İnsanlara hürriyət, millətlərə istiqlal!

DTX-dən gizli rəqəmsal qalaya hücum - Kriptovalyuta əməliyyatı

Dövlət Təhlükəsizliyi Xidmətində başlanmış cinayət işi üzrə mütəşəkkil dəstə tərəfindən törədilmiş cinayətin predmeti olan kriptovalyuta üzərinə həbs qoyulub.

Musavat.com xəbər verir ki, müvafiq qərar Səbail rayon məhkəməsi tərəfindən verilib. İstintaq materiallarında qeyd edilir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1-ci maddəsinə əsasən, xüsusi müsadirə cinayət hüquqi tədbiri cinayət törədilərkən istifadə edilən alət və vasitələrin, cinayət yolu ilə əldə edilən əmlakın məcburi və əvəzsiz olaraq dövlət nəfinə alınmasını nəzərdə tutur. “Cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılması və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında” Azərbaycan Respublikası Qanununun 1.1-ci maddəsinə əsasən, cinayət yolu ilə əldə edilmiş əmlak dedikdə, Cinayət Məcəlləsində təsbit edilmiş cinayətlərin törədilməsi nəticəsində birbaşa və ya dolayı yolla əldə olunmuş hər hansı pul vəsaitləri, daşınar və ya daşınmaz, maddi və ya qeyri-maddi əmlak nemətləri, o cümlədən virtual aktivlər başa düşülür.  Eləcə də həmin maddəyə əsasən, virtual aktiv ödəniş və ya investisiya məqsədilə mübadilə vasitəsi kimi çıxış edən və virtual aktivlər dövriyyəsi sistemində mövcud olan dəyərin rəqəmsal ifadəsidir. Göstərilənlərə uyğun olaraq, DTX tərəfindən həbs olunmuş B.H.R. və digərləri barədə başlanılmış cinayət işi üzrə xüsusi müsadirəni təmin etmək məqsədilə onlara məxsus olan və cinayətin predmeti olaraq aşkar edilmiş kriptovalyuta üzərinə həbs qoyulması qərara alınmış və icra olunması üçün beynəlxalq virtual aktiv xidməti təminatçılarına yönəldilib.

Arzu Nağıyev: Prezidentin apardığı siyasət hər bir Azərbaycan vətəndaşının rifahına hesablanıb

Deputat, Müdafiə, təhlükəsizlik və korrupsiyaya qarşı mübarizə komitəsinin sədri Arzu Nağıyev Musavat.com-a deyib ki, son illərdə dünya maliyyə sistemində yeni reallıqlar formalaşıb: “Əgər dünənədək “kölgə iqtisadiyyatı” dedikdə ofşor adalar, gizli bank hesabları və çamadanlarla daşınan dollarlar təsəvvür edilirdisə, bu gün artıq kriptovalyuta həmin funksiyanı icra edir. İnternetin “qara bazarı”ndan tutmuş, beynəlxalq terror şəbəkələrinin maliyyələşməsinə qədər saysız-hesabsız əməliyyatlar məhz virtual aktivlər üzərindən həyata keçirilir. Azərbaycanın Dövlət Təhlükəsizliyi Xidmətinin apardığı son əməliyyat və məhkəmənin kriptovalyutalara həbs qoyması bu sahədə tamamilə yeni mərhələnin başlanğıcıdır. Burada söhbət təkcə müəyyən şəxslərin məsuliyyətə cəlb olunmasından getmir. Cinayətkarlıq hansı maska altında gizlənirsə-gizlənsin, hansı rəqəmsal pərdəyə bürünürsə-bürünsün, hüququn əlindən yayınmaq mümkün olmayacaq”.

Deputat deyib ki, cinayətkar şəbəkələr üçün kriptovalyuta cəlbedici vasitəyə çevrilib: “Kriptovalyuta bank nəzarətindən kənardadır, milli hüquqi sistemlərə meydan oxuyur. Amma artıq beynəlxalq təcrübə göstərir ki, kriptovalyuta ilə əməliyyatlar da diqqətdən kənar deyil. Azərbaycan da bu qlobal tendensiyaya qoşulmaqla həm iqtisadi təhlükəsizliyini qoruyur, həm də regionda hüquqi nüfuzunu gücləndirir. Məsələni daha geniş müstəvidə dəyərləndirsək, bu addım yalnız bir cinayət işi ilə məhdudlaşmır. O, həm də dövlətin maliyyə-intellektual suverenliyinin elanıdır. Çünki müasir dünyada müharibələr təkcə tank və raketlə aparılmır. Terror təşkilatlarının, separatçı qüvvələrin, cinayətkar mafiyaların nəfəs borusu məhz maliyyə mənbələridir. Onu kəsmək isə təhlükəsizlik siyasətinin əsas prioritetidir”.

Deputat deyib ki, bu gün Azərbaycanın milli qanunvericiliyi beynəlxalq standartlarla tam uzlaşır: “Cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına qarşı mübarizə haqqında” Qanunda “virtual aktivlər” anlayışının yer alması heç də təsadüfi deyil. Bu, qabaqcadan görülmüş strateji tədbirin nəticəsidir. Odur ki, Dövlət Təhlükəsizliyi Xidmətinin atdığı addım bir hüquqi qərar olmaqla yanaşı, həm də siyasi bəyanatdır ki,  Azərbaycan cinayətkar şəbəkələrin rəqəmsal qalalarına sığınmasına imkan verməyəcək. Bizim dövlətin gücü ondadır ki, həm real cəbhədə, həm də virtual məkanda milli maraqları qoruya bilir”.

Elşən MƏMMƏDƏLİYEV,
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

27 Avqust 2025

BÜTÜN XƏBƏRLƏR