İnsanlara hürriyət, millətlərə istiqlal!

“Dövlət deyil, qaniçən tayfa – rus polisi mamont ovçusu kimi davranır!”

Azərbaycan hökumətinin Rusiya ilə bağlı ölkədə planlaşdırılmış bütün mədəni tədbirləri ləğv etməsi Kremlin ciddi narahatlığına səbəb olub.

Rusiya Prezidenti Administrasiyası bu qərarı açıq şəkildə təəssüflə qarşıladığını bəyan edib. Kreml sözçüsü Dmitri Peskov çıxışında Bakıdakı mövqeyə münasibət bildirərək deyib:

“Biz bu qərarlardan dərin təəssüf hissi keçiririk”.

PESKOV.jpg (69 KB)

O əlavə edib ki, hüquq-mühafizə orqanlarının fəaliyyəti emosional demarş üçün əsas sayılmamalıdır:

“Ədliyyə orqanlarının işi istənilən emosional addımlara səbəb olmamalıdır”.

Bu açıqlama Bakının Yekaterinburq hadisələrinə verdiyi sərt reaksiya fonunda gəlib.

Xatırladaq ki, iyunun sonunda Rusiya hüquq-mühafizə orqanları tərəfindən Yekaterinburqda həyata keçirilmiş kütləvi həbslər zamanı saxlanılan azərbaycanlılardan ikisi istintaq təcridxanasında vəfat edib.

Rusiya İstintaq Komitəsi bu gün rəsmi olaraq azərbaycanlı məhbusların ölüm faktını təsdiqləyib. Lakin ölüm şəraiti və səbəbləri hələ də ictimaiyyətə açıqlanmayıb.

Bakı bu hadisəyə susmadı. İnsan hüquqlarının kobud şəkildə pozulması, işgəncə və hətta qətl faktları ilə müşayiət olunan həbslər Azərbaycan cəmiyyətində hiddətlə qarşılandı. Rəsmi Bakı isə bu fonda Rusiyayla əməkdaşlıq çərçivəsində keçirilməsi planlaşdırılan bütün mədəni tədbirləri dayandırdı.

Bununla da mədəni diplomatiya üzərindən verilən cavab mesajı Kremlə açıq şəkildə çatdırıldı: Bakı susmaq niyyətində deyil.

“Yekaterinburqda baş verən hadisə təkcə hüquq pozuntusu deyil, bu, dövlət səviyyəsində törədilən bir cinayətdir. Çünki cinayəti törədənlər sıravi vətəndaşlar yox, bilavasitə hüquq-mühafizə orqanlarıdır, yəni insanları cinayətdən qorumağa borclu olan qurumlar”.

TURAL ABBASLİ.jpg (59 KB)

Bu barədə Musavat.com-a açıqlamasında AĞ Partiya sədri Tural Abbaslı deyib.

Partiya sədri qeyd edib ki, Rusiya bu hadisə ilə Azərbaycana mesaj verməyə, gözünü qorxutmağa çalışır:

“Bu hadisədə heç bir hüquqi əsas, heç bir qanuni izah yoxdur. Ailələrin evlərinə basqın edilir, insanlar həbs olunur, işgəncəyə məruz qalır, bəziləri hətta həyatını itirir. Hüquq normalarına, insan haqlarına, sivil davranışa zidd olan bu davranışlar özbaşınalıqdır, birtərəfli zorakılıqdır və cinayət məsuliyyəti daşıyır.

Özünə hörmət edən dövlət ilk növbədə öz qanunlarına hörmət edər. Hüquq sistemi konstitusiyaya, İnsan Hüquqları Bəyannaməsinə əsaslanmalıdır. Yoxsa bu, dövlət yox, mağaradan çıxmış qəbilə cəmiyyətidir. Qədim qəbilələrin döyüşçüləri və ovçuları olduğu kimi, bu gün də Rusiya polisi özünü mamont ovlayan vəhşi tayfa kimi aparır.

Bütün dünya ölkələrində xarici vətəndaşlara qarşı daha həssas və diqqətli yanaşma var. Ona görə ki, bu münasibətlər dövlətlərarası əlaqələrə də təsir göstərir. Amma Rusiyada azərbaycanlı ailələrə edilən bu rəftar təkcə qanunsuzluq deyil, hücumdur, faşizmdir, sistematik zorakılıqdır.

Mən düşünmürəm ki, bu, sadəcə bir cinayət hadisəsidir. Bu hadisə ilə Azərbaycana siyasi mesaj verilir. Məqsəd aydındır: Azərbaycanın mövqeyini sarsıtmaq, gözünü qorxutmaq, xarici siyasətində geri çəkilməyə məcbur etmək. Amma Azərbaycan artıq Qarabağ işğal altında olan ölkə deyil. Azərbaycan artıq müstəqil siyasət yürüdür. Bu, kimin xoşuna gəlir, kimin gəlmir, artıq fərq etməz. Hər kəs bununla hesablaşmalıdır.

Bu hadisə Azərbaycana qarşı təzyiq vasitəsidir. Bu, özbaşınalıqdır, xaosdur, qətliamdır, cinayətdir, açıq faşizmdir. Təbii ki, Azərbaycan dövləti bu məsələdə Rusiya tərəfdən izahat və hesabat tələb etməlidir. Orada qətlə yetirilmiş soydaşlarımızın hüquqları müdafiə olunmalı, ölümündən sonra belə onların haqları bərpa edilməlidir.

Eyni zamanda, Rusiyada və dünyanın digər ölkələrində yaşayan Azərbaycan vətəndaşları bilməlidirlər ki, Azərbaycan dövləti və milləti daim onların yanındadır, onlar tək deyillər”.

Xalidə Gəray
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

30 Iyun 2025

BÜTÜN XƏBƏRLƏR