Onlayn ictimai-siyasi qəzet
Ermənistan baş naziri Nikol Paşinyan bir sıra dövlət məmurlarını həbs etdirməyi planlayır. Bununla əlaqədar yaxın günlərdə hökumət aparatında yüksək səviyyəli həbslərin baş verəcəyi gözlənilir.
Axar.az xəbər verir ki, bu barədə “İravunk” qəzeti məlumat yayıb.
Ekspertlər hesab edirlər ki, bütün bunlar sırf gələn ilin yayında keçiriləcək parlament seçkilərinə yönəlib. Erməni baş nazirin “təmizləmə əməliyyatı” aparması təsadüfi hesab olunmur. Xüsusilə, Gümrü merinin həbsi bu istiqamətdə atılan addımlardan biri kimi qələmə verilir.

Siyasi təhlilçi Sona Əliyeva Musavat.com-a bildirib ki, Ermənistanın hökumət rəhbəri rus düyünündən qurtulmaq xəttini sürətləndirir:
“Ermənistanın baş naziri Nikol Paşinyan Rusiyaya yaxınlığı ilə seçilən adamları təmizləmək istəyir. Çünki Kremlin İrəvanda hakimiyyət dəyişikliyi edəcəyi erməni mediasında mütəmadi olaraq işıqlandırılır. Hətta həyəcan siqnalı verilir.
Çox güman ki, Paşinyan hüquq-mühafizə orqanlarına rəhbərlik edən şəxsləri, o cümlədən, hazırkı baş qərargah rəisini işdən çıxara bilər. Bundan başqa, Rusiyada təhsil alan, Kremlə yaxınlığı ilə seçilən şəxslərin də aqibəti yaxşı görünmür.
Fikrimcə, baş nazir Paşinyan maliyyə sistemində də xüsusi kadr islahatları aparacaq. Çünki orada Rusiyanın “adamları” kimi tanınan simalar çoxluq təşkil edir. Prokurorluq orqanlarının yüksək çinli məmurları da həbs oluna bilər. Bu barədə erməni mediasında təhlil yazılarına ara-sıra rast gəlinir. Bir sözlə, Paşinyan öz hökumətini rus düyünlərindən təmizləmək istəyir”.
Cavanşir ABBASLI
Musavat.com
30 Oktyabr 2025
29 Oktyabr 2025
ŞƏRHLƏRŞƏRH YAZ