 
                Onlayn ictimai-siyasi qəzet
 
         
                                                            Milli Məclisin plenar iclasında çıxış edən deputat Azər Badamov pay torpaqları ilə bağlı problemlərdən bəhs edib.
Musavat.com-un məlumatına görə, deputat bildirib ki, bu, keçirdiyi qəbullar zamanı seçicilərin mütəmadi şəkildə qaldırdığı məsələlərdən biridir:
“Əslində bu məsələ təkcə mənim təmsil olunduğum dairənin yox, əksər kənd rayonlarının seçicilərini narahat edən məsələdir. Bu, vətəndaşların mülkiyyətinə verilmiş pay torpaqları ilə bağlıdır. Seçicilər müraciətlərdə pay torpağını bir neçə il dincə qoyandan sonra onun üzərinə bitmiş kol-kosdan təmizlənməsi problemi ilə qarşılaşdığını bildirirlər. Hətta mülkiyyətdəki torpaqda texniki yollarla ağac yetişdirib onu kəsib istifadə etmək də olmaz. Halbuki, mülkiyyət sahibi torpağında yetişdirdiyi ağacın böyüməsinə kifayət qədər zəhmət qoyur və onu gələcəkdə öz istəyinə uyğun istifadə etmək məqsədilə əkir. Həm də torpaq sahibi mülkiyyətindəki torpağın üzərində yaşıllıq olub olmamasına baxmayaraq bütün ərazisinin vergisini verir, amma ərazidən tam şəkildə istifadə edə bilmir”.

Deputat Konstitusiyanın müvafiq bəndinə istinad edərək deyib ki, əsas qanunda “Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir “yazılıb:
“Amma digər qanunlarda isə vətəndaşın mülkiyyətində olan pay torpağında hətta özünün şəxsi istifadəsi üçün texniki yolla yetişdirildiyi ağacların kəsilməsi və ərazini kol-kosdan təmizlənməsi cinayət məsuliyyəti yaradır. Hörmətli həmkarlar, mən hüquqşünas deyiləm. Ona görə də müvafiq komitə tərəfindən məsələyə baxılmasını və məqəsəduyğun hesab olunduğu təqdirdə pay torpağı mülkiyyəti sahiblərini narahat edən bu məsələnin həll edilməsi üçün qanunda müvafiq dəyişikliyin edilməsi ilə bağlı addımların atılmasını təklif edirəm”.
E.Paşasoy,
Musavat.com
31 Oktyabr 2025
ŞƏRHLƏRŞƏRH YAZ