Onlayn ictimai-siyasi qəzet
Azərbaycan Ordusunun Təlim və Tədris Mərkəzinin (TTM) sabiq Tibb Xidməti rəisi, mayor Şahin Quliyevin cinayət işi üzrə məhkəmə prosesi başlanıb.
Sabiq zabit Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) apardığı istintaqdan sonra Bakı Hərbi Məhkəməsinin qarşısına çıxarılıb.
Musavat.com-un məlumatına görə, bu gün keçirilən hazırlıq iclasına hakim Bilal Məmmədov rəhbərlik edib.
İclasda təqsirləndirilən Şahin Quliyevin anket məlumatları dəqiqləşdirilib.
Prosesdə prokuror işin məhkəmə baxışına verilməsini təklif edib, Şahin Quliyev və onun vəkili bu təklifə etiraz etməyiblər.
Məhkəmə heyəti qısa müşavirədən sonra qərarını elan edib. Cinayət işi məhkəmə baxışına verilib.
İttihama görə, 1984-cü il təvəllüdlü, Naxçıvan sakini mayor Şahin Quliyev xidməti mövqeyindən sui-istifadə edərək bir qrup şəxslə əlbir olub və külli miqdarda rüşvət almaqda ittiham olunur. Bu ittihamlar Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 311.3.1 (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən rüşvət alma) və 311.3.2-ci (təkrar rüşvət alma) maddələri ilə irəli sürülüb.
Cinayət işi DTX-nin İstintaq Baş İdarəsində araşdırılıb.
Xatırladaq ki, bu, TTM-də qeydə alınan ilk korrupsiya hadisəsi deyil. Bir müddət əvvəl Mərkəzin Maliyyə Xidmətinin sabiq rəisi Rəşad Məlikzadə xüsusilə külli miqdarda mənimsəmədə təqsirli bilinərək Bakı Hərbi Məhkəməsinin hökmü ilə 10 il 6 ay müddətinə azadlıqdan məhrum edilmişdi.
Məhkəmə prosesi iyulun 1-nə təyin olunub.
Elşən MƏMMƏDƏLİYEV,
Musavat.com
20 Iyun 2025
ŞƏRHLƏRŞƏRH YAZ