Onlayn ictimai-siyasi qəzet
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın son çıxışı – “Çaldıran döyüşü türk, kürd və ərəblərin ortaq qələbəsidir” fikri – Azərbaycan ictimaiyyətində ciddi müzakirələrə səbəb olub. Bu açıqlamanı bəziləri tarixi faktların təhrif edilməsi kimi qiymətləndirib, bəziləri isə Ərdoğanın məqsədinin xalqlar arasında birlik mesajı olduğunu bildirib.
Musavat.com xəbər verir ki, mövzu ilə bağlı Milli Məclisin deputatı, Elm və təhsil komitəsinin sədri Fazil Mustafa da danışıb. Yerli mediaya açıqlama verən deputat deyib ki, Prezident Ərdoğanın fikirlərində heç bir qüsur görmür. O hesab edir ki, Türkiyə liderinin fikirləri tarixi analiz yox, siyasi çıxış xarakteri daşıyır və bu prizmadan yanaşılmalıdır.
“Bu, tarixi və ya elmi mövzuda çıxış deyil. Bu, siyasi çıxışdır və siyasi çıxışda da toplumda mövcud olan xalqların birlikdəliyinin tarixi dövrlərinə müəyyən dərəcədə ekskursiya edilir. Sağlam düşüncəli Azərbaycan vətəndaşının bu sözlərə etiraz etməsinin izahı yoxdur,” – deyə Fazil Mustafa bildirib.
Deputat həmçinin qeyd edir ki, bu cür məsələlərə etiraz edənlər arasında tarixdən bixəbər olan savadsız kütlə də var, müəyyən akademik titullu şəxslər də. Lakin onların hamısının ortaq cəhəti budur ki, tarixdə hansı hadisənin faydalı, hansının zərərli olduğunu ayırd etməyi bacarmırlar. Fazil Mustafa bu məsələ ilə bağlı tezliklə çap olunacaq “Azərbaycan: qaranlıq keçmişdən mədəni tarixə” adlı kitabında geniş izahların yer aldığını bildirib.
Millət vəkili çıxışında Səfəvi irsinə yanaşmaya da toxunaraq qeyd edib ki, Azərbaycan tarixində dini-məzhəbçi dövlətlərə deyil, dünyəvi, milli dövlət modelinə önəm verilməlidir. Onun fikrincə, Səfəvilər İrançılığın və teokratik rejimlərin təməlini qoyub və bugünkü İran İslam Respublikası həmin xəttin davamıdır:
“Xiyabani başda olmaqla İrançı-Səfəvi zehniyyətin sahibi azərbaycanlılar türk ordusuna qarşı çıxmışdı. Nəticədə Azərbaycanın Güney hissəsinin azad edilməsi baş tutmadı. Quzeydəki sağlam düşüncəli liderlər isə bu missiyaya dəstək verdilər və müstəqil dövlət quruldu.”
Fazil Mustafa, Məmməd Əmin Rəsulzadənin çıxışlarına istinad edərək vurğulayıb ki, Azərbaycan tarixində Səfəvilərdən çox, Osmanlı və Nuru Paşanın azadlıq yürüşü müsbət irs kimi qiymətləndirilməlidir. Rəsulzadənin Nuru Paşanı “ikinci xilaskar” adlandırdığını xatırladan deputat, bu məsələyə ideoloji yox, milli baxış bucağından yanaşmağı tövsiyə edir.
Ən diqqətçəkən hissə isə Fazil Mustafanın səsləndirdiyi bu fikir oldu:
“Təsəvvür edin ki, bu gün İrana çalışan casus şəbəkələri ilə bağlı istintaq materiallarına baxsanız, İran xüsusi xidmət orqanlarının Azərbaycanda yaratdığı qurumlarda niyə səfəviçiliyin təbliğinin əsas vasitəyə çevrildiyini daha yaxşı anlayarsınız.”
Deputat iddia edir ki, məzhəbçilik və keçmiş dini dövlətlərin idealizə edilməsi müasir Azərbaycan vətəndaşının düşüncəsinə zərər verir və bu, irançı təbliğatın nəticəsidir. O, bu prosesə qarşı təkcə milli düşüncəli siyasətçilərin deyil, ziyalıların da ciddi müqavimət göstərməsinin vacibliyini vurğulayır.
Fazil Mustafa çıxışının sonunda Azərbaycan xalqının müasir dövlətçiliyinin başlanğıcını Azərbaycan Xalq Cümhuriyyəti və onu hazırlayan maarifçilik hərəkatı ilə bağlayır. O, Axundov, Zərdabi, Sabir, Mirzə Cəlil kimi aydınların ideyalarının bu gün üçün aktual olduğunu bildirir:
“Azərbaycanın mədəni dirilişi Axundovdan, Zərdabidən başlayır. Əgər biz bu aydınların irsinə qarşı çıxırıqsa və bunun əvəzində qaranlıq keçmişin təəssübünü çəkiriksə, onda düşüncə etibarilə biz artıq irançılaşmışıq. Milliyyətçi də ola bilərsən, islamçı da, amma düşüncə olaraq İranın təbliğ etdiyi arxaik dünyagörüşünü daşıyırsansa, bu, bizim faciəmizdir.”
Millət vəkili Azərbaycan cəmiyyətini tarixə yalnız idealizasiya prizmasından baxmamağa, tarixi hadisələri müasir şüur və milli ideallar kontekstində analiz etməyə çağırır.
Musavat.com
21 May 2025
20 May 2025
ŞƏRHLƏRŞƏRH YAZ