Onlayn ictimai-siyasi qəzet
Məlum olduğu kimi, Ermənistanın Sünik vilayətinin Gorus bölgəsində bələdiyyəyə bitişik binada Fransa konsulluğu açılıb.
Erməni mediasının yaydığı məlumata görə, fəxri konsul milliyyətcə erməni olan və Gorus Frankofoniya Mərkəzinin direktoru vəzifəsini icra edən Karmen Apunts təyin olunub.
Açılış mərasimində Fransanın Ermənistandakı səfiri, Ermənistan xarici işlər nazirinin müavini, Gorus meri, Sünik qubernatoru, Vyana meri, fransalı bir neçə senator və digərləri iştirak ediblər.
“Fransanın məhz həmin ərazidə konsulluq açması əsasən 3 səbəbə görədir. İlk növbədə bu, rəsmi Parisin reallaşmasını istəmədiyi Zəngəzur dəhlizi prosesinə mane olmaq üçün atılmış addımdır”.
Musavat.com bildirir ki, bu barədə politoloq Zeynal Əmrəliyev deyib.
Politoloq xatırladıb ki, Sünik vilayəti Azərbaycanın qərb rayonları ilə Naxçıvan Muxtar Respublikasının ortasında yerləşir və Zəngəzur dəhlizi layihəsinin əsas mərkəzi məhz buradır:
“Bu baxımdan Sünik vilayəti təkcə Ermənistan üçün yox, həm də Azərbaycan və Türkiyə üçün strateji əhəmiyyət daşıyır. Ancaq məsələ Zəngəzur dəhlizinin açılmasına mane ola bilməz. Həmin ərazidə hansı ölkənin diplomatik nümayəndəliyinin yerləşməsindən asılı olmayaraq Ermənistan üzərinə götürdüyü öhdəliyə riayət etməlidir. Rəsmi Parisin bu yolla prosesə mane olmaq gücü yoxdur.
İkinci önəmli məsələ isə Fransanın bununla Rusiyaya qarşı əzələ nümayişidir. Rəsmi Moskva 2023-cü ildə Sünik vilayətində konsulluq açmaq istəsə də, Ermənistan rəhbərliyi buna icazə verməmişdi. Ancaq Fransaya dərhal yaşıl işıq yandırdı.
Açılan Fransa konsulluğu həmçinin Rusiyanın planının pozulması deməkdir. Artıq Moskvadan məsələ ilə bağlı mövqe gəlib. Rusiya müdafiə naziri Andrey Belousov bildirib ki, Ermənistanın Sünik vilayəti ətrafında gərginlik artıb və buna səbəb xarici ölkələrin Cənubi Qafqazda fəallığını gücləndirməsidir.
Rusiya müdafiə nazirinin vasitəsi ilə prosesə münasibət bildirməklə Ermənistanı xəbərdar edir ki, bu hadisənin nəticəsi sizin üçün yaxşı olmayacaq. Xüsusilə 2026-cı ildə keçiriləcək parlament seçkilərinə az qalmış və rusmeyilli müxalifətin güclənməsi fonunda baş verən hadisələr Ermənistanın Rusiyaya “strateji xəyanəti” kimi də başa düşülə bilər.
Məsələnin üçüncü tərəfi isə İranla bağlıdır. Rəsmi Tehran dəfələrlə Ermənistanın kənar dövlətləri regiona gətirməsindən narahat olduğu üstüörtülü şəkildə bəyan edib.
İran-Ermənistan sərhədində Fransa konsulluğunun açılması ikitərəfli əlaqələrin bir qədər gərginləşməsinə səbəb ola bilər. Nikol Paşinyanın rəhbərlik etdiyi hökumət kənar qüvvələri Cənubi Qafqaza gətirməklə bölgədə vəziyyəti gərginləşdirir. İrəvanın bu addımı bölgədə sülh və sabitliyin qorunub saxlanması yolunda əsas maneələrdən biridir”.
Xalidə Gəray
Musavat.com
04 Iyun 2025
ŞƏRHLƏRŞƏRH YAZ