İnsanlara hürriyət, millətlərə istiqlal!

Ermənistanla bağlı ŞOK: Hər an qarışa bilər

“Dəmir yumruq” üçün darıxıblar...

Ermənistanda fəaliyyət göstərən “Artsaxın hüquqlarını müdafiə şurası” adlanan birlik 12 iyul tarixində İrəvanda mitinq keçirəcək.

Təşkilatın yaydığı bəyanatda deyilir ki, yürüş iyulun 12-də, saat 18:00-da Azadlıq meydanından başlayacaq: “Biz buradan müvafiq dövlət qurumlarına yürüş edib, kütləvi itaətsizlik aksiyaları keçirəcəyik. Vədlərimizdə qətiyik və seçilmiş yoldan dönməyəcəyik. Hərəkətlərimizin təfərrüatını həm müsahibə zamanı, həm də yerində, birbaşa əlaqə formatında açıqlayacağıq. Məqsədimiz ümumi birlik naminə vahid, əlaqələndirilmiş və səmərəli əməkdaşlığı təmin etməkdir”.

Aktivliyi artmaqda olan separatçı tör-töküntüləri fəallaşdıran hansı qüvvələrdir? Rusiyanın burada əli varmı? Qarabağdan getmiş ermənilər vasitəsilə “ikinci miatsum” hərəkatımı körüklənir?

Kamran Bayramov: AŞPA-da şantaj Şvabe kimilərinin danışıq dilidir |  Modern.az

Kamran Bayramov

Milli Məclisin deputatı Kamran Bayramov “Yeni Müsavat”a bildirib ki, özünü “Artsaxın hüquqlarını müdafiə şurası” adlandıran qurumun mitinq keçirməyi planlaşdırması Ermənistanın daxili siyasi böhranının və separatçı qüvvələrin hələ də aktiv olmasının bariz nümunəsidir: “Təşkilatın bəyanatı Ermənistanın suverenliyinə və hüquqi sisteminə qarşı açıq çağırışlardır. Bu cür fəaliyyətlər Ermənistanın beynəlxalq öhdəliklərinə və regionda sülhün bərqərar olunmasına ciddi zərbə vurur”.

O qeyd edib ki, Qarabağdan köç etmiş ermənilər arasında “ikinci miatsum” ideyasının yenidən gündəmə gətirilməsi regionda yeni separatçı hərəkatların yaranması riskini artırır: “Bu cür təşəbbüslər, həm Ermənistanın daxili sabitliyini pozmaq, həm də Azərbaycanın ərazi bütövlüyünə qarşı təhdid yaratmaq potensialına malikdir. Bu qrup daha əvvəl də oxşar aksiyalar təşkil edib. Məsələn, bu ilin martında keçirilən mitinq zamanı Ermənistan hökumətinə qarşı bir sıra tələblər irəli sürülmüş, nəticədə bəzi sosial proqramların müddəti uzadılmışdı. Lakin bu, separatçıların əsas məqsədlərinə çatmalarına səbəb olmayıb. Onların əsas tələbləri sırasında Azərbaycanın ərazi bütövlüyünə qarşı çıxmaq və beynəlxalq hüquqa zidd iddialar yer alır. Ermənistanda separatçı qüvvələrin yenidən fəallaşması sülh gündəliyinə zərbə vurur. Ermənistan hökuməti separatizmin qarşısını almalı, bölgədə sabitlik və əməkdaşlıq mühitini pozacaq addımlardan çəkinməli, beynəlxalq hüquqa uyğun davranmalıdır. Bu cür qrupların fəaliyyətinə göz yumulması və ya dolayısı ilə dəstək verilməsi, regionda sabitliyin pozulmasına və yeni münaqişələrin yaranmasına səbəb ola bilər. Ermənistan qonşu dövlətlərin suverenliyinə hörmət etməli və daxili siyasətində bu prinsipləri rəhbər tutmalıdır”.

Deputat bildirib ki, ləğv olunmuş qondarma “artsax” rejiminin qalıqları, bu gün hüquqi məsuliyyətə cəlb olunsalar da, müəyyən dairələrin dəstəyi ilə özlərini yenidən gündəmə gətirməyə çalışırlar: “Samvel Şahramanyanın dindirilməsi və saxta seçkilərə buraxılmaması bu qrupun legitimlik iddialarının tam çökdüyünü göstərsə də, onların arxasında dayanan qüvvələrin varlığı inkarolunmazdır”.

K.Bayramov vurğulayıb ki, bütün bu proseslər fonunda Azərbaycanın mövqeyi tamamilə aydındır: “Azərbaycan Respublikası öz suverenliyini və ərazi bütövlüyünü tam təmin edib, heç bir separatçı çağırış bu reallığı dəyişə bilməz. Bu baxımdan, ölkəmizin möhkəm hüquqi mövqeyi, güclü ordusu və qəti siyasi iradəsi fonunda bu cəhdlərin nə hüquqi, nə də faktiki əsası mövcuddur. Azərbaycan dövləti sülhə və əməkdaşlığa sadiqdir, lakin suverenliyimizə qarşı yönələn istənilən addıma qətiyyətlə cavab verməyə qadirdir. Regionda sabitliyin yeganə yolu isə beynəlxalq hüququn və dövlət sərhədlərinin toxunulmazlığının tam şəkildə tanınmasından keçir”.

Əhəd Məmmədli: İsrail bütün etdiklərinin bədəlini ödəyəcək - Sahar Azeri

Əhəd Məmmədli

Politoloq Əhəd Məmmədli bu cür çağırışların heç bir perspektivinin olmayacağını düşünür: ""İkinci miatsum hərəkatı"nın başlanılması real deyil. Çünki başı işləyən hər bir erməni bilir ki, bu, Ermənistanın dövlət olaraq məhvinə gətirib çıxara bilər. Amma ermənilər içində sağlam düşünməyənlər hələ də az deyil və onlar revanş haqqında fikirləşirlər. Lakin onların gücü və tərəfdarları əvvəlki kimi çox deyil. Ona görə bu cür çağırışların harasa gətirib çıxaracağını düşünmürəm. Düzdür, “milçək bir şey deyil, amma könül bulandırır”. Qarabağ ermənilərinin vızıltısı davam edir. Bu vızıltının heç şübhəsiz ki, arxasında Rusiya durur. Gülüstan və Türkmənçay razılaşmalarından sonra Qarabağa yerləşdirilməyə başlayan erməni milçəyinin vızıltısının arxasında indiki kimi rus ayısı durub. Bəzən bu milçək arı kimi bizi sancıb da. Yenidən bunun baş verməməsi üçün Bakı İrəvanda baş verənləri diqqətlə izləməli və erməni cəmiyyətinə ciddi şəkildə odla oynamamaq xəbərdarlığını etməlidir. Paşinyan özü də Qarabağ ermənilərindən qurtulmaq istəyir. Paşinyan-katalikos mübarizəsində, Qarabağ erməniləri təbii olaraq ikincinin tərəfindədir. Əlbəttə ki, Paşinyan da bunun fərqindədir. Üstəlik, Rusiya və qərbyönümlü müxalifət qüvvələri də Paşinyana qarşıdır. Onlara erməni diasporunun bir hissəsini də əlavə etsək, Paşinyana qarşı böyük bir koalisiyanın olduğunu görürük. Gələn il Ermənistanda parlament seçkiləri keçiriləcək. Sorğu nəticələrinə görə, Paşinyan iqtidarının nüfuzu azalıb. Bu sorğu nəticələri fakt deyil, lakin cəmiyyətdə müəyyən təsirə də malikdir. Hələ irəlidə bir il var. Seçki öncəsi Ermənistanda bütün siyasi maraqlı tərəflər maksimum fəallıq ortaya qoyacaq. Xarici ölkələrdən də təsirlər artacaq. Bu bir il ərzində Azərbaycan və Türkiyə Ermənistanda baş verənləri nəinki izləməli, həm də təsir etməlidirlər, hər bir gedişata hazır olmalıdırlar".

Cavanşir ABBASLI,
“Yeni Müsavat”

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

01 Iyul 2025

BÜTÜN XƏBƏRLƏR