İnsanlara hürriyət, millətlərə istiqlal!

Baş örtüyü müzakirələri fonunda İran ictimai-siyasi mənzərəsi – Pezeşkiyan İranı düşdüyü vəziyyətdən çıxara biləcəkmi? 

Son bir neçə gündür İran haqqında xəbərlərin mərkəzində hicab müzakirələri dayanır. Hətta ilk günlərdə İranda hicab qadağasının götürüldüyü xəbərləri yayıldı. Hətta hicab qadağası xəbərləri İranda uzun müddətdir müzakirəsi gedən denominasiya qərarını belə kölgələdi.

Əslində isə İranda hicab qadağasının götürlməsindən deyil, hicabla bağlı qadağanı sərtləşdirən qanunun icrasının dayanmasından gedirdi. Hər şey ondan başladı ki, İran Sisteminin Məsləhətini müəyyən edən Şuranın üzvü Məhəmmədrza Bahunər yerli mediaya verdiyi müsahibədə hicab qanununun ləğv edildiyini bildirib. Onun sözlərinə görə. hicaba riayət etməməyə görə artıq cəzalar təyin olunmayacaq.

 İranda hicab qadağası ləğv edilə bilməz” - Ekspertdən OLAY AÇIQLAMA

Lakin burada söhbət heç də baş örtüyünü məcburi edən qanunların (İslam Respublikasında baş örtüyü ilə bağlı bir neçə qanun və fərman var – K.R.) ləğvindən deyil, 2024-cü ildə parlament tərəfindən qəbul olunmuş “Hicab və İffət” qanunu adlanan və baş örtüyü ilə bağlı cəzaların daha da sərtləşməsini nəzərdə tutan qanunun icrasından gedir. Məsələ ondadır ki, ötən ilin dekabrında qüvvəyə minməli olan qanunun icrası İran Ali Milli Təhlükəsizlik Şurası tərəfindən dayandırıldı.

74 maddədən ibarət bu qanun baş örtüyü ilə bağlı cəzaları daha da sərtləşdirir və “irşad patrulları” adlanan əxlaq polisinin fəaliyyətə başlamasını təklif edir.

Bahunərin açıqlamasında da söhbət məhz ötən il qəbul olunan qanunun icrasından gedir. Hərçənd mühafizəkar media və siyasətçilər onu sərt tənqid etdilər.

 İranda hicabsız qadınlara təhsil QADAĞASI | Modern.az

Məsələ ondadır ki, İranda “islahatçılar” və “mühafizəkarlar” arasında baş örtüyü mövzusuna baxış fərqlənir. Bu səbəbdən də bir qayda olaraq “islahatçı” hökumətlər zamanında baş örtüyü ilə bağlı qadağalar yumşalır. “mühafizəkar” hökumətlər zamanında isə baş örtüyü qanunu daha ciddi şəkildə icra olunur. 2022-ci ilin sentyabrında Məhsa Əmininin ölümü ilə nəticələnən hadisə məhz baş örtüyünə nəzarət edən patrullarla Əmini arasında baş verən gərginlikdən sonra olduğu üçün “irşad patrullarına” etirazlar artdı və prezident İbrahim Rəisi hökuməti patrulların fəaliyyətini dayandırdı. Sözügedən qanunu da mühafizəkar qanad qəbul etmişdi və patrulların yenidən bərpasını nəzərdə tuturdu. Ancaq İ.Rəisinin 2024-cü ildə faciəvi şəkildə həlak olmasından sonra seçilən yeni prezident Məsud Pezeşkiyanın islahatçı hökuməti daxildə və beynəlxalq aləmdə ciddi etirazlara səbəb olan bu qanunun icrasına veto qoymağa nail oldu.

Bu addımda təkcə baş örtüyü məsələsinə “islahat” qanadının baxışı dayanmırdı. Həm də Pezeşkiyan indiki məqamda ciddi daxili və xarici təzyiqlərlə üzləşməmək üçün qalmaqallı qanunu veto etdi.

Təbii ki, həm də bununla müxaliflərinin ciddi hücumuna məruz qaldı. Hazırda İran hökumətinin qarşısında dayanan əsas problem iqtisadi və sosial vəziyyətdir. Dünya Bankı İran iqtisadiyyatının gələn il daha da kiçiləcəyi ilə bağlı proqnoz verib. Təxminən 2,8 faiz və daha aşağı. ABŞ prezidentinin daha sərt sanksiyaları. Ardınca BMT-nin 7 il əvvəl veto edilmiş sanksiyaları yenidən bərpa etməsi İranda onsuz da ağır olan sosial-iqtisadi vəziyyətə mənfi təsir edir. Dollar “qara bazarda” 118 min tümənə qədər düşüb.

G2MD-EraIAEqtIy.jpg (147 KB)

Doğrudur, İran parlamenti denominasiya haqda qanun qəbul olundu və İran pulundan 4 sıfır silinəcək. lakin islahatların çox ciddi təsirinin olacağı ehtimalı azdır. Məsələ ondadır ki, digər “islahatçı” prezidentlər kimi Pezeşkiyan da hakimiyyətə gəldikdən sonra ABŞ-la danışıqları bərpa edib sanksiyaların ləğvinə nail olacağını vəd eləmişdi. Ancaq Trampın prezident seçilməsi bu vədin reallaşması ehtimalını sıfıra endir. Üstəlik İran İsrail və ardınca ABŞ-ın hücumuna məruz qaldı.

Doğrudur, Rusiya, Çin, Hindistan kimi nəhəng iqtisadiyyatı olan ölkələr İranla əməkdaşlığı davam etdirir. Lakin ABŞ-ın geniş miqyaslı sanksiyaları İranın qlobal ticarətdə əl-qolunu bağlayır.

Bu özü də təkcə neft və qaz sektoruna aid deyil. Misal üçün ABŞ sanksiyaları nəticəsində İranın ən böyük qeyri-neft ixrac sektoru olan xalça sənayesi tamamən tənəzzülə uğrayıb. Belə ki, 1990-cı illərdə İrana ildə 2 milyard dollardan çox gəlir gətirən xalça ixracı hazırda sanksiyalar səbəbi ilə 40 milyon dollara düşüb.

Digər tərəfdən, ölkədə artıq 5 ildir davam edən quraqlıq xüsusən də iri şəhərlərin su təchizatında ciddi problemlərə səbəb olur. Hətta bu ilin avqustunda bir çox iri şəhərlərdə ordu əhaliyə su maşınları ilə şirin su paylayırdı. Məsud Pezeşkiyan hökuməti vəziyyətdən çıxma qucun paytaxtı və iri sənaye müəssisələrini cənuba – su mənbələrinə - yaxın, əsasən də Hind okeanı və Fars körfəzi sahillərinə köçürməyi təklif edir. Ancaq köçürülmə özü də çox xərc tələb edən də çətin bir prosesdir.

Daha bir çətinlik isə İsraillə artan gərginlik və yeni müharibə riskidir. Bu risk hökuməti hərbi xərcləri daha da artırmağa sövq edir ki, bu da hazırkı şəraitdə İran hakimiyyəti üçün ağır yükə çevrilib.

 Pezeşkian: Tehran batır

Bu mənada indi “islahatçıların” və prezident Məsud Pezeşkiyanın mövqeləri çox zəifləyib. Çünki İran Qərblə ümid etdiyi razılaşmaya gedə bilmədi, Tehran üçün indi yeganə xilas “Şərq cəbhəsi” ilə tərəfdaşlığı gücləndirmək, Qərbin təzyiqlərindən yayınmaqdır. Pezeşkiyan hökuməti isə buna hazır görünmür. Rusiya ilə sazişin uzanması. Ümumilikdə islahatçıların Rusiyaya şübhəli yanaşması ciddi maneə olaraq qalır.

Çin və İran arasında 9 il əvvəl imzalanmış böyük miqyaslı əməkdaşlıq müqaviləsi isə ləng işləyir. Bu isə daxildə “islahatçı” hökumətin mövqelərini zəiflədir, bunun əvəzində “mühafizəkarların” arqument və mövqelərini gücləndirir. Ancaq məsələ ondadır ki. “mühafizəkar” qanadın da “uğur resepti” və ya güclü lideri yoxdur. Bu mənada daha əvvəl barəsində danışılan Pezeşkiyana qarşı daxili təzyiq yoxdur.

Bunun əvəzində qarşıda ölkəni müharibə riski və sanksiyaların daha da artması təhlükələri gözləyir. Gözlənilən odur ki, İran şərq bloku ilə daha da yaxınlaşacaq və belə görünür ki, islahatçı hökumət üzünü Qərbdən şərqə çevirməli olacaq.

Kənan Rövşənoğlu
Xüsusi olaraq Musavat.com üçün

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

09 Oktyabr 2025

08 Oktyabr 2025

BÜTÜN XƏBƏRLƏR