Onlayn ictimai-siyasi qəzet
Artıq narkotacirlər təkcə qaranlıq küçələrdə, gizli saxlanc yerlərində fəaliyyətlərini gerçəkləşdirmirlər. Onlar müasir aqrotexniki üsulları tətbiq edir, günəş panelli videokameralara qədər hər vasitədən yararlanaraq hüquq-mühafizə orqanlarından 1 addım öndə olmağa çalışırlar.
Göyçayda baş verən son hadisə isə narkomafiyaların artıq texnoloji imkanları nə qədər ustalıqla işlərinə alət etdiklərini bir daha sübut etdi. Göyçay Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdiyi əməliyyat nəticəsində əvvəllər məhkum olunmuş 34 yaşlı Vaqif Məmmədov saxlanılıb. O, özünə məxsus bağ sahəsini klassik kənd təsərrüfatı üçün deyil, narkotik becərmək üçün istifadə edibb. Polis ərazidə 30 kiloqram çəkidə olan 182 ədəd çətənə kolu aşkarlayıb.
Ən diqqətçəkən məqamlardan biri isə həmin sahənin sıradan bir bağ olmayıb, texnoloji nəzarət altına alınmış narkotik plantasiyası kimi təşkili olunub. Vaqif Məmmədov narkobağını tam müşahidə altında saxlamaq üçün dörd bir tərəfə günəş panelli videokameralar quraşdırıb. Yəni, artıq gözətçi rolunu texnologiya oynayır, cinayətkar isə ekrana baxmaqla polis basqınını öncədən sezməyə çalışır. Bu isə hüquq-mühafizə orqanlarının mübarizə metodlarını da təkmilləşdirməyə vadar edir.
Daxili İşlər Nazirliyinin Şəki regional qrupunun yaydığı məlumata görə, saxlanılan şəxs narkotik tərkibli bitkiləri qazanc məqsədi ilə əkdiyini, onlara aqrotexniki qaydada qulluq göstərdiyini etiraf edib. Artıq fakta görə cinayət işi başlanıb və məhkəmə onun barəsində həbs qətimkan tədbiri seçib.
Bu hadisə bir daha göstərir ki, narkotiklərlə mübarizə təkcə fiziki izolyasiya ilə yox, həm də texnologiyaya nəzarətlə aparılmalıdır. Əks halda, videokameralar yalnız dövlət qurumlarının deyil, cinayətkarların da "göz"lərinə çevrilə bilər. Əgər texnologiya hüquq üçün xidmət etməzsə, cinayət üçün vasitəyə çevriləcək.
Deputat, narkotiklərlə mübarizəyə “Qara kabus” adlı kitab həsr edən Arzu Nağıyev Musavat.com-a deyib ki, narkotacirlərin “iş metodları” təkcə gizli yollarla deyil, açıq texnoloji strategiyalarla inkişaf edir: "Bu isə cəmiyyət üçün daha təhlükəli və daha mürəkkəb bir mərhələnin başlandığını göstərir. Bu gün bütün dünyada texnoloji inkişafdadır. Narkomafayalar da, kriminal da texnoloji inkişafdan yarararlanır. Kriminal da texnoloji dövrlə ayaqlaşır. Bu gün narkomafiyalar texnologiyanı silaha çevirib, müvafiq olaraq qarşısını almaq üçün hüquqi və operativ mübarizə də gücləndirilir. Son illər Azərbaycanda narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı aparılan mübarizə intensivləşsə də, narkotacirlər də öz fəaliyyətlərini təkmilləşdirməkdə davam edirlər. Artıq bu qaranlıq şəbəkələrin əllərində təkcə zəhər yox, texnologiya da var".
Arzu Nağıyev bildirib ki, narkotiklərlə məşğul olan kriminal qruplar dronlardan, sosial şəbəkələrdən, GPS sistemlərindən və hətta günəş panelli kameralar kimi alternativ enerji ilə çalışan izləmə sistemlərindən istifadə edirlər: "Onların bu cür “ağıllı cinayətkarlıq” modeli artıq sadəcə hüquqi yox, texniki və operativ təhlükəsizlik problemi kimi də qiymətləndirilməlidir".
Arzu Nağıyev Göyçayda bağ sahəsini narkotik plantasiyasına çevirən və ərazini videomüşahidə ilə qoruyan Vaqif Məmmədovun tutulması faktına diqqət çəkərək bildirib:
“Bu artıq təkcə narkotik hadisəsi deyil. Bu, texnologiyanın cinayətə alət edildiyi ciddi bir təhlükəsizlik məsələsidir. Günəş panelli müşahidə sistemlərini sahəyə quraşdırmaq, sosial şəbəkə üzərindən ticarət və əlaqə qurmaq, bunlar təsadüfi deyil, planlı və peşəkar yanaşmadır. Bu o deməkdir ki, narkomafiyalar fəaliyyətlərini təşkil etmək üçün müasir texnologiyaları tam şəkildə mənimsəyiblər”.
Deputat qeyd edir ki, bu cür halların qarşısını almaq üçün təkcə hüquqi cəza tədbirləri yetərli deyil. Paralel olaraq, kəşfiyyat və əks-kəşfiyyat metodları da texnoloji yeniliklərə uyğunlaşdırılmalı, rabitə və müşahidə sistemlərinə dair ekspertiza imkanları genişləndirilməlidir.
Arzu Nağıyev vurğulayıb ki, sosial şəbəkələrdə gizli kodlarla, hətta “çətənə toxumu” adı ilə qapalı qruplarda məhsul satışı və sifarişləri həyata keçirilir: “Bu qrupların izlənməsi, onların texnoloji davranışlarının analiz edilməsi və süni intellektin imkanları ilə öncədən müəyyənləşdirilməsi mütləqdir".
Arzu Nağıyev əlavə edib ki, narkomafiyaların texnoloji üsullarla fəaliyyət göstərməsi onları daha təhlükəli edir: “Əgər əvvəllər bu şəxslər torpağın altına gizlənirdisə, indi peykə çıxırlar. Bu isə mübarizənin səviyyəsinin qalxmasını zəruri edir”.
Elşən MƏMMƏDƏLİYEV,
Musavat.com
27 Iyun 2025
ŞƏRHLƏRŞƏRH YAZ