İnsanlara hürriyət, millətlərə istiqlal!

Əbu-Dabi görüşünün davamı... Ağ Evdə olacaq?

ABŞ rəhbəri Donald Trampın bu həftəsonu Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın Baş naziri Nikol Paşinyanı Ağ Evdə qəbul edəcəyi deyilir. Bu məlumatı Amerikada yaşayan jurnalist Aleks Raufoglu yayıb. Onun sözlərinə görə, Vaşinqton görüşündə tərəflərin sülhə nail olmaq niyyətini rəsmi şəkildə bəyan edəcəyi gözlənilir.

Hələ ki, məlumata nə rəsmi Bakıdan, nə də Paşinyan hökumətindən reaksiya var. Ancaq nəticədən asılı olmayaraq, belə bir görüş həqiqətən Azərbaycanla Ermənistan arasında 44 günlük müharibədən sonrakı ən mühüm diplomatik addım, ən unikal olay kimi tarixə düşə bilər...

Məslə həm də ondadır ki, Tramp yaddaşlarda ABŞ-ın ən sülhpərvər, müharibələri və konfliktləri yoluna qoyan lideri kimi qalmaq istəyir. Bakı və İrəvan arasında tam bitməyən münaqişəyə də Ağ Ev rəhbəri hər şeydən əvvəl bu prizmadan yanaşır. Ötən ayın 10-da Əbu-Dabidə ilk dəfə tərəflər arasında ən yüksək səviyyədə reallaşan görüşün pərdəarxası moderatorunun ABŞ olduğu haqda iddialar bu xüsusda yetırincə ciddi görünür.

Bəllidir ki, 5 saat çəkən həmin görüşdə əsas müzakirə mövzusu qarşılıqlı etimad, sülh müqaviləsi və Zəngəzur dəhlizi ilə bağlı olmuşdu. Hər hansı sənəd və ya bəyanat imzalanmasa da, Bakı və İrəvan görüşü pozitiv, sülh sənədinin imzalanması yolunda mühüm irəliləyiş kimi qiymətləndirmişdi. ABŞ Dövlət Departamenti də məmnunluğunu gizlətməmişdi...

Azərbaycanın sülh müqaviləsinin imzalanması ilə bağlı iki şərti məlum. Lakin Əbu-Dabidən sonra rəsmi Bakı bəyan elədi ki, razılaşdırılmış sülh sənədinin mətini ilkin mərhələdə xarici işlər nazirləri səviyyəsində paraflana bilər. Belə görünür, həmin mərhələ yaxınlaşır.

Yazının girişindəki xəbərdən də göründüyü kimi, Vaşinqton görüşündə söhbət tərəflərin sülh müqaviləsini imzalamasından deyil, sülhə nail olmaq niyyətini rəsmi şəkildə bəyan eləməkdən gedir, əgər təbii ki, xəbər rəsmi təsdiqini tapacaqsa. Paraflanma isə ayrı məsələ...

Şübhə yox ki, Azərbaycan Prezidentinə simpatiyası olan, az öncə İlham Əliyevin çıxışını öz platformasında paylaşan Tramp dəvət edərsə, Əliyev və hazırda məzuniyyətdə olan Nikol Paşinyan Vaşinqtona gedəcəklər. Görüş baş tutarsa, şəksiz ki, ən çox Moskvada qıcıq və narahatlıq yaradacaq. Ancaq əbəs yerə.

Birincisi, Bakı və İrəvan ən uğurlu danışıqlar formatı kimi ikitərəfli, yəni vasitəçilərsiz təmaslara üstünlük verməyə davam edir. Artıq mühüm nəticələr də var: sülh müqaviləsinin mətni razılaşdırılıb, sərhədin müəyyən hissəsi delimitasiya və demarkasiya edilib. ABŞ bu formata yalnız kənardan dəstəkçi və ya ev sahibi rolunu oynaya bilər.

İkincisi, Rusiya əlində unikal imkanlar ola-ola, uzun illər münaqişənin dinc və ədalətli həllinə nail olmayıb. Daha dəqiqi, özü istəməyib, çünki konfliktin “memarı” elə özü olub. Hədəf isə bu yolla Azərbaycan və Ermənistanı özünün orbitində saxlamaq olub. Yaxşı ki, gec də olsa, bunu İrəvanda anladılar.

Vaşinqtonun, özəlliklə Trampın isə belə bir bəd niyyəti, yaxud qayğısı yoxdur. Hər halda indiki administrasiya bir neçə dəfə bəyan edib ki, Güney Qafqazda konfliktlərin sonlanmasını, sərhədlərin və kommunikasiyaların açılmasını, qarşılıqlı inteqrasiyanın güclənməsini istəyir.

Bu isə nəticə etibarilə Rusiyanın bölgədə hərbi və digər təsirlərinin zəifləməsinə, qardaş Türkiyənin isə ABŞ tərəfdaşı kimi artmasına gətirəcək. Moskvanın Ağ Evdə baş tutacağı söylənilən görüşdən dolayı əsas təlaşı da əslində bununla bağlıdır...

Analitik xidmət,
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

05 Avqust 2025

BÜTÜN XƏBƏRLƏR