İnsanlara hürriyət, millətlərə istiqlal!

Ermənistanda ara qarışır: Cənubi Qafqazda yeni geosiyasi mübarizə başlayır

Analitik deyir ki, Köçəryan və rusiyayönümlü qüvvələr önə çıxarsa, Ermənistan yenidən postsovet orbitinə qayıdacaq

Ermənistanın daxili siyasi gündəmi yenidən qızışır. Ölkənin ikinci prezidenti, müxalifət liderlərindən biri olan Robert Köçəryan 2026-cı ildə keçiriləcək parlament seçkilərində iştirak edəcəyini bəyan edib. Onun bu açıqlaması təkcə siyasi ambisiyalarının deyil, həm də mövcud hakimiyyətə – xüsusilə baş nazir Nikol Paşinyana yönəlik ciddi mesaj kimi dəyərləndirilir.

Köçəryan keçirdiyi mətbuat konfransında yalnız öz komandası ilə seçkilərdə iştirak niyyətini bildirməklə kifayətlənməyib, həm də 2021-ci il və 2018-ci il seçkilərinin nəticələrini xatırladaraq Ermənistan parlamentinin vəziyyətini tənqid edib. O, həmçinin, ölkənin gələcəyinə təsir edə biləcək yeni siyasi qüvvələrin meydana çıxmasının vacibliyini vurğulayıb. Ən maraqlısı isə Köçəryanın beynəlxalq nümunələrə istinadla formal və faktiki liderlik arasında fərqi gündəmə gətirməsidir – Gürcüstanda Bidzina İvanişvili və Polşada Yaroslav Kaçinski kimi.

Bütün bu çıxışlar fonunda isə Ermənistanın hazırkı baş naziri Nikol Paşinyan təəccüblü dərəcədə səssiz qalır. Erməni mediasının məlumatına görə, Köçəryanın tənqid və çağırışlarına baxmayaraq, Paşinyan yalnız bir məsələ ilə maraqlanıb – bu da onun siyasi rəqibinin ciddi ritorikasını görməzdən gəlmək niyyətini ortaya qoyur. Bunun fonunda Ermənistan növbəti seçkilərə doğru siyasi qütbləşmə, hakimiyyət-müxalifət qarşıdurması və yeni alyanslar perspektivi ilə irəliləyir.

Köçəryanın bəyanatı siyasi səhnəyə qayıdış siqnalı verməklə yanaşı, qarşıdakı illərdə regionda baş verə biləcək geosiyasi dəyişikliklərə də işarə edir.

azer.jpg (84 KB)

Siyasi şərhçi Azər Hüseynov mövzu ilə bağlı Musavat.com-a deyib ki, Ermənistanda 2026-cı ildə keçiriləcək parlament seçkiləri öncəsi siyasi səhnədə baş verən canlanma diqqətəlayiqdir:

“Xüsusilə keçmiş prezident Robert Kəçəryanın yenidən fəallaşması və ictimaiyyət qarşısında daha görünən fiqura çevrilməsi, Cənubi Qafqazda geosiyasi mübarizənin yeni mərhələyə qədəm qoyduğuna işarə edir. Bu proses göstərir ki, bölgə hələ də böyük güclərin toqquşma nöqtəsi olaraq qalmaqdadır və Ermənistan daxilində baş verən siyasi dəyişikliklər təkcə yerli məsələlər deyil, həm də beynəlxalq güclərin maraqlarının təzahürüdür. Nikol Paşinyanın hakimiyyətə gəlişi ilə Ermənistanın xarici siyasət xəttində köklü dəyişikliklər baş verdi. 2018-ci ildə “məxməri inqilab”ın nəticəsində hakimiyyətə gələn Paşinyan əvvəlcə daxili islahatlara diqqət yetirsə də, zamanla ölkənin xarici istiqamətini Qərbə doğru yönəltdi. 2020-ci il İkinci Qarabağ müharibəsindəki məğlubiyyətdən sonra isə bu proses daha açıq şəkildə görünməyə başladı.

Ermənistanın Rusiya ilə hərbi-siyasi münasibətlərində etimad böhranı yarandı, rus sülhməramlılarının fəaliyyəti və Moskvanın İrəvana münasibəti ictimaiyyətdə ciddi narazılıq doğurdu.

Paşinyan Gürcüstanın sabiq prezidenti Mixeil Saakaşvilidən fərqli olaraq, Rusiyadan kəskin şəkildə ayrılmaq siyasəti yürütmədi. O, daha çox tədrici və balanslaşdırılmış uzaqlaşma siyasəti seçdi — bir tərəfdən Avropa İttifaqı və ABŞ-la münasibətləri inkişaf etdirməyə, digər tərəfdən isə Rusiya ilə tam qarşıdurmadan qaçmağa çalışdı. Bu, Ermənistanın daxili siyasi sabitliyini qorumaq üçün məntiqli bir addım idi. Lakin prosesin uzanması həm Qərbdə, həm də Moskvada narahatlıqla qarşılandı”.

Siyasi şərhçi qeyd edib ki, son aylarda Azərbaycan və Ermənistan arasında sülh müqaviləsinin maddələrinin razılaşdırılması istiqamətində aparılan diplomatik proseslər regionda yeni siyasi reallıqlar yaradıb:

“Xüsusilə bu danışıqlarda ABŞ və Avropa İttifaqının aktiv iştirakı Rusiyanı ciddi şəkildə narahat edir. Moskva hesab edir ki, Qafqazda onun təsir dairəsi daralır və Ermənistan artıq Qərb orbitinə daxil olur. Bu səbəbdən də Rusiya Ermənistan daxilində öz təsir alətlərini yenidən hərəkətə gətirməyə başlayıb. Bu kontekstdə Robert Köçəryanın yenidən fəallaşması təsadüfi deyil.

O, uzun illərdir Moskvanın etimad göstərdiyi və Rusiyaya yaxın siyasi lider kimi tanınır. Köçəryan prezident olduğu dövrdə Ermənistanı tamamilə Rusiyanın hərbi-siyasi orbitində saxlamış, ölkənin təhlükəsizlik sistemini KTMT və Rusiya ilə birləşmiş strukturlara bağlamışdı. Onun bu gün yenidən siyasi səhnəyə qayıtmaq istəyi yalnız şəxsi ambisiya ilə deyil, həm də Rusiya ilə əlaqəli qüvvələrin aktivləşməsi ilə bağlı görünür”.

Azər Hüseynov bildirib ki, Ermənistanda 2026-cı il seçkiləri əslində təkcə daxili siyasi mübarizə deyil, geosiyasi istiqamət seçimi xarakteri daşıyır:

“Bu seçkilərdə Ermənistan cəmiyyəti qərar verməli olacaq - ölkə Qərbə inteqrasiyanı davam etdirəcəkmi, yoxsa yenidən Rusiyanın təsiri altına qayıdacaqmı? Köçəryan və onu dəstəkləyən qüvvələr ikinci istiqaməti təmsil edir. Lakin Ermənistan cəmiyyəti artıq 2020-ci il müharibəsindən sonra militarist və revanşist ritorikaya əvvəlki kimi meylli deyil. İrəvan ictimaiyyəti daha çox iqtisadi sabitlik, sosial rifah və beynəlxalq təcriddən çıxış axtarır. Bu baxımdan Köçəryanın hakimiyyətə qayıtmaq ehtimalı mövcud olsa da, onun uğur qazanması üçün geniş ictimai dəstək yetərli görünmür. Çünki Ermənistanın gənc nəsli və şəhər əhalisi artıq daha çox Avropa dəyərlərinə, azad iqtisadi münasibətlərə və açıq siyasi sistemə üstünlük verir. Onlar Köçəryan kimi keçmiş nəsil siyasətçiləri “köhnə sistemin siması” kimi görürlər.

Digər tərəfdən, Rusiyanın Ermənistan daxilində siyasi proseslərə təsir imkanları azalsa da, tamamilə aradan qalxmayıb. Rusiya hələ də iqtisadi, enerji və təhlükəsizlik sahələrində İrəvan üçün vacib tərəfdaşdır. Buna görə də Moskva gələcək seçkilərdə öz maraqlarını qorumaq üçün həm Köçəryan, həm də ona yaxın siyasi bloklar vasitəsilə proseslərə təsir göstərməyə çalışacaq. Bir sözlə, 2026-cı il seçkiləri Ermənistan üçün tarixi dönüş nöqtəsi ola bilər.

Əgər Paşinyan və Qərbyönlü qüvvələr qalib gələrsə, bu, Ermənistanın tam şəkildə Avroatlantik sistemə yaxınlaşmasının başlanğıcı olacaq. Əgər Köçəryan və rusiyayönümlü qüvvələr önə çıxarsa, Ermənistan yenidən postsovet orbitinə qayıdacaq. Hər iki halda bu seçkilərin nəticələri təkcə Ermənistanın gələcəyini deyil, həm də Cənubi Qafqazdakı güc balansını müəyyən edəcək. Ancaq bir məsələ aydındır:

Ermənistan artıq 1990-cı illərin və ya 2000-ci illərin cəmiyyəti deyil. Müharibə, iqtisadi çətinliklər və geosiyasi təzyiqlər ölkəni dəyişib. Bu gün erməni cəmiyyəti militarist düşüncədən uzaqlaşıb, reallıqla üzləşib və daha çox sülh, sabitlik və inkişaf istəklərinə yönəlib. Belə bir cəmiyyətin Köçəryan kimi fiqurları yenidən hakimiyyətə gətirməsi ehtimalı reallıqdan çox keçmişin xəyalları ilə bağlıdır”.

Afaq Mirayiq,
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

08 Oktyabr 2025

BÜTÜN XƏBƏRLƏR