Onlayn ictimai-siyasi qəzet
Bakıda keçirilən “Dildə, fikirdə, İşdə Birlik: Türk dünyasının gələcəyi” panel iclasında Şimali Kipr Türk Respublikası Prezidentinin xüsusi müşaviri Gökhan Gülər də iştirak edib.
Cənab müşavir Musavat.com-a özəl açıqlamasında Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın ŞKTR-ə səfəri, bir neçə türk dövlətinin Cənubi Kiprdə səfirlik açması, Azərbaycanın dəstəyi və digər mövzularda açıqlamlar verib.
-Cənab Gülər, bu gün Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ŞKTR-ə səfər edib. Bu səfərdən gözləntilər çoxdur. İstərdim ilk növbədə bu gözləntilər barədə danışasınız…
-Bu gün Şimali Kipr Türk Cümhuriyyəti üçün tarixi gündür. Prezidentimiz Ersin Tatar və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan prezident iqamətgahının açılışında iştirak ediblər. Bugünkü açılışlar ŞKTR-nin tarixdə qalması üçün önəmlidir. Türkiyə və ŞKTR arasındakı dostluğun, qardaşlığın möhkəmlənməsi bizim üçün vacibdir. Vurğulamaq yerinə düşər ki, Texnofest bu il ŞKTR-də təşkil olunub. Prezident Ersin Tatar tədbirin açılışında türk dünyası barədə danışarkən Prezident İlham Əliyevin türk dünyası ilə bağlı mövqeyinin önəmli olduğunu bildirib, o cümlədən cənab Əliyevin ŞKTR-ə dəstəyi üçün təşəkkür edib. İnşallah, yeni iqamətgahın açılması ilə yanaşı, Türkiyə ilə təmaslar nəticəsində respublikamızın inamlı addımlarla gözəl gələcəyi olacaq. Bugünkü paneldə vurğuladığım kimi, Türk dünyası Qarabağ mövzusunda yaddaqalan birlik nümayiş etdirdi. Bu birliyin ŞKTR üçün də göstəriləcəyinə ümid edirik. Fürsətdən istifadə edib bütün türk dövlətləri başçılarına xalqımızın məruz qaldığı məhdudiyyətlərin aradan qaldırılması və ölkəmizin tanınmasına dəstək göstərmələri üçün çağırış edirəm.
-Gökhan bəy, bu günlərdə ŞKTR Prezidenti Ersin Tatar müsahibəsində bildirib ki, ŞKTR-nin adı Kipr Türk Cümhuriyyəti ola bilər. Bu məsələ hazırda gündəmdədirmi?
-Əslində, prezidentimiz belə deməyib. Prezidentimiz “kaş, bu mümkün olardı” deyib. Lakin bu dəyişikliyin reallaşması parlamentin yekdil qərarı, uyğun konyuktura, o cümlədən xalqın səsverməsindən asılıdır. Hazırda bu məsələ gündəmdə deyil. Mən də adın dəyişməsinin tərəfdarıyam. Çünki respublika yaradılanda istiqamət bildirmək üçün şimal kəliməsi əlavə olunmuşdu. Respublikamızın qurucusu və ilk prezidenti Rauf Denktaş da bunu belə izah etmişdi. Lakin 2017-ci il müzakirələri nəticəsiz yekunlaşdı. Ersin Tatar namizəd olduğu dövrdən, 2020-ci ildən xalqa iki dövlətli yanaşma olacağını bildirib. Odur ki, artıq ölkənin adında şimal kəlməsinə ehtiyac yoxdur. İki dövlətli model tək seçimdir. Bu, prezidentimiz, baş nazirimiz, parlament sədrimiz, nazirlər, millət vəkilləri, eyni zamanda Türkiyə Prezidenti cənab Ərdoğan, Türkiyə iqtidarı və müxalifətinin aldığı qərarla təsbit olunub. 2022-ci ilin iyul ayının 18-də bu Türkiyə Parlamentinin qərarı ilə rəsmi olaraq təsdiqlənib.
-Cənab Gülər, fürsətdən istifadə edib bir neçə türk dövlətinin Cənubi Kiprdə səfirlik açması ilə bağlı mövqeyinizi də öyrənmək istərdim. Sizcə, bu nə ilə əlaqədardır? Bunun türk dünyası birliyinə hər hansı mənfi təsiri ola bilərmi?
-Prezident İlham Əliyevin ADA Universitetində çıxışı zamanı ŞKTR tanınana qədər yanımızda olacağını bildirməsi bizi çox sevindirdi. Bu baxımdan Azərbaycanın bizim üçün xüsusi yeri var. Bu dəstək üçün yenidən təşəkkür edirik. Hesab edirəm ki, bir neçə türk dövlətinin Cənubi Kiprdə səfirlik açması türk dünyasının birliyinə ciddi təsir göstərməyəcək. Bu ölkələr Çin və Rusiya arasında sıxılıb qalıblar. İqtisadi baxımdan divident əldə etmək üçün, yəni ixrac maraqlarını nəzərə alaraq fərqli bazarlara çıxmaq niyyətini nəzərə alsaq, Avropa sözügedən türk dövlətləri üçün uğurlu alternativdir. Türk dövlətləri qərarı BMT-nin qətnamələri ilə əsaslandırıblar, lakin fikrimcə, bunun əhəmiyyəti yoxdur. Çünki BMT Təhlükəsizlik Şurasının aldığı bütün qərarlar tövsiyə xarakterlidir. Az öncə bəhs etdiyim kimi, iki ayrı dövlətin varlığı gündəmdə ikən türk dövlətlərinin gələcəkdə ŞKTR-də də nümayəndəlik yaxud səfirlik açması məsələsinin gündəmə gələcəyi qənaətindəyəm. Türk dünyası ailəmizdir, ailəmizdən dəstək gözləyəcəyik.
Nigar HƏSƏNLİ,
Musavat.com
04 May 2025
ŞƏRHLƏRŞƏRH YAZ