İnsanlara hürriyət, millətlərə istiqlal!

Estoniya Ukraynaya 150-dən çox döyüş robotu göndərir – ŞOK DETALLAR

Estoniyanın “Milrem Robotics” şirkəti Niderlandın maliyyələşdirməsi və əməkdaşlığı ilə Ukraynaya 150-dən artıq THeMIS tipli pilotsuz quru platforması (UGV) təqdim edəcək. 

Bu xəbərdən öncəliklə 2 şey görünür. Birincisi, Avropa ölkələrinin Ukraynaya texnologiya və avadanlıq yardımı yeni mərhələyə keçir. İkincisi, döyüş meydanında “insan + robot” sinerjisinin tətbiqi intensivləşəcək. THeMIS (Tracked Hybrid Modular Infantry System) Estoniyada hazırlanmış çoxmodullu izlənilən döyüş robotudur. Platforma müxtəlif missiyalara uyğunlaşdırılır. Surat, yanacaq, təchizat daşıma, yaralıların evakuasiyası, kəşfiyyat, partlayıcıların zərərsizləşdirilməsi, döyüş əməliyyatlarının keçirilməsi üçün əvəzolunmazdır. Üzərinə fərqli sensor və silah modulları yerləşdirilə bilir - yüngül pulemyotdan 30 mm-lik avtomata və hətta anti-tank sistemlərinə qədər. Bu robotlar döyüş meydanında insan itkilərinin azaldılması, ön xətdə yüksək riskli işləri yerinə yetirə bilər. Bu avadanlıqlar “süni zireh” deyil. Onlar əsgərlərin həyatını qismən avtomatlaşdırmaq üçün bir vasitədir. Hər bir THeMIS yükün arxasında bir insanın sağ qalma şansı dayana bilər.

150-dən çox THeMIS Ukraynaya döyüş meydanında praktik üstünlük verə bilər: logistika yükünü azaldacaq, kəşfiyyat imkanlarını genişləndirəcək və piyada əməliyyatlarının risklərini aşağı salacaq. Lakin bu üstünlük avtomatik deyil. Onun reallaşması operator təhsili, təmir-logistika, şəbəkə müdafiəsi və rəhbərlik səviyyəsində taktiki inteqrasiya tələb edir. Əks halda, robotlar sadəcə tərəfdaşsız maşınlar kimi sahədə yararsız qala bilər.

 ROVSEN.jpg (15 KB)

Hərbi ekspert Rövşən Məhərrəmov Musavat.com-a deyib ki, Estoniya tərəfindən Ukraynaya veriləcək 150-dən artıq THeMIS sadəcə yeni növ hərbi avadanlıq deyil:

“Bu, ön xəttin məntiqini dəyişə biləcək taktiki vasitədir. Hər bir robot (UGV) logistika, kəşfiyyat, yaralıların çıxarılması və lazım gəldikdə atəş dəstəyi funksiyasını yerinə yetirə bilən modul platformadır. Miqdar baxımından bu, ciddi məntiqdir: kütləvi platformalar taktiki əməliyyatların sürətini və davamlılığını artırır. Təchizat problemi yumşalacaq, yaralıların döyüş əməliyyatları zonasından çıxarılması daha sürətli və təhlükəsiz olacaq, təhlükəli kəşfiyyat missiyaları insansız aparılacaq. Bu, döyüşdə insan resurslarının qorunması və əməliyyat tempinin saxlanılması deməkdir. Amma üstünlüklər dərhal və avtomatik yaranmır, onlar sistematik iş tələb edir”.

Hərbi ekspert bildirib ki, ən böyük təhlükə elektron mübarizə və sahə şəraitidir:

“Bu tip UGV-lər radio, GPS və telemetriyaya bağlıdır. “Jamming”, “spoofing” və ya kiberhücum onları neytrallaşdıra bilər. Düşmənin anti-robot taktikaları, minalar və fokuslanmış atəş də böyük risk mənbəyidir. Ona görə də THeMIS-lərin qorunması, redundant kommunikasiya kanalları və sahə adaptasiyaları vacibdir. İdarəedici operator hazırlığı həlledicidir. Bir platforma nə qədər yaxşı olsa da, onu döyüş şəraitində istifadə edəcək komandirlər və operatorlar lazımdır. Sürətli diaqnostika, sahədə təmir imkanları və ehtiyat hissələri xətlərinin qurulması faydanı təmin edəcək. Əks halda, maşınlar ancaq daş kimi qala bilər”.

Hərbi ekspert deyib ki, taktik inteqrasiya layihənin ikinci mühüm komponentidir:

“UGV-lər dronlarla, zirehli maşınlarla və piyadalarla sinxron çalışarsa, effektiv olar. Komandirlər üçün yeni əməliyyat konseptləri hazırlanmalı, C2 (komanda-idarəetmə) şəbəkələri yenidən düşünülməlidir. Yalnız aparatın özü deyil, onun necə və kimlə işləyəcəyi vacibdir. Strateji baxımdan bu yardım Avropa sənayesinin Ukraynaya uzunmüddətli dəstəyinin göstəricisidir. Lakin hərbi üstünlük saxlamaq üçün siyasi və logistiki dayaqlar da zəruridir. Davamlı maliyyə, texniki servis və beynəlxalq koordinasiya da vacibdir. 150 THeMIS Ukraynaya əhəmiyyətli taktiki üstünlük verə bilər, amma bu üstünlük insan hazırlığı, şəbəkə müdafiəsi və sistemli logistika ilə qorunarsa realizə olacaq. Hər hansı yeni texnologiya kimi, o da düzgün idarə olunarsa effektiv, yoxsa, sadəcə bahalı hədəfə çevrilər”.

E.MƏMMƏDƏLİYEV,
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

09 Oktyabr 2025

08 Oktyabr 2025

BÜTÜN XƏBƏRLƏR