Onlayn ictimai-siyasi qəzet
Ukraynada müharibə səbəbindən uzun müddətdir ki, təxirə salınan prezident seçkiləri son günlərdə yenidən gündəmə gəlib. Hazırkı ölkə rəhbəri Volodimir Zelenskiyə rəqib olacaq isimlər sırasında ən çox adı keçən Ukrayna ordusunun keçmiş baş komandanı, Böyük Britaniyadakı səfir Valeri Zalujnıdır. Artıq onun seçkilərə qatılacağı təqdirdə öz siyasi komandasını formalaşdırmağa başladığı barədə xəbərlər yayılıb. Hətta Ukraynanın bir neçə yüksək rütbəli hərbi məmurunun Valeri Zalujnının Ukrayna prezidenti postuna mümkün namizədliyi ilə bağlı komandasına qoşulmaq təklifi aldığı iddia olunur.
Musavat.com xəbər verir ki, bu barədə “Intelligence Online” saytı məlumat yayıb.
Məlumata əsasən, Zalujnının bir neçə yüksək vəzifəli tərəfdaşına gələcəkdə deputat mandatı təklif olunub. Onların adları açıqlanmır.
Qeyd edək ki, Valeri Zalujnı 2022–2024-cü illərdə Ukrayna Silahlı Qüvvələrinin baş komandanı olub və Rusiya ilə müharibənin ilk mərhələsində ölkənin müdafiəsini təşkil edən əsas fiqurlardan biri kimi tanınıb. O, həm orduda, həm də ictimaiyyətdə yüksək nüfuza malikdir. Qərb analitiklərinin fikrincə, Zalujnının siyasətə girişi Ukraynada güc balansını dəyişdirə və prezident Zelenskiyə real rəqib yarada bilər. Valeri Zalujnı hələlik seçkilərdə iştirak niyyətini açıq şəkildə bəyan etməsə də, onun ətrafında siyasi aktivlik getdikcə artır.
AMİP liderinin köməkçisi, politoloq Əli Orucov hesab edir ki, Zelenskiyə rəqib Zalujnı olarsa, ona qalib gəlmək çox çətin olacaq: “Ukraynada seçkilərin keçirilməsi hələ gündəmdə deyil və çox ehtimal ki, seçkilər müharibədən sonra keçiriləcək. Lakin siyasi kluarlarda bununla bağlı müzakirələr getdikcə artmaqdadır. Hətta Tramp hakimiyyətə təkrar qayıdışından sonra və Ukrayna-Rusiya müharibəsinin nizamlanması ilə bağlı ilkin fəaliyyəti dövründə Zelenskinin prezidentliyindən getməsi məsələsini qaldırmışdı. Hazırkı prezident öz mövqeyini bildirib ki, Ukraynada müharibə bitəndən sonra öz postunu tərk edəcək. Əgər müharə fonunda prezident seçkiləri keçirilərsə, kimin qalib olacağını Ukrayna xalqı müəyyənləşdirəcək. Dövlətin başında Zelenski qalacaq, yoxsa bir başqası, o cümlədən Zalujnımı gətiriləcək, bütün bunlar səsvermənin nəticələrindən asılı olacaq. Ukraynanın Birləşmiş Krallıqdakı səfiri, ordu generalı Valeri Zalujının adı indiki dövlət başçısı Zelenskiyə qarşı real alternativ kimi çəkilməkdədir. O, professional hərbçidir və istər Silahlı Qüvvələrdə, istərsə də cəmiyyətdə böyük nüfuz sahibdir. 3 il Ukrayna Silahlı Qüvvələrinin baş komandani kimi ölkənin Rusiya işğalçılarına qarşı güclü müdafiəsini qura bildi. Zalujnı diplomat kimi də özünü təsdiq etməkdədir. Bir sıra Qərb liderləri Zalujnının perspektivinə inanır. Hesab edirəm ki, sərt nizam-intizam və qayda qanun, postmüharibə dönəmi də vacib şərtlərdən biri olacaq və bir peşəkar hərbçi kimi Zalujniyə ehtiyac yaranacaq. Fikrimcə, Zelenskinin rəqiblərindən biri əgər Zalujnı olacaqsa, qalib gəlmək heç də asan olmayacaq. Onu da qeyd etmək lazımdır ki, Zelenski də Rusiya ilə qeyri-bərabər müharibədə yorulub, xeyli enerji sərf edib və imkanlarından da artıq işlər görüb. Onun Ukrayna xalqı qarşısında əvəzsiz xidmətləri var. O, təkcə Ukrayna xalqı üçün deyil, postsovet ölkələri üçün də, beynəlxalq sülhün, təhlükəsizliyin əldə olunması üçün də mübarizə aparır. Hər kəs yaxşı anlayır ki, Kremlin Ukraynada uğur qazanması digər qonşu dövlətləri risk altına salmış olur. Bununla belə yorğun komanda məncə, yenilənməlidir, cəmiyyət silkələnməlidir. Hər iki şəxsin kifayət qədər üstünlükləri var. Odur ki, bu seçimi Ukrayna xalqından başqa kimsə daha dərindən bilə və edə bilməz”.
Cavanşir ABBASLI
Musavat.com
08 Oktyabr 2025
ŞƏRHLƏRŞƏRH YAZ