Onlayn ictimai-siyasi qəzet
Azərbaycan son 10 gündə iştirak etdiyi nüfuzlu beynəlxalq tədbirlərlə bir daha bütün dünyaya qlobal oyunçulardan biri olduğunu təsdiqlədi. Hazırda Prezident İlham Əliyev Şarm əl-Şeyxdə keçirilən Yaxın Şərq Sülh Sammitində ölkəsini ən yüksək səviyyədə təmsil edir.
Azərbaycanın Ali Baş Komandanının dünyanın 25-ə yaxın ölkə rəhbərlərinin yer aldığı məkanda onlarla bir sırada dayanması, həmkarlarının Cənubi Qafqazın qalib ölkəsinin liderinə göstərdikləri münasibət, xüsusilə, Ağ Ev sahibi Donald Tramp və Fransa prezidenti Emmanuel Makronun dövlət başçımızla görüşləri sammitdə diqqətləri cəlb edən məsələlər sırasında ön yerdədir.
Sammitdə Qəzza məsələsinin həlli fonunda bir məsələ də önə çıxıb. Bu da Türkiyə-İsrail münasibətləridir. Belə fikirlər var ki, İsrail-Fələstin arasında uzunmüddətli atəşkəs əldə olunsa belə, Türkiyə ilə İsrailin münasibətlərinin də hökmən düzəlməsi lazımdır. Burada isə vasitəçi qismində nəzərlər dünyanın nüfuzlu liderlərindən biri sayılan Azərbaycan Prezidentinin üzərində cəmləşib. Bu da təsadüfi deyil...
Milli Məclisin deputatı Naqif Həmzəyev Musavat.com-a bildirib ki, Yaxın Şərq Sülh Sammitində Prezident İlham Əliyevin iştirak etməsi və ölkəmizi ən yüksək səviyyədə təmsil etməsi hər birimizi sevindirdi:
“Xüsusilə, son dövrlərdə Azərbaycanın xarici siyasətdə artan nüfuzu onu deməyə imkan verir ki, bizim həyata keçirdiyimiz siyasət öz bəhrəsini verməkdədir. Artıq Cənubi Qafqazda sülh çox yaxındadır.
Eyni zamanda, İsrail-Fələstin münaqişəsinin həlli də sülh yolu ilə mümkün oldu. Artıq ABŞ rəhbəri Donald Trampın birbaşa iştirakı ilə əldə olunan razılıq onu deməyə imkan verir ki, yaxın dövrdə Qəzzada da sülh mümkün olacaq. Sülhün ilk mərhələsinin reallaşdığını demək də olar. Cənab Prezidentin dünya liderləri tərəfindən hörmətlə qarşılanması, dövlət başçımıza olan xüsusi diqqət, xüsusilə, sülhün əldə olunması və s. amillər ölkəmizin artan nüfuzunu bir daha göstərir. Biz əgər həmin zirvə toplantısında ölkə başçısı ilə Donald Trampın ikili foto çəkilən zaman olan təmasına, həmçinin, toplantının getdiyi zaman cənab Prezidentin ən vacib yerlərdən birində oturması, Tramp tərəfindən xüsusi xitab edilməsi, digər ölkələrin liderlərinin də ölkə başçımızla yaxın təmasda maraqlı olması, çox səmimi görüntülərin meydana çıxması bir daha onu deməyə imkan verir ki, Azərbaycan çox doğru yoldadır və hazırda qlobal aktorlardan biridir.
Azərbaycan məhz Qəzza probleminin həllində və sülhün mövcud olduğu dönəmdə də böyük töhfələr verəcək. Çünki bu sənədlərin imzalanması hələ problemin tam həll olunması demək deyil. Hələ Türkiyə-İsrail arasında lazımi yaxınlaşma reallaşmayıb. Məhz bu yaxınlaşmanı da Azərbaycan reallaşdıra bilər. Çünki bunu öncədən edib. Qəzzada humanitar məsələlərdə ölkəmizin çox böyük təcrübəsi var. Eyni zamanda, münaqişə zonasının təkrar bərpası və normal həyatın qayıtması ilə bağlı Azərbaycan böyük təcrübəyə malikdir. Məhz bu məsələdə bütün bunları dövlətimiz göstərə biləcək.
Bir sözlə, artan nüfuzumuz hər birimizi çox sevindirir. İnanırıq ki, bizim regiona da uzunmüddətli və dayanıqlı sülh gələcək”.
Cavanşir ABBASLI
Musavat.com
15 Oktyabr 2025
14 Oktyabr 2025
ŞƏRHLƏRŞƏRH YAZ