İnsanlara hürriyət, millətlərə istiqlal!

Ukraynalılar Qarabağda təlim keçəcək - Bakıdan daha bir strateji dəstək

Azərbaycan Ərazilərinin Minalardan Təmizlənməsi Agentliyi (ANAMA) və Ukraynanın Fövqəladə Hallar üzrə Dövlət Xidməti arasında yeni əməkdaşlıq memorandumu imzalanıb. Bu sənəd “Azərbaycan Respublikasında minalardan təmizləmə humanitar təliminin keçirilməsi haqqında” anlaşmanı təsbit edir.

ANAMA-nın məlumatına görə, imzalanma mərasimi Yaponiyanın paytaxtı Tokioda keçirilən Ukrayna Minalardan Təmizləmə Konfransı - UMAC 2025 çərçivəsində baş tutub. Sənədə ANAMA İdarə Heyətinin sədri Vüqar Süleymanov və Ukrayna Fövqəladə Hallar üzrə Dövlət Xidmətinin rəis müavini Roman Primuş imza atıblar.

Memorandumun mahiyyətinə görə, Azərbaycan tərəfi Ukraynadan gələn humanitar minatəmizləmə mütəxəssisləri üçün Qarabağda və azad edilmiş digər bölgələrdə praktiki təlimlər təşkil edəcək. Bu, həm texnoloji, həm də humanitar baxımdan iki ölkə arasında yeni əməkdaşlıq səhifəsi açır.

Qarabağ təcrübəsi - Ukrayna üçün nümunə

Azərbaycan son illərdə mina təmizlənməsi sahəsində dünyanın ən dinamik irəliləyən ölkələrindən biri kimi tanınır. 2020-ci ilin noyabrından bəri azad edilmiş ərazilərdə minlərlə hektar torpaq mərmilərdən, partlamamış sursatlardan və mina təhlükəsindən təmizlənib. ANAMA və Müdafiə Nazirliyinin mühəndis bölmələri, eləcə də Türkiyə, Böyük Britaniya və İsraildən olan tərəfdaş qurumlar bu prosesi sürətləndirən əsas qüvvələrdəndir.

Hazırda Qarabağda mina xəritələrinin təqdim edilməməsi və ərazilərin sıx şəkildə minalanması səbəbindən işlər çox vaxt aparır. Ekspertlərin hesablamalarına görə, ərazilərin tam təmizlənməsi 25-30 ilədək uzana bilər.

Dünyada ən qabaqcıl təcrübə kimdədir?

Medianın üz qaraldan “sarı”lığı | Polkovnik Rövşən Məhərrəmovun yazısı

Rövşən Məhərrəmov 

Hərbi ekspert Rövşən Məhərrəmov “Yeni Müsavat”a deyib ki, bu sahədə lider ölkələr sırasında Kamboca, Xorvatiya, Bosniya və Herseqovina kimi dövlətlər önə çıxır. Onlar uzunmüddətli müharibələrdən sonra mina təhlükəsini aradan qaldırmaq üçün effektiv milli proqramlar qurublar.

Azərbaycan isə bu təcrübəni öyrənməklə kifayətlənməyib - öz modelini formalaşdırıb. Bu model həm dövlət, həm beynəlxalq tərəfdaşlar, həm də yerli icmaların koordinasiyalı fəaliyyətinə əsaslanır.

Humanitar diplomatiyanın yeni xətti

Ukraynalı mütəxəssislərin Azərbaycanda təlim alması təkcə texniki əməkdaşlıq deyil, həm də humanitar diplomatiya addımıdır. Bakı bu jestlə göstərir ki, o, müharibədən zərər çəkmiş xalqların yanında dayanır və öz təcrübəsini bölüşməyə hazırdır.

Qarabağda əldə olunan minatəmizləmə təcrübəsi bu gün Ukrayna kimi döyüş zonalarında həyata keçirilən əməliyyatlar üçün real nümunə təşkil edir".

E.MƏMMƏDƏLİYEV,
“Yeni Müsavat” 

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

26 Oktyabr 2025

25 Oktyabr 2025

BÜTÜN XƏBƏRLƏR