Onlayn ictimai-siyasi qəzet
Ermənistanda küftə festivalı keçirilib. Bu barədə “Bakı-Xəbər” erməni mediasına istinadla xəbər yayıb. Festival 8 oktyabrda Eçmiədzin şəhərində keçirilib və şəhərin guya 2710 illik yubileyinə həsr olunub. Absurdun bu dərəcəsi.
Keçək festivala - ilk dəfə bu festival 2019-cu ildə təşkil olunub. Bundan sonra COVID-19 pandemiyası səbəbilə fasilə yaranıb. 4 illik fasilədən sonra festival 2024-cü ildə yenidən bərpa olunub.
Festival zamanı küftə müxtəlif formalarda təqdim olunub. Məsələn, küftəli pirojki, burgerlər, hot-doqlar və s. Bir iştirakçı- Gevorg Muradyan qeyd edib ki, bu festival küftəni təqdim etmək imkanı verir və o, Eçmiədzinin küftənin mənşəyi olduğu fikrindədir. Yəni ermənilər onlarla bir regionda yaşayan bütün xalqların mədəniyyətini oğurlamaqda və “özəlləşdirməkdə” davam edir. Azərbaycan iddia etmir ki, küftə məhz onun mətbəxinə aid xörəkdir, amma bütün region xalqları ilə bərabər bizim mətbəximizin də məhsulu sayılır. Əslində, küftənin arealı çox genişdir. Ermənilər küftəni Qafqazda ən son illərdə mətbəxinə daxil edən icmadır. Amma bu gün “küftə festifalı” keçirməklə bu yeməyi “özəlləşdirmək” istəyirlər.
Nəzərə çatdıraq ki, Orta Şərq, Cənubi Qafqaz, Orta Asiya və Balkan ölkələrində geniş yayılmış qədim yeməklərdən biridir. Tarix boyu küftə fars, türk, ərəb və Azərbaycan mətbəxində mühüm yer tutub. Ermənilər isə bu yeməyi regionda ən gec mətbəxlərinə daxil edən icmalardan biri olublar. Azərbaycan bu yeməyi heç vaxt yalnız özününkü kimi təqdim etməyib, amma ermənilər onu da öz adına çıxarmağa çalışır və festival keçirməklə bunu rəsmi şəkildə nümayiş etdirir.
Ümumiyyətlə, Ermənistan uzun illərdir Azərbaycan mətbəxinə və folkloruna məxsus olan bir çox elementləri mənimsəməyə cəhd edir. Azərbaycan xalqına məxsus dolma, düşbərə, qutab, plov, paxlava, şəkərbura kimi yeməklər erməni mənbələrində “erməni mətbəxi” adı altında təqdim olunur. Halbuki bu yeməklər ya Azərbaycan mətbəxinə aiddir, ya da ümumilikdə region xalqlarının ortaq irsidir. Məsələn, UNESCO tərəfindən dolma Azərbaycan mədəni irsi kimi tanınsa da, ermənilər bu xörəyi də öz adlarına çıxarmağa cəhd ediblər.
Bənzər şəkildə, musiqi və folklor sahəsində də ermənilər eyni siyasəti yürüdürlər. “Sarı Gəlin”, “Qarabağ şikəstəsi”, “Koroğlu” dastanı kimi xalq musiqiləri və dastanlar ermənilər tərəfindən təhrif edilərək mənimsənməyə çalışılıb. Azərbaycanın milli musiqi aləti olan tar və onun ifaçılıq sənəti belə, ermənilər tərəfindən öz mədəni irsləri kimi təqdim edilməyə çalışılıb. Lakin UNESCO bu sənəti Azərbaycanın qeyri-maddi mədəni irsi kimi tanıyıb. Bütün bunlar göstərir ki, Ermənistanın məqsədi beynəlxalq ictimaiyyətə saxta mədəni miras təqdim etmək və tarixi həqiqətləri təhrif etməkdir. Azərbaycan isə bu cəhdlərə qarşı həm elmi əsaslarla, həm də beynəlxalq təşkilatlar səviyyəsində mübarizəsini davam etdirir. Azərbaycanın zəngin mədəni irsi təkcə ölkə daxilində deyil, beynəlxalq səviyyədə də tanınır və qorunur.
Tahir Əmiraslanov
Əməkdar mədəniyyət işçisi, Milli Kulinariya Mərkəzinin sabiq baş direktoru Tahir Əmiraslanov mövzu ilə bağlı “Yeni Müsavat”a fikrini bölüşüb: “Mən işdən çıxarılana qədər Ermənistanın milli irs portalına bir dənə də olsun Azərbaycan xörəyi yerləşdirilmirdi. Məni mart ayında işdən çıxardılar, artıq 2022-ci ilin dekabr ayından etibarən Ermənistan portalında 250-dən çox xörəyimiz yerləşdirildi. Onların Elm, Təhsil, Mədəniyyət və İdman Nazirliyinin portalı var. 2024-cü il oktyabrın 31-də Ermənistanın baş naziri Nikol Paşinyan çıxış etdi və bildirdi ki, milli mətbəx Ermənistanın təhlükəsizlik strategiyasının əsas hissələrindən biridir. Bundan sonra bu sahəyə böyük vəsaitlər ayrıldı və daha da dəstəklənəcək. O vaxt mən bəzi etirazlar etdim. Ermənilər Dünya Kulinariya Assosiasiyasına üzv oldular. Ondan sonra 2023-cü ildə qızıl medal qazandılar və sair. Küftə haqqında yazdığım dastan da var - orada küftənin hazırlanması, tarixi ilə bağlı bütün məlumatlar yer alıb. Ermənilərin bu xörəklə heç bir əlaqəsi yoxdur. Biz o vaxt sovet dövründə pulumuzu, canımızı, həyatımızı qoyub Milli Kulinariya Mərkəzi yaratdıq ki, bu, bir silah kimi belə hallara qarşı çıxsın. Hazırda orada əvvəlki kimi 17 nəfər çalışır və bu təşkilat Dövlət Turizm Agentliyinə tabedir. Orada da qastronomiya bölməsi var. Orada neçə nəfərin işlədiyini bilmirəm. Cavab versinlər, işlərini görsünlər. Ümumilikdə, bunun elmi əsasları tam şəkildə mövcuddur - küftə Azərbaycanındır. Amma ortaya çıxıb bunun arxasında dayanan lazımdır. Mən ictimai təşkilat kimi səsimi qaldıracağam, bunu qəbul etməyəcəklər. Dövlət adından danışan təşkilat var - onlar səslərini çıxarmalıdırlar”.
Qeyd edək ki, məsələ ilə bağlı Dövlət Turizm Agentliyinə də müraciət etdik, cavablandırıldığı təqdirdə yayımlanacaq.
Afaq MİRAYİQ,
“Yeni Müsavat”
12 Oktyabr 2025
01:50 Taliban ABŞ-dan qalan 7,1 milyard dollarlıq hərbi texnikanı ələ keçirib - ŞOK SİYAHI AÇIQLANDI
11 Oktyabr 2025
ŞƏRHLƏRŞƏRH YAZ