İnsanlara hürriyət, millətlərə istiqlal!

“Gəncləri yoldan çıxarmaq istəyən xarici qüvvələr var”

Azər Badamov: “Gənclər heç zaman özünü tənha və diqqətdən kənar hiss etməməlidir”

“Gənc nəslin milli mənlik şüurunun inkişaf etdirilməsi və vətənpərvərlik hisslərinin tərbiyə olunması dövlət siyasətinin əsas prioritetlərindən biri olaraq qalır. Belə ki, 90-cı illərin əvvəlində ölkədə yaranmış xaoslu vəziyyətin kökündə dayanan əsas məsələlərdən biri də gənclərlə işin unudulması idi”.

Bu fikirləri “Yeni Müsavat”a açıqlamasında Milli Məclisin deputatı Azər Badamov bildirib.

Onun sözlərinə görə, həmin dönəmdə gənclər hara getdiklərini və məqsədlərinin nədən ibarət olduğunu bilmirdilər: “Amma Ümummilli lider Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra gənclərlə fəal işin aparılmasına, koordinasiya olunmuş şəkildə istiqamətləndirilməsinə başlanıldı. Belə ki, 1994-cü ildə Gənclər və İdman Nazirliyinin yaradılması, 1996-cı ildən başlayaraq gənclər forumlarının keçirilməsinə başlanması gənclərimizin qarşısında müəyyən vəzifələrin qoyulması üçün şərait yaratdı”. 

Deputat vurğulayıb ki, Azərbaycan gəncləri vətənpərvərdir, sadəcə, onların vətənpərvərlik ruhunda tərbiyə olunmasında boşluq yaranmamalıdır: “Bu baxımdan, ölkəmizin hər bir guşəsində yaradılmış gənclər evləri gənclərlə iş aparılmasında xüsusi rol oynamağa başladı. Belə ki, gənclərimiz özünü tək hiss etməyərək Vətənə sevgi ilə böyüdü. Azərbaycanda idmana ayrılan diqqət də gənclərin vətənpərvərlik ruhunda inkişafına xidmət edən amillərdəndir. Belə ki, dövlətin hesabına idman kompleksləri tikilərək gənclərimizin istifadəsinə verildi. Gənclərimizin sağlam və kamil böyüməsi üçün imkanlar formalaşdırıldı. Bu gün Azərbaycan gənclərinin dünyanın idman və mədəni arenalarında himnimizi səsləndirməsi və üçrəngli dövlət bayrağımızı dalğalandırması hər birimizə qürur verir”.

A.Badamov xatırladıb ki, Azərbaycan gəncliyinin qarşısında torpaqların işğaldan azad edilməsi kimi böyük bir vəzifə dayanırdı: “Torpaqlarımız işğal altında olduğu dövrdə hər bir uşaq Şuşada üçrəngli dövlət bayrağımızın dalğalandırılması ruhunda böyüyüb. Məhz Prezident İlham Əliyevin rəhbərliyi altında böyüyən gəncliyimiz qəhrəmanlıq göstərərək Azərbaycanı qalib ölkəyə çevirdi. Onu da qeyd etməliyəm ki, sinəsini düşmən gülləsinə sipər edərək torpaqlarımızı işğaldan azad edən gənclərimizin əksəriyyəti torpalarımızın işğal altında olduğu dövrü görməyib. Amma onlara aşılanan vətənpərvərlik ruhu və milli mənlik şüuru gənclərimizi Vətən fədailərinə çevirdi.

Bu gün torpaqlarımız azad olunub, ərazilərimizdə suverenliyin bərpa olunmasına baxmayaraq gənc nəslin tərbiyəsində boşluq yaranmamalıdır. Milli mənlik şüurunun və vətənpərvərlik ruhunun tərbiyəsi istiqamətində işlər davamlı şəkildə aparılmalıdır. Məhz Vətəni sevən və gələcəyimizi etibar edə biləcəyimiz gəncliyimiz sayəsində müstəqilliyimiz əbədi olacaq".

Deputat diqqətə çatdırıb ki, xaricdən gəncləri yoldan çıxartmağa və onların şüurunu zəhərlənməyə çalışan çirkin qüvvələrin fəaliyyəti həmişə olub və olacaq: “Həmin qüvvələr gənclərin milli mənəvi şüurunun inkişaf etdirilməsində boşluğun yaranmasını gözləyirlər. Amma dövlət olaraq hər birimiz buna imkan verməməli və doğma Azərbaycanımızın güclənməsi və inkişafı naminə gənclərimizin yanında olmalıyıq. Yəni bu istiqamətdə aparılan siyasətin konkret sərhədi və ya yetərliliyi olmamalıdır. Hər zaman gənclərin yanında olmalı, onlara dəstək göstərərək təcrübəmizi bölüşməli, keçdiyimiz çətin günlər və bu günün qazandırdığı nailiyyətlərimiz haqqında məlumatlandırılmalıyıq”.

Deputatln qənaətincə, gənclərimizin milli-mənəvi şüurunun inkişafında təhsil müəssisələri xüsusi rol oynamalıdır: “Çünki hər bir şagird məktəb skamyasında oturduğu andan Vətəni və milli kimliyimizi  hiss etməli və özündə yaşatmalıdır. Bu baxımdan orta və ali məktəblərdə gənclərin milli mənəvi şüurunun inkişafı istiqamətində xüsusi proqramlar hazırlanmalı, tədbirlər təşkil olunmalıdır. Gənclər heç zaman özünü tək və diqqətdən kənar hiss etməməlidir. Gənclərin asudə vaxtının təşkili istiqamətində tədbirlər və xüsusi proqramların keçirilməsi intensivləşdirilməlidir. Qısa olaraq demək olar ki, gənclərimizin vaxtı dəyərli olmalı, daima onların məşğuliyyəti ilə bağlı məsələlərin həll olunmasna dəstək göstərilməlidir. Məhz belə olan halda gənclərimizin inkişafı düzgün istiqamətlənər və ölkəmiz daha da güclənər”.

Hazırladı: Nigar Həsənli

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

19 Iyun 2025

BÜTÜN XƏBƏRLƏR