İnsanlara hürriyət, millətlərə istiqlal!

Düyünlü kələfə dair blef - Rusiyaya yaxınlaşan submarinlərin “Epşteyn işi”nə dəxli yoxdur

Rusiyalı “biləndar politoloq”lar ABŞ prezidenti Donald Trampın Moskvaya qarşı sərtləşən ritorikasının, RF sərhədlərinin yaxınlığına iki atom submarini göndərməsinin “əsl səbəb”ini tapıblar, deyirlər ki, Tramp bununla ictimaiyyətin diqqətini adının “Epşteyn işi”də hallandırılmasından yayındırmaq istəyir.

Əslində bu, yeni “tapıntı” deyil. 2000-ci ildə ABŞ prezidenti Bill Klinton Serbiyanı, regionda terror rüzgarı əsdirən hərbi cani Slabodan Miloşeviçin iqamətgahı yerləşən Belqradı bombalatdıranda Rusiya və Serbiya mediası ABŞ prezidentinin diqqəti Monika Levinski ilə bağlı qalmaqaldan yayındırmaq istədiyini yazırdı.
Yəni dünyanın harasında nə baş verirsə, versin, bu kimi iddialar səsləndirmək mümkündür. Bunlar əksərən havayı söhbətlərdir. Ortada ciddi bir ittiham varsa, siyasi gündəm bir neçə gün ərzində necə çalxalanır, çalxalansın, dalğa yatan kimi, o ittihamı yenidən ortaya atacaqlar.

Trampın Rusiya sərhədlərinin yaxınlığına atom submarinləri göndərməsinin əsas səbəbi özünü Rusiyaya təzyiq edirmiş kimi göstərməkdir. Bu blefdir, heç də ciddi təzyiq deyil. O sualtı qayıqlar gəldikləri kimi də geri çəkiləcəklər.

ABŞ-nin yeni prezidentinin tez-tez fikir dəyişən biri olması, lovğalığı, həmişə sinəsinə döyməsi, sələflərini pisləməsi o qədər bariz şəkildədir ki, onun ciddi, ardıcıl siyasi xətt tutacağını, sanballı nəticələrə nail olacağını gözləmək absurddur.

7 aydan artıq prezidentliyi dövründə Tramp eyni məsələlərə dair bir-birinə daban-dabana zidd olan fikirlər söyləyib, qərarlar verib.

O, yalnız İsrailə dəstək, İrana təzyiq məsələsində stabildir, bu xüsusda fikirlərini dəyişmir, qalan məsələlərdə öz sözlərinə, kursuna vaxtaşırı düzəlişlər edir. Bu, ən çox Rusiya ilə münasibətlərə aiddir.

Tramp Ukraynanı yavaş-yavaş, tədricən uduzdurmağa çalışır. Onun Rusiyaya qarşı səsləndirdiyi sərt fikirlər əslində göz boyamaq üçündür. O, özünü elə göstərir ki, guya Rusiya ilə barışmaz düşmənə çevriliblər, amma verdiyi qərarlar bunun əksini göstərir.

Hazırda Trampın xüsusi nümayəndəsi Stiv Vitkoff Rusiyada səfərdədir. Bu, Donald Trampın Rusiyaya verdiyi ultimatumun müddətinin bitməsinə bir neçə gün qalmış baş verib. Tramp Kremldən avqustda Ukrayna ilə sülh danışıqlarının aparılmasını tələb edir və eyni vaxtda Rusiyaya həm “sülhpərvər missiya” ilə xüsusi nümayəndəsini, həm də atom submarini göndərir.

Əgər Rusiya ilə dialoq üçün bütün imkanlar tükənmiş hesab olunmursa, submarinlərin Rusiya ətrafında nə işi var? Yox, sualtı qayıq RF-ni təhdid etmək, hətta onu vurmaq üçün bu ölkəyə yaxınlaşıbsa, o zaman Vitkoff nəyə gedib?

Onu da qeyd edək ki, bu, Vitkoffun Rusiyaya ilk səfəri deyil. Onun hər dəfə Vladimir Putinlə danışıqları Qərbdə çoxlu suallara və qəzəbli şərhlərə səbəb olur.

Trampın xüsusi nümayəndəsinin mətbuata verdiyi açıqlamalara görə, Rusiya ilə dialoqda “yaxşı polis” olmasa da, Putinlə məxfi razılaşmalar və sövdələşmələr əldə etməyə hazır olan biri rolunu oynayır. Demək, Vitkoffun Rusiyadakı missiyaları necəsə bir şəkildə Putinlə razılıq əldə etməkdir. Tramp bu düyünlü kələfi başqa cür çözməyin yolunu bilmir.

Bu halda Trampın “bəli, atom sualtı qayıqları Rusiyanın yaxınlığındadır” deməsi beynəlxalq ictimaiəyyətə özünü “qoluzorlu oğlan” kimi göstərmək cəhdidir, əsl Rusiyanın yaxınlığında olan və Rusiya rəhbərliyi ilə tərcüməçisiz danışan Vitkoffdur. Danışıqlar zamanı onun yanında ABŞ hökumətindən də heç kim olmur ki, Vitkoffla Putinin söhbətinin detalları barədə hansısa qeydlər aparsın.

Onun son səfəri məxfilik baxımından bütün əvvəlki səfərlərini üstələyib.

Vitkoffun Rusiyaya səfərindən danışan Metyu Uitaker (ABŞ-ın NATO-dakı daimi nümayəndəsi) deyib ki, prezident Trampın xüsusi nümayəndəsi Stiv Uitkoff Moskvadakı görüşlərdə irəliləyişə nail ola bilər. Onun sözlərinə görə, “hər iki tərəf”, yəni Rusiya və Ukraynanın razılığa gəlməsi mümkündür.

Ancaq Uitakerin və Trampın komandasının digər üzvlərinin bu cür nikbin proqnozlar verməsi əvvəllər də olub. ABŞ prezidentinin özü dəfələrlə hamını əmin edib ki, sövdələşmə üçün hər şey hazırdır və bu, yalnız formallıq məsələsidir. Ortalıqda isə bir şey yoxdur. Hər dəfə bu cür “nikbin proqnoz”lardan sonra Rusiya ordusu Ukraynanın şəhərlərini raket zərbəsinə məruz qoyur və onlarca mülki şəxsin ölümünə səbəb olur.

İndiyədək tərəflər yalnız məhbusların və həlak olan döyüşçülərin cəsədlərinin mübadiləsi məsələsində razılaşıblar, ancaq münaqişənin necə sona çatması barədə sonu görünməyən müzakirələr aparmaqda davam edirlər. Zelenski Rusiyanın təklif etdiyi memorandumun kompromis təkliflərdən yox, təslim olma tələbiindən ibarət olduğunu bildirib və bunu tamamilə qəbuledilməz saydığını deyib.

Beləcə, ötən il bu vaxtlar çox qısa vaxt ərzində (bir sutkaya) Rusiya-Ukrayna müharibəsini bitirəcəyini deyən Tramp isə nə edəcəyini bilmir. Bu günlərdə o Vitkofdu da, submarinlərini də geri çağıracaq, sonra nə edəcəyini isə Allah bilir.

Araz Altaylı, Musavat.com

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

05 Avqust 2025

04 Avqust 2025

BÜTÜN XƏBƏRLƏR