Kompleksində keçirilən prosesdə Ermənistan silahlı qüvvələri və qanunsuz silahlı birləşmələr tərəfindən törədilən cinayətlərdə ittiham olunan 15 nəfər müttəhimlər kürsüsünə çıxarılıblar. Hazırda prosesdə zərərçəkənlər ifadə verir, şahidlər dindirilir, video və digər sübutlar tədqiq olunur.

Bu gün, iyulun 31-də keçirilən məhkəmə prosesində AzTV-nin əməkdaşı Emin Məmmədov zərərçəkmiş şəxs qismində ifadə verib. Emin Məmmədov deyib ki, çəkilişlər üçün Kəlbəcərə ezam olunub. 2021-ci il iyunun 4-də rayonun Susuzluq kəndində onun da olduğu nəqliyyat vasitəsi Ermənistan silahlı qüvvələrinin basdırdığı tank əleyhinə minaya düşüb. Partlayış nəticəsində AzTV-nin operatoru Sirac Abışov, Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC) müxbiri Məhərrəm İbrahimov və Susuzluq kənd inzibati ərazi dairəsi üzrə nümayəndənin müavini Arif Əliyev şəhid olublar. Onun özü də daxil olmaqla, 4 nəfər bədən xəsarətləri alıblar. Emin Məmmədov dövlət ittihamçısının suallarına cavabında hadisə baş verən yolun əvvəllər istifadə edilmiş yol olduğunu bildirib.

“Fikrimcə, mina diversiya nəticəsində sonradan yerləşdirilib”, - deyə o əlavə edib. Zərərçəkmiş şəxs təqsirləndirilən şəxslərin də suallarını cavablandırıb.

Qeyd edək ki, Ermənistan dövlətinin, onun dövlət qurumlarının vəzifəli şəxslərinin, hərbi qüvvələrinin və qanunsuz silahlı birləşmələrin bilavasitə rəhbərliyi və iştirakı, şifahi-yazılı qaydada verdiyi tapşırıq, göstəriş və təlimatları, maddi, texniki, şəxsi heyətlə verdiyi dəstəyi, mərkəzi qaydada idarəçiliyi əsasında, eləcə də ciddi nəzarəti altında Azərbaycan ərazisində daxili və beynəlxalq hüquq normalarına zidd şəkildə, Azərbaycana hərbi təcavüz etmək məqsədilə yaradılmış, həmçinin Köçəryan Robert Sedraki, Sarkisyan Serj Azati, Manukyan Vazgen Mikaeli, Sarkisyan Vazgen Zaveni, Babayan Samvel Andraniki, Balasanyan Vitali Mikaeli, Balayan Zori Hayki, Ohanyan Seyran Muşeqi, Qaramyan Arşavir Surenoviç, Melkonyan Monte Çarlz və digərlərinin rəhbərliyi, bilavasitə və dolayı iştirakları ilə Ermənistan dövləti, o cümlədən sözügedən cinayətkar birlik tərəfindən aparılan təcavüzkar müharibənin gedişində törədilmiş çoxsaylı cinayət faktlarına dair cinayət işi üzrə 15 təqsirləndirilən şəxs ittiham edilir.

Həmin şəxslər, yəni Harutyunyan Arayik Vladimiri, Qukasyan Arkadi Arşaviri, Sahakyan Bako Sahaki, İşxanyan Davit Rubeni, Manukyan David Azatini, Babayan David Klimi, Mnatsakanyan Levon Henrikoviç, Beqlaryan Vasili İvani, Qazaryan Erik Roberti, Allahverdiyan Davit Nelsoni, Stepanyan Qurgen Homeri, Balayan Levon Romiki, Babayan Madat Arakeloviç, Martirosyan Qarik Qriqori, Paşayan Melikset Vladimiri Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 100 (təcavüzkar müharibəni planlaşdırma, hazırlama, başlama və aparma), 102 (beynəlxalq müdafiədən istifadə edən şəxslərə və ya təşkilatlara hücum etmə), 103 (soyqırımı), 105 (əhalini məhvetmə), 106 (köləlik), 107 (əhalini deportasiya etmə və ya məcburi köçürmə), 109 (təqib), 110 (insanları zorakılıqla yoxa çıxarma), 112 (beynəlxalq hüquq normalarına zidd azadlıqdan məhrumetmə), 113 (işgəncə), 114 (muzdluluq), 115 (müharibə qanunlarını və adətlərini pozma), 116 (silahlı münaqişə zamanı beynəlxalq humanitar hüquq normalarını pozma), 118 (hərbi soyğunçuluq), 120 (qəsdən adam öldürmə), 192 (qanunsuz sahibkarlıq), 214 (terrorçuluq), 214-1 (terrorçuluğu maliyyələşdirmə), 218 (cinayətkar birlik (təşkilat) yaratma), 228 (qanunsuz olaraq silah, onun komplekt hissələrini, döyüş sursatı, partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və gəzdirmə), 270-1 (aviasiya təhlükəsizliyinə təhdid yaradan əməllər), 277 (dövlət xadiminin və ya ictimai xadimin həyatına sui-qəsd etmə), 278 (hakimiyyəti zorla ələ keçirmə və onu zorla saxlama, dövlətin konstitusiya quruluşunu zorla dəyişdirmə), 279 (qanunvericiliklə nəzərdə tutulmayan silahlı birləşmələri və qrupları yaratma) və digər maddələri ilə ittiham olunurlar.

E. MƏMMƏDƏLİYEV,
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

01 Avqust 2025

BÜTÜN XƏBƏRLƏR