Onlayn ictimai-siyasi qəzet
Moskva uzunmüddətli qarşıdurmanı davam etdirməyə gücü çatmadığını anlayaraq yaxın gələcəkdə öz strateji kursunu dəyişə bilər.
Musavat.com xəbər verir ki, bu barədə Rusiya siyasi analitiki Abbas Qallyamov yazdığı məqaləsində bildirir.
Onun fikrincə, Kreml Qərbin liberal qüvvələrinə qarşı mübarizə aparan mühafizəkar düşərgənin bir hissəsinə çevrilmək yolunu seçə bilər.
Qallyamov qeyd edir ki, “Rusiya nə qədər uzun müddət Qərbə qarşı müharibə vəziyyətində qalsa, bir o qədər daxili cəhətdən zəifləyəcək”.
İqtisadi göstəricilərin geriləməsi, həyat səviyyəsinin enməsi və cəmiyyətin artan yorğunluğu Kremlin yeni reallığı dərk etməsini labüd edir.
Ekspertin fikrincə, qarşıdurmanın indiki ideoloji forması - “Rusiya Qərbə qarşı” - yerini yeni bir xəttə verə bilər:
“Qlobal mühafizəkar düşərgə liberal hərəkatlara qarşı”.
“Əgər Kreml düşmən kimi bütöv Qərbi deyil, oradakı mənasız həddə çatmış liberal-proqressivizmi hədəf seçsə, Avropa və Amerikanın yarısını potensial müttəfiqə çevirə bilər. ABŞ və Avropadakı sağçıların “solçulara”, tolerantlığa və siyasi korrektliyə qarşı yürüdüyü xaç yürüşünə qoşulmaq Rusiyanın üzərinə olan təzyiqi azalda bilər”, - deyə Qallyamov yazır.
Rusiyalı politoloq hesab edir ki, bu ideoloji “yenidən proqramlaşdırma” yalnız Ukraynada müharibənin dayandırılması ilə mümkündür:
“Kiyevə qarşı hərbi əməliyyatlar dayandırılmalıdır. Ukrayna mövzusu gündəmdən çıxarsa, Tramp və Vens Putini “öz adamı” kimi qəbul edər, o, yenidən Le Pen, Salvini, Faraj və digər Avropa sağçılarının əl sıxacağı fiqura çevrilər”.
Abbas Qallyamovun qənaətinə görə, Kreml üçün yeni ideoloji konsepsiya - “dünyanı yenidən qurmaq istəyən neo-bolşeviklərə qarşı bəşəriyyəti xilas etmək” - artıq postsovet məkanında güc nümayiş etdirməkdən daha “böyük və şərəfli missiya” kimi təqdim edilə bilər.
Beləliklə, Qallyamovun fikrincə, Putin Qərbə qarşı “qalib” deyil, “xilaskar” obrazını formalaşdırmağa cəhd göstərə bilər - bu isə həm ölkə daxilindəki yorğunluğu azaltmaq, həm də beynəlxalq təcriddən çıxmaq üçün Kremlin ən real çıxış yolu kimi görünür.
Musavat.com
08 Oktyabr 2025
ŞƏRHLƏRŞƏRH YAZ